Ordu.az xəbər verir ki, bu barədə “Index” nəşri məlumat yayıb.
Məlumata görə, bu qərar bazar günü ölkənin Müdafiə Şurasının növbədənkənar iclasından sonra, Serbiya ilə Macarıstanı birləşdirən mühüm qaz infrastrukturunda partlayıcı qurğu aşkar edildiyi üçün qəbul olunub.
Müdafiə Şurasının iclasından sonra Macarıstanın xarici işlər naziri Peter Siyarto “Facebook” sosial şəbəkəsindəki səhifəsində video yayımlayıb və orada şura üzvlərinin nəyi müzakirə etdiklərini izah edib.
Macarıstanın xarici işlər naziri vurğulayıb ki, Avropa genişmiqyaslı enerji böhranına yaxınlaşır və bunun əsas səbəbi İranda və Ukraynada davam edən müharibələrdir.
Nazirin sözlərinə görə, bu vəziyyətdə daha çox xammal tələb olunacaq, halbuki Ukrayna neft və təbii qazın Avropaya tədarükünü dayandırmağa çalışır.
“Əvvəllər ukraynalılar “Şimal axını” qaz kəmərini partladıblar. Partlayışdan sonra uzun müddət bunu rusiyalıların etdiyini deyirdilər ki, bu da müəyyən dərəcədə məntiqsiz olardı, əslində isə tamamilə məntiqsizdir, çünki rusiyalılar niyə öz qaz kəmərlərini partlatsınlar?”, - deyə Peter Siyarto bildirib.
Nazir “Drujba” neft kəməri ilə bağlı problemlərə də toxunub, daha sonra “Türk axını” qaz kəmərinə hücumlardan danışıb.
Peter Siyarto vurğulayıb ki, Müdafiə Şurasının iclasında Viktor Orban “Türk axını” qaz kəmərinin Macarıstan hissəsinin hərbi mühafizə altına alınmasını tapşırıb.
Bu o deməkdir ki, hərbçilər qaz kəmərini və “yenidənyükləmə məntəqələrini onun bütün uzunluğu boyunca - serb-macar sərhədindən macar-slovak sərhədinədək” qoruyacaqlar. Peter Siyarto Serbiya və Türkiyənin energetika nazirləri, həmçinin Rusiyanın energetika nazirinin müavini ilə məsləhətləşib və onlar qaz kəmərinin “həmişəkindən daha qətiyyətlə qorunmasının zəruri olduğu” qənaətinə gəliblər.
Sevinc Əliyeva
Ordu.az