Ermənistan KİV-i: Nənə-babaları aldatmaq üçün növbəti cəhd: 5 illik məhrumiyyətlərin qarşılığında 10 min dram

2026/04/1775132028.jpg
Oxunub: 366     16:13     03 Aprel 2026    
Son illərdə Ermənistanda pensiya həmişə ərzaq üzrə minimum səbətin dəyərindən aşağı olub. Lakin dövlət büdcəsinin vəsaitlərini öz ciblərinə yönəldən hakimiyyət nümayəndələri yalnız əvvəlki seçkilərdən 5 il sonra “anladılar” ki, təyin etdikləri pensiya ilə təqaüdçü hətta öz qida ehtiyaclarını belə ödəyə bilmir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Nənə-babaları aldatmaq üçün növbəti cəhd: 5 illik məhrumiyyətlərin qarşılığında 10 min dram” başlıqlı məqaləsində yazıb.

Nəşr qeyd edib ki, minimum istehlak səbətindən isə ümumiyyətlə danışmağa dəyməz. Onun dəyəri təqaüdçünün pensiyasından demək olar ki, iki dəfə çoxdur.

“Bu fakt hakimiyyət üçün yeni deyil. Sadəcə, təqaüdçüləri yalnız yaxınlaşan seçkilər ərəfəsində xatırlayıblar. Beş il ərzində təqaüdçülərin sosial problemlərini yüngülləşdirmək üçün heç nə etməyiblər, indi isə pensiyanı artıraraq guya verdikləri vədi yerinə yetirdiklərini göstərmək istəyirlər.

Xatırladaq ki, əvvəlki seçkilərdə orta pensiyanın 61 min drama çatdırılacağını vəd etmişdilər. Hazırda isə bu göstərici hətta 50 min drama da çatmır. Beş il ərzində pensiyanı cəmi 5,4 min dram artırıblar, seçkilər ərəfəsində isə birdən-birə 10 min dram artırmaq qərarına gəliblər və bunu vədin yerinə yetirilməsi kimi təqdim edirlər.

Əvvəlki 5 ildə təqaüdçüləri yoxsulluğa məhkum etmələri, hətta minimum ərzaq səbətinə uyğun pensiya verməmələri isə diqqətdən kənarda qalır. Bu müddətdə təqaüdçülərin sosial vəziyyəti yalnız pisləşib. Bu, təkcə pensiyaların az artırılması ilə deyil, həm də inflyasiyanın pensiya artımını üstələməsi ilə bağlıdır. Üstəlik, müxtəlif vergi və rüsumların artırılması ilə təqaüdçülərin üzərinə əlavə maliyyə yükü qoyulub”, - deyə KİV bildirib.

Müəllif yazıb ki, indi niyə pensiya artırmağa qərar verdikləri hamıya aydındır.

“Əgər artırmaq istəyirdilərsə, bunu əvvəlki illərdə etməli idilər ki, təqaüdçülər heç olmasa minimum ərzaq səbəti səviyyəsində özlərini təmin edə bilsinlər. Beş il ərzində onların vəziyyətini davamlı olaraq pisləşdirib, indi isə seçkilər ərəfəsində guya qayğı göstərirlər.

Son 5 ildə Ermənistanda yığılan orta inflyasiya 20,2 faiz təşkil edib. 2021-ci ildə 7,7 faiz, 2022-ci ildə isə 8,3 faiz olub. Bu iki ildə ümumilikdə 16 faizlik kəskin artımdan sonra 2023-cü ildə cəmi 0,6 faiz deflyasiya qeydə alınıb.

Növbəti iki ildə isə yenidən inflyasiya müşahidə olunub: 2024-cü ildə 1,5 faiz, 2025-ci ildə isə 3,3 faiz. Bu müddətdə ərzaq məhsulları daha çox bahalaşıb. Ərzaq üzrə yığılan orta inflyasiya 24,4 faizdən çox olub.

2021-2022-ci illərdə, cəmi iki il ərzində ərzaq məhsulları təxminən 23 faiz bahalaşıb. 2023-cü ildə 4,8 faiz ucuzlaşma olsa da, sonrakı iki ildə yenidən bahalaşma davam edib və əlavə 6,3 faiz artım qeydə alınıb”, - deyə nəşr bildirib.

Nəşr vurğulayıb ki, ilk baxışdan son illərdə inflyasiyanın zəiflədiyi görünsə də, bu, əvvəlki kəskin bahalaşmalardan sonra baş verib.

“Bugünkü qiymətləri 2021-ci illə müqayisə etdikdə ciddi fərqlər ortaya çıxır və bu yükü illər boyu təqaüdçülər daşıyıb. Hakimiyyət isə həmin dövrdə əsasən öz maraqları ilə məşğul olub və cəmiyyətin ən həssas təbəqəsinə inflyasiyanın təsirini azaltmaq üçün demək olar ki, heç nə etməyib.

Rəsmi məlumatlara görə, son 5 ildə orta pensiya cəmi 12,5 faiz artıb. Halbuki bu müddətdə ümumi inflyasiya 20,2 faiz, ərzaq qiymətləri isə orta hesabla 24,4 faiz artıb. Ərzaq qiymətlərinin artımı orta pensiya artımını demək olar ki, iki dəfə üstələyib.

Ən zəruri məhsulların daha kəskin bahalaşması isə ayrıca mövzudur. Bu o deməkdir ki, bu illər ərzində təqaüdçülərin yaşayış şəraiti yalnız pisləşib.

Beş il ərzində təqaüdçülərin sosial vəziyyətini pisləşdirdikdən sonra indi 10 min dramlıq artımla onları aldatmağa çalışırlar ki, guya bundan sonra daha yaxşı yaşayacaqlar. Halbuki bu məbləğ əvvəlki dövrdəki yüksək inflyasiyanın təsirini belə kompensasiya etmir. Ola bilsin ki, ötən illə müqayisədə cüzi yaxşılaşma olsun, lakin bu da qəti deyil, çünki son dövrdə inflyasiya yenidən artmaqdadır. Nəticədə isə onlar yenə də əvvəlki illərlə müqayisədə daha pis yaşayacaqlar”, - deyə məqalədə qeyd edilib.

KİV vurğulayıb ki, beş il ərzində pensiyaları heç olmasa inflyasiya səviyyəsinə uyğunlaşdırmayıblar, bu sosial təbəqənin yoxsullaşmasına imkan veriblər, indi isə seçkilər ərəfəsində pensiyaların indeksləşdirilməsindən danışmağa başlayıblar.

“Bu barədə yaxın vaxtlarda partiya kampaniyası çərçivəsində Nikol Paşinyan bəyanat verib. O bildirib ki, hökumət 2027 və ya 2028-ci ildən etibarən hər il pensiyaları inflyasiya səviyyəsinə uyğun artıracaq. Sual yaranır: bəs niyə əvvəlki 5 ildə bunu etmirdilər?

Beş il ərzində təqaüdçülərin əziyyət çəkməsinə imkan verib, indi isə seçkilər ərəfəsində onları yenidən aldatmağa çalışırlar ki, guya təkrar seçilsələr, pensiyaları indeksləşdirəcəklər. Əgər bunu etmək istəyirdilərsə, əvvəldən edərdilər. Beş il etməyiblərsə, indi niyə təqaüdçülər buna inanmalıdır?”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Pensiya  


Bizi "telegram"da izləyin