Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Henaket” analitik mərkəzinin rəhbəri Vitali Manqasaryan müdafiə sahəsindəki vəziyyəti şərh edərkən səsləndirib.
Erməni hərbi ekspertin qiymətləndirməsinə görə, Nikol Paşinyanın bu və daha əvvəl eyni mövzuda səsləndirdiyi bəyanatlar cinayət-hüquqi nəticələr doğurmalıdır, çünki faktiki olaraq bunlar cinayət barədə məlumatdır.
“Burada cinayət-hüquqi qiymətləndirmə də vacibdir, çünki bu, əslində cinayət barədə məlumatdır. O etiraf edir ki, “nə etmişəmsə, düşünülmüş şəkildə etmişəm”. Bizim başımıza gələn hər şey planlaşdırılmış olub. Məsələn, “İsgəndər”in “10 faiz partlaması” da planlı olub, Aşotik (Paşinyanın oğlunu nəzərdə tutur-red.) gedib Cəbrayıl mövqelərində hansısa əməliyyatlarda iştirak edib, bu da planlı olub”, - deyə Manqasaryan bildirib.
Onun sözlərinə görə, bu, o deməkdir ki, əvvəlcədən məqsəd Qarabağı və ya müəyyən mövqeləri hər vasitə ilə qorumaq olmayıb.
“Müstəqillik Bəyannaməsi günü ilə bağlı “Facebook” paylaşımında Nikol Paşinyan faktiki olaraq etiraf edirdi ki, onlar 2020-ci il məğlubiyyətinə şüurlu şəkildə gediblər. Çünki təsəvvür edin ki, biz qalib gəlsəydik və ya idman dili ilə desək, “heç-heçə” olsaydı, deməli, o “ip”i daha da boynumuza dolayacaqdıq.
Nikol Paşinyanın məntiqinə görə, “bizim bəxtimiz gətirib ki, məğlub olmuşuq”. Bu nə deməkdir? Gəlin bir anlıq 2020-ci ilə qayıdaq. Əgər müharibə günlərində Nikol Paşinyan deyirdisə ki, “kimin evində “kaska”, “bronjilet” var, aranızdan bir komandir seçin və cəbhəyə gedin”, deməli, o, düşünülmüş şəkildə hamımızı cəbhəyə göndərirdi ki, itkilər çox olsun və sonradan bu itkilərin sayından istifadə edərək cəmiyyəti qorxutsun və həmin “ip”dən xilas ola bilsin? Məntiq buna gətirib çıxarır.
Mən belə hesab edirəm ki, Nikol Paşinyan hələ 2018-ci ildə qarşısına həmin “ip”dən qurtulmaq məqsədi qoymuşdu və bunun üçün plan qururdu, necə edək ki, bundan qurtulaq. Məsələn, 4-5 nəfər yığışıb gecə-gündüz düşünürlər ki, nə etmək olar, bəlkə elan edək ki, “Qarabağ Ermənistandır, vəssalam”, bununla ATƏT-in Minsk qrupu həmsədrlərini qəzəbləndirək, Azərbaycan da qəzəblənsin, silahlanma var, hücum ehtimalı artsın, biz də imitasiya edək. Mən bunu əvvəllər də demişəm ki, 2020-ci ildə biz Qarabağı saxlamaq istədiyimizi imitasiya etmişik. Yəni rəhbərlik qarşısına Qarabağı saxlamaq məqsədi qoymayıb, sadəcə qələbə qazanmağa çalışdığı görüntüsü yaradıb. İndi isə Nikol Paşinyan bunu özü təsdiqləyir və deyir ki, əgər məğlub olmasaydıq, vəziyyət daha pis olardı. Bu isə cinayət-hüquqi nəticələr doğurur”, - deyə Manqasaryan bildirib.
Alpər Mövludoğlu
Ordu.az