Ermənistan MN məlumatlı deyil, Paşinyan isə əlavə heç nə demək istəmir: general rütbəsi ilə bağlı müraciət məktubu realdır, yoxsa…?

2026/04/1775048941.jpg
Oxunub: 384     12:04     03 Aprel 2026    
Martın 28-də “Fransanın “Fəxri Legionu” türk “Qızıl qartal”ına qarşı: Paşinyanın “şirin məktubu” Papikyana zərbədir?” başlıqlı məqalə dərc etmişdik və orada “şirin məktublar” silsiləsindən Nikol Paşinyanın “Facebook” səhifəsində etdiyi aşağıdakı paylaşımı da təqdim etmişdik: “Belə bir şirin məktub. Salam, cənab Baş nazir, xahiş edirəm, mənə növbəti rütbənin (general-mayor) verilməsi ilə bağlı müraciətimi nəzərdən keçirməyiniz üçün vasitəçilik edəsiniz. Rütbəm polkovnikdir. Əvvəlcədən təşəkkür edirəm”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Müdafiə Nazirliyi məlumatlı deyil, Paşinyan isə əlavə heç nə demək istəmir: general rütbəsi ilə bağlı müraciət məktubu realdır, yoxsa…?” başlıqlı məqaləsində yazıb.

“Biz məqaləmizdə qeyd etmişdik ki, məktubun real olub-olmaması hələ dəqiqləşdirilməlidir. Hər halda hərbi rütbələrin verilməsi qaydasını təqdim etmişdik. Eyni zamanda, Paşinyanın müvafiq paylaşımının altında məktubun və onu yazanın kimliyinin ictimailəşdirilməsini təklif etmişdik. Eyni məsələ ilə bağlı Ermənistanın müdafiə nazirinə də açıq müraciət etmişdik.


Qeyd edək ki, biz şəxsi məlumatların məxfiliyinin vacibliyini yaxşı anlayırıq, buna hörmət etmişik və bundan sonra da edəcəyik. Lakin bu halda artıq dövlət institutunun, yaxud birbaşa ordunun nüfuzdan salınması, dövlət orqanının səlahiyyətlərinin kənardan aşılması faktı ilə üz-üzəyik. Bu isə həmin polkovnik tərəfindən guya mümkün edilib və Nikol Paşinyan tərəfindən ictimailəşdirilib. Bu, məktubun real olub-olmamasından asılı deyil”, - deyə nəşr bildirib.

Nəşr vurğulayıb ki, nəşrin jurnalistləri hər halda, paylaşımın altında şərh və təklif yazmaqla yanaşı, Nikol Paşinyanın mətbuat katibi Nazeli Bağdasaryandan məktub müəllifinin hansı güc strukturu ilə əlaqəli olduğunu onun kimliyi barədə məlumat istəmədən öyrənməyə çalışıblar.

“Mən Baş nazirlə danışdım, o dedi ki, dərc olunandan əlavə heç nə deyə bilməz, çünki məktub müəllifinin razılığı yoxdur ki, hətta hansı sahəni də qeyd edək”, - deyə Bağdasaryan nəşrin sualına cavab olaraq bildirib.

“Halbuki biz müəllifin kimliyi barədə heç bir məlumat istəməmişdik və sadəcə onun hansı qurumda xidmət etdiyini demək kifayət idi. Axı general rütbəsi ilə bağlı məktub ictimailəşdirilib, elə deyilmi? Bu isə göstərir ki, güc strukturlarında polkovnik birbaşa rəhbərinin səlahiyyətlərini və statusunu kənara qoyaraq seçkiöncəsi dövrdə belə bir məktubu ölkənin Baş nazirinə ünvanlaya bilər.

Belə çıxır ki, Nikol Paşinyan məktub müəllifinin razılığını alıb ki, anonim də olsa belə “şirin məktub” barədə paylaşım edib və bununla bu və ya digər güc strukturunun və onun rəhbərinin nüfuzuna zərbə vurub, yoxsa ümumiyyətlə belə bir məktub mövcud deyil?

Əgər belə bir məktubun mövcud olduğunu qəbul etsək, onda kim bilir, bəlkə Nikol Paşinyan mayın 28-də, Ermənistanın Birinci Respublikası günü, yəni parlament seçkilərindən bir neçə gün əvvəl həmin polkovnikin müraciətini gerçəkləşdirməyə qərar verəcək?

Biz məsələ ilə bağlı açıqlama almaq üçün Ermənistanın Müdafiə Nazirliyinə də müraciət etmişik.

“Müdafiə Nazirliyi qeyd olunan məsələ ilə bağlı hər hansı məlumata malik deyil”, - deyə Suren Papikyanın sözçüsü Aram Torosyan bizimlə söhbətdə bildirib.

Biz isə bu cür “kiçik” epizodların araşdırılmasını davam etdirəcəyik. Axı Ermənistanın mövcud hakimiyyəti özü belə hallarda məhz onlara müraciət etməyi tövsiyə edib”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MN   Paşinyan  


Bizi "telegram"da izləyin