Ordu.az xəbər verir ki, bu barədə “The New York Times” hərbi ekspertlərə və zərbə yerindən əldə olunmuş görüntülərin təhlilinə istinadən yazıb.
Məlumata görə, zərbə fevralın 28-də endirilib. İranın xarici işlər naziri Abbas Əraqçi daha sonra idman zalında 20 nəfərin öldüyünü bildirmişdi.
Nəşr qeyd edir ki, Lamərddə iki zərbənin videogörüntüləri, eləcə də zərbələrin nəticələrini əks etdirən kadrlar təsdiqlənib. “The New York Times”ın jurnalistləri və silahlanma üzrə ekspertlər müəyyən ediblər ki, silahın xüsusiyyətləri, partlayışlar və dağıntılar “Precision Strike Missile” və ya “PrSM” adlanan qısa mənzilli ballistik raketə uyğundur.
Qəzet yazır ki, bu raket hədəfin üzərində havada partlayır və volframdan hazırlanmış zərbə elementləri səpələyir.
Videolardan biri məktəb və idman zalından cəmi 274 metr aralıda yerləşən yaşayış məntəqəsinə zərbə anını qeydə alıb. Həmin kadrlarda raketin silueti görünür və bu siluet tam şəkildə “PrSM”ə uyğun gəlir. Fotolarda isə havada partlayan raketin zərbə elementlərinin izləri aydın görünür.
“The New York Times” əlavə edir ki, hədəfin yaxınlığında SEPAH-a aid obyektlərdən biri də yerləşir, lakin zərbənin həmin obyektə dəyib-dəymədiyi hələlik məlum deyil.
Köhnə peyk görüntüləri məktəblə SEPAH obyektinin arasında ən azı 15 il ərzində hasar olduğunu göstərir. Bundan başqa, idman zalı uzun illərdir ki, onlayn xəritələrdə mülki obyekt kimi işarələnib.
Məqalə müəllifləri hesab edirlər ki, silah çox yeni olduğuna görə Lamərddə “PrSM” zərbələrinin qəsdən endirildiyini, yoxsa konstruksiya və ya istehsal qüsuru nəticəsində baş verdiyini dəqiq söyləmək çətindir. Onların fikrincə, bu, həm də hədəfin səhv seçilməsi ilə bağlı ola bilər.
Bununla yanaşı, qəzetin mənbəsi təsdiqləyib ki, zərbə zamanı məhz “PrSM” raketindən istifadə olunub. Pentaqon daha əvvəl bu raketin əməliyyat zamanı ilk dəfə tətbiq edildiyini təsdiqləmiş, lakin təfərrüat açıqlamamışdı.
Qeyd edək ki, PrSM əvvəlki ATACMS ballistik raketlərindən fərqli olaraq daha böyük mənzilə malikdir və 500 kilometrədək məsafəni vura bilir.
Sevinc Əliyeva
Ordu.az