“Bağışlama ola bilməz, bu hakimiyyətin nümayəndələri cavab verməlidir” - Köçəryan

2026/02/1772000915.jpg
Oxunub: 481     22:08     28 Mart 2026    
Ermənistanın ikinci prezidenti Robert Köçəryan “Hayastan” ittifaqının üzvləri ilə birlikdə Hrazdana səfəri zamanı erməni sakinlərlə görüşdə onların suallarını cavablandırıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Erməni sakinlərdən biri ondan soruşub ki, hakimiyyətə gələcəkləri təqdirdə indiki hakimiyyət nümayəndələri məsuliyyətə cəlb olunacaqlarmı?

Erməni sakin bildirib: “Mən özüm kök etibarilə Qarabağdanam, babamın kəndinə və evinə gedirdik, onun məzarı üzərində tütsü yandırırdım, amma bu gün bizi bu imkandan məhrum ediblər. Mənə maraqlıdır, buna görə onlar cəzalandırılacaqlarmı, yoxsa yox?”.

Robert Köçəryan cavabında deyib: “Qarabağı təhvil verənlər, 5000 itki verənlər, 12 min yaralı verənlər cəzasız qala bilməz. Bu, məsələn, hansısa məmurun səhv etdiyi, vəzifə səlahiyyətlərini sui-istifadə etdiyi və cüzi nəticələrin olduğu hal deyil. Bu hakimiyyət Ermənistanın və “Qarabağ”ın (ləğv edilmiş qondarma qurum-red.) üzərinə fəlakət gətirib və buna görə cavab verməlidir, bağışlama ola bilməz, əmin olun”.

Qarabağdan könüllü şəkildə köç etmiş şəxslərin geri qayıdışının mümkün olub-olmaması ilə bağlı suala cavabında o bildirib:

“Bu, sizin edəcəyiniz seçimdən də asılıdır. Siz sualda qeyd etdiniz ki, niyə indi prezident deyiləm. Mən 10 il prezident olmuşam. Müharibə olmayıb, sülh olub, iqtisadi artım olub. Hesab etmişəm ki, borcumu yerinə yetirmişəm, konstitusion müddət başa çatdıqdan sonra ikinci dəfə seçildim, sonra isə rahat vicdanla başqa işlərlə məşğul oldum. İndi isə məlum oldu ki, o vaxt getməməli imişəm. Mən 2008-ci ildə 2018-ci ildə baş verə biləcək və bu fəlakəti gətirəcək hakimiyyət dəyişikliyini proqnozlaşdıra bilməzdim. Əminəm ki, Qarabağ məsələsini danışıqlar yolu ilə daha yaxşı nəticə ilə yekunlaşdırmaq olardı. Əgər özünü hər şeyin mütəxəssisi hesab edən və hər şeydən hamıdan yaxşı başa düşdüyünü zənn edən bir siyasi qüvvə və bir şəxs ortaya çıxmasaydı, hər şey buna doğru gedirdi. O, hesab etdi ki, təkbaşına gedib “Qarabağ xalqı”nın taleyini həll edə bilər. 2018-ci ildə meydanda bəyan etmişdi ki, xalqla müzakirə etmədən Qarabağla bağlı heç bir addım atmayacaq, amma getdi və etdi. Mən həmin illərin “Qarabağ rəhbərliyi”ndən (separatçılar-red.) də müəyyən narazılıq duyuram, çünki hesab edirəm ki, məhz o vaxt onlar çox aydın mövqe ortaya qoymalı idilər və “münasibətləri korlamayaq” deməməli idilər. Bu isə ona gətirib çıxardı ki, Paşinyan daha da cəsarətləndi və düşündü ki, Qarabağla bağlı istədiyini edə bilər. Bu, problemlərdən biri olub”.

Robert Köçəryan qeyd edib ki, əgər “Vətəndaş Müqaviləsi” növbəti parlament seçkilərində yenidən seçilərsə, köç etmiş şəxslər geri dönüşü unuda bilərlər.

“İndi biz ona nail olmalıyıq ki, “qarabağlılar”ın (Qarabağdan könüllü şəkildə köç etmiş şəxslər-red.) geri qayıdış hüququ tanınsın, bu isə öz növbəsində əmlak hüquqları məsələsini də gündəmə gətirəcək. Biz mədəni irsdən danışmalıyıq və ümid etməliyik ki, bundan sonra müəyyən imkanlar açıla bilər. Məsələ çox ciddidir, zəmanətlə deyə bilmərəm ki, həll edəcəyik, amma Ermənistanda bu kiçik şans uğrunda məndən daha fəal və səmərəli mübarizə apara biləcək birini də görmürəm”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Ermənistan  


Bizi "telegram"da izləyin