TUSAŞ-ın baş direktoru: “HÜRKUŞ-un Azərbaycana ixrac prosesi son mərhələyə çatıb”

2026/01/1769503336.jpg
Oxunub: 1836     17:26     28 Mart 2026    
“HÜRJET-in İspaniyaya, HÜRKUŞ-un isə Azərbaycana ixrac prosesi son mərhələyə çatıb”.

Ordu.az xəbər verir ki, bunu Türkiyənin müdafiə sənayesi üzrə aparıcı şirkətlərindən biri olan Türk Aerokosmik Sənayesi Anonim Şirkətinin (TUSAŞ) baş direktoru Mehmet Demiroğlu Oxu.Az-a özəl reportajında deyib.

TUSAŞ-ın baş direktoru Mehmet Dəmiroğlu KAAN döyüş təyyarəsi və ANKA-3 pilotsuz uçuş aparatında əldə edilən son mərhələni paylaşarkən, Türkiyənin müdafiə sənayesində istehsaldan ixraca uzanan transformasiyasına diqqət çəkib.

2004-cü ildən sonrakı transformasiya prosesi

Dəmiroğlu bildirib ki, TUSAŞ 1973-cü ildə Türkiyə Hərbi Hava Qüvvələrinin döyüş təyyarəsi ehtiyacını qarşılamaq məqsədilə yaradılıb.

2004-cü ildə qəbul edilən qərarlarla şirkətin alt podratçıdan baş podratçıya keçdiyini vurğulayan Dəmiroğlu bu prosesin yerli və milli müdafiə sənayesi vizyonunun başlanğıcı olduğunu qeyd edib.

O, 2005-ci ildə tamamilə milli quruluşa qovuşan şirkətin həmin tarixdən etibarən orijinal platforma hazırlama işlərini sürətləndirdiyini bildirib.

Çoxplatformalı istehsal qabiliyyəti

Dəmiroğlu qeyd edib ki, TUSAŞ sabit qanadlı, fırlanan qanadlı və pilotsuz uçuş aparatlarını eyni çətir altında inkişaf etdirə bilən nadir şirkətlərdən biridir və bu struktur mühüm mühəndislik potensialı formalaşdırıb.

O, fərqli platformalar arasında bilik mübadiləsinin şirkəti qlobal rəqabətdə üstün mövqeyə çıxardığını deyib.

Yerlilikdə tutum yanaşması

Dəmiroğlu yerlilik faizi ilə bağlı müzakirələrə dair qiymətləndirməsində nisbət deyil, tutumun əhəmiyyətinə diqqət çəkib.

O bildirib ki, GÖKBEY tam yerli platformadır və məqsəd kritik texnologiyalarda layihələndirmə və sistem sahibliyidir.

Bu yanaşmanın davamlı və ixraca açıq texnoloji baza formalaşdırmağı hədəflədiyini vurğulayıb.

İxrac və qlobal mövqe

Dəmiroğlu TUSAŞ-ın 16 ölkə ilə 23 ixrac sazişinin olduğunu bildirib və İndoneziya ilə imzalanmış KAAN razılaşmasının ön plana çıxdığını qeyd edib.

O, HÜRJET-in İspaniyaya, HÜRKUŞ-un isə Azərbaycana ixrac prosesinin son mərhələyə çatdığını deyib.

Şirkətin yalnız hərbi sahədə deyil, mülki aviasiyada da “Boeing”, “Airbus” və “Sikorsky” kimi şirkətlər üçün istehsal həyata keçirdiyini bildirib.

KAAN və ANKA-3 layihələrində son vəziyyət

Dəmiroğlu KAAN layihəsi ilə bağlı aşağıdakı məlumatları verib:

“KAAN təkcə bir təyyarə deyil, ekosistem layihəsidir. Üç prototipdən biri statik sınaqlarda istifadə olunacaq, digərinin isə bu il uçuşlara başlamasını hədəfləyirik. KAAN-ın 2028-ci ildə Türkiyə Hərbi Hava Qüvvələrinə təhvil verilməsi planlaşdırılır, yerli mühərriklə birlikdə 2032-ci ildən sonra ixracın da başlanacağını proqnozlaşdırırıq”.

ANKA-3 ilə bağlı isə Dəmiroğlu platformanın yeni nəsil müharibə konsepsiyasında kritik rol oynayacağını bildirib: “ANKA-3 6-cı nəsil döyüş konsepsiyasının əsas iştirakçılarından biri olacaq. Düşmənin hava hücumundan müdafiə sistemlərinə yaxalanmadan tapşırıqları yerinə yetirə biləcək. KAAN ilə birlikdə fəaliyyət göstərərək hava məkanında mühüm güc multiplikatoru yaradacaq. 2026-cı ildə Hərbi Hava Qüvvələrimizə təhvil verməyi hədəfləyirik”.

Azərbaycan ilə əməkdaşlıq dərinləşir

Dəmiroğlu Türkiyə ilə Azərbaycan arasında müdafiə əməkdaşlığının ortaq istehsal və texnologiya paylaşımı səviyyəsinə çatdığını bildirib, “Su-25” modernləşdirilməsi və HÜRKUŞ ixracı kimi layihələrin davam etdiyini qeyd edib.

O, Azərbaycanda yaradılmış şirkət vasitəsilə yerli istehsal potensialının artırılmasına töhfə verildiyini bildirib.

İnsan resursları və gənc mühəndislər

Dəmiroğlu qeyd edib ki, TUSAŞ-da 16 mindən çox əməkdaş çalışır və onların təxminən 40 faizi 30 yaşdan aşağıdır.

O bildirib ki, tələbələr təhsil prosesində layihələrdə iştirak edə bilir və məzun olduqdan sonra mühəndislik inkişaf proqramları ilə dəstəklənir.

10 illik hədəf və istehsal vizyonu

Dəmiroğlu TUSAŞ-ın qarşıdakı 10 il ərzində 1500 platforma təhvil verməyi hədəflədiyini açıqlayıb.

Bu hədəfin aviasiya sektorunda yüksək istehsal tempi tələb etdiyini bildirən Dəmiroğlu seriyalı istehsal qabiliyyətinin əsas prioritet sahə olduğunu vurğulayıb: “Edilməsi mümkün deyil deyilən bir çox işi bacardıq. Bundan sonra diqqət mərkəzimiz seriyalı istehsal potensialını ortaya qoymaq olacaq”.

O bildirib ki, şirkət uzunmüddətli perspektivdə dünyanın ən böyük 20 müdafiə sənayesi şirkəti sırasına daxil olmağı hədəfləyir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TUSAŞ   HÜRKUŞ   Azərbaycan  


Bizi "telegram"da izləyin