Erməni zabitin ölümü ordinatorun səhlənkarlığı nəticəsində baş verib

2026/03/1774691724.jpg
Oxunub: 521     14:01     28 Mart 2026    
Ermənistan İstintaq Komitəsinin Hərbi İstintaq Baş İdarəsində İrəvan qarnizon hospitalının ordinatoru tərəfindən peşə vəzifələrinin lazımi qaydada yerinə yetirilməməsi nəticəsində erməni hərbi qulluqçunun ehtiyatsızlıqdan ölümünə səbəb olma faktı üzrə başlanmış cinayət işinin ibtidai istintaqı başa çatıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

İstintaq zamanı əldə olunmuş ilkin faktiki məlumatlara görə, İrəvan qarnizon hospitalının ordinatoru 2024-cü il iyulun 19-dan avqustun 6-dək olan müddətdə xəstədə mövcud patologiyanı tam və düzgün qiymətləndirməyib, nəticədə ağırlaşmaların qarşısını almaq mümkün olmayıb.

Xüsusilə, vaxtında aşkar olunmayan böyrək sistemi zədələnmələri, uzunmüddətli ağciyər patologiyasının pisləşməsi və səmərəsiz müalicə nəticəsində erməni hərbi qulluqçuda Vaqener sindromunun gec diaqnozu qoyulub.

Daha sonra xəstə gecikmiş şəkildə başqa çoxprofilli xəstəxanaya köçürülüb və artıq xəstəliyin terminal mərhələsində “Vaqener qranulomatozu” diaqnozu təsdiqlənib ki, bu da hərbi qulluqçunun ölümünə səbəb olub.

İrəvan qarnizon hospitalının ordinatoruna qarşı Ermənistan Cinayət Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsi ilə (tibb işçisinin peşə vəzifələrini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi, ehtiyatsızlıqdan insan ölümünə səbəb olması) ictimai cinayət təqibi başlanıb.

Cinayət işi ittiham aktı ilə birlikdə nəzarətçi prokurora göndərilib ki, təsdiqlənərək baxılması üçün məhkəməyə təqdim edilsin.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Zabit  


Bizi "telegram"da izləyin