Ordu.az xəbər verir ki, bunu “Güclü Ermənistan” partiyasının nümayəndəsi Narek Karapetyan Gorus sakinləri ilə görüşdə bildirib.
Karapetyan xatırladıb ki, müstəqillikdən sonra Ermənistanın müxtəlif rəhbərləri olub və Samvel Karapetyan onların hər biri ilə görüşərək ölkəyə kömək etməyə hazır olduğunu bildirib.
O qeyd edib ki, son 20 ildə Ermənistanda ən çox xeyriyyə layihələri həyata keçirən məhz odur.
“Bu, xalqa nə verdi? Ermənistana milyonlarla dollar göndərildi, Qarabağda on milyonlarla (qanunsuz-red.) investisiya qoyuldu, lakin bir imza ilə bütün bunlar itirildi. Yoxsulluq problemi hələ də həll olunmayıb, həyat səviyyəsi yaxşılaşmayıb. Üstəlik, ölkə rəhbərliyi başqa yol seçərək Erməni Apostol Kilsəsinə qarşı kampaniyaya başlayıb və indi “soyqırımı”nın (qondarma-red.) beynəlxalq tanınması siyasətini dəyişdiyini elan edib. Deyir ki, bu, sülhə kömək edəcək. Amma sülh müxtəlif ola bilər: güclü və ya zəif. Zəif sülh rəqibə qapının açılması deməkdir. Qonşu ölkənin rəhbəri dəfələrlə bildirib ki, onlar gələcəklər və istədiklərini əldə ediblər. Biz güclü sülhə, qonşularla bərabər səviyyədə danışmağa çalışırıq”, - deyə Karapetyan vurğulayıb.
O, həmçinin bildirib: “Son 8 ildə heç olmasa bir iri şirkət Ermənistana gəlibmi? İş yerləri yaradılıbmı? Zavodlar işləyirmi? Bəli, yollar asfaltlanıb. Amma bu, dövlət büdcəsi və borc hesabına edilib. (Paşinyan-red.) xərcləyib, amma gəlir və ya investisiya yaratmayıb. Dövlət rəhbəri 8 il ərzində əvvəlkilərin hamısından daha çox borc götürüb. Hər ay 100 milyon dollar, hər gün 3 milyon dollar borc alınır. Əhali borc içində yaşayır, investorlar yoxdur”.
Karapetyan qeyd edib ki, əvvəlki rəhbərlərin heç biri iqtisadçı olmayıb. “(Paşinyan-red.) hər şeyi iflasa uğratdı. Gürcüstanda yoxsulluq iki dəfə azalıb. İndi isə o, müharibədən bizim xəyal edə biləcəyimizdən daha uzaqdır. Ermənistanda həyat çətindir, çünki bu sahəni anlayan rəhbər olmayıb”, - deyə Karapetyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az