“Ya Paşinyan yalan danışır, ya da onun üçün Silahlı Qüvvələrdə “qaçmış” insanların xidmət etməsi sərfəlidir” - Abrahamyan

2026/02/1771648134.jpg
Oxunub: 401     12:30     28 Mart 2026    
“İnsanlar 44 günlük müharibənin şəraitini araşdıran komissiyanın hesabatının açıqlanmasını tələb edirlər”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının katibi Tiqran Abrahamyan 44 günlük müharibədə itkin düşmüş və ölmüş erməni hərbçilərin etiraz aksiyasına toxunarkən deyib.

“Özüm müxtəlif vaxtlarda müharibədə itkin düşmüş, ölmüş və yaralanmış hərbçilərin yaxınları ilə görüşmək imkanı tapmışam, lakin məsələnin mahiyyəti daha aydındır. Müharibə başa çatdıqdan sonra emosional fon yüksək olduğu bir vaxtda hakimiyyət insanlara vəd etmişdi ki, hesabat vasitəsilə reaksiyasını bildirəcək, günahkarları və məsul şəxsləri göstərəcək, dəqiq qiymətləndirmə verəcək. Hazırda isə vəziyyət elədir ki, həmin hesabat faktiki olaraq arxivləşdirilmiş status alıb”, - deyə Abrahamyan bildirib.

Erməni müxalif deputatın sözlərinə görə, hələ başlanğıcda istintaq komissiyasının yaradılması barədə qərar qəbul olunanda “Şərəfim var” fraksiyasının mövqeyi aydın olub: müharibə zamanı siyasi məsuliyyət daşıyan və vəzifə tutan şəxslər hər hansı komissiya vasitəsilə ədalətli və obyektiv araşdırma apara bilməzlər.

“Hazırda elə bir vəziyyət yaranıb ki, həmin istintaq komissiyası fəaliyyət göstərib və ziddiyyətli bir nöqtəyə gəlib çatıb. Dərhal deyim ki, mən komissiyanın hesabatı ilə tanış olmuşam, deyiləcək çox şey var, lakin məxfilik rejimi bunu açıq şəkildə söyləməyə imkan vermir. Hər bir halda hakimiyyətin verdiyi vədlər var idi ki, hesabat maraqlı tərəflərin tələblərini təmin edəcək, lakin bu vəd yerinə yetirilməyib”, - deyə Abrahamyan qeyd edib.

O, həmçinin Ermənistanın hazırkı hakimiyyətinin, xüsusilə Nikol Paşinyanın 2023-cü ilin sentyabrında baş verən hərbi əməliyyatlar zamanı Qarabağdakı ermənilərin döyüşmədiyi, qaçdığı ilə bağlı bəyanatlarına da toxunub.

“Bu kontekstdə bir sual vermək istəyirəm, bəlkə ritorikdir, bəlkə də yox: əgər 2023-cü ildə hərbi əməliyyatlar zamanı insanlar döyüşməyibsə, necə olur ki, həmin hadisələrdən sonra döyüşməyən “müdafiə ordusu”nun (ləğv edilmiş qanunsuz “hərbi birləşmə”-red.) komandanı xidmətini Silahlı Qüvvələrdə davam etdirir? Bu, iki məna verir: ya Nikol Paşinyan yalan danışır, yəni yenidən dezinformasiya ilə vəziyyəti manipulyasiya etməyə çalışır, ya da Nikol Paşinyan üçün Silahlı Qüvvələrdə onun qiymətləndirməsinə görə qaçmış hesab edilən insanların xidmət etməsi sərfəlidir”, - deyə Abrahamyan vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Abrahamyan   Ermənistan  


Bizi "telegram"da izləyin