Erməni deputat: “Alen Simonyan başdan-ayağa yalan danışır, mən ağlamamışam və o pensiyaya ehtiyacım yoxdur”

2026/03/Ekran-1774430046.jpg
Oxunub: 402     13:12     25 Mart 2026    
“Alen Simonyan başdan-ayağa yalan danışır, bu, doğru deyil”.

Ordu.az xəbər verir ki, bunu bu gün Ermənistan parlamentində jurnalistlərə açıqlamasında hakim “Vətəndaş Müqaviləsi” partiyasından uzaqlaşdırılmış deputat Hakob Aslanyan parlament sədrinin səsləndirdiyi “Aslanyan fraksiya iclasında ağlayaraq qalmaq üçün yalvarıb” iddiasına münasibət bildirərkən deyib.

“Guya mən ağlamışam? Üzr istəyirəm, ömrünü üç dəfə ölkəsi üçün riskə atan insan hansısa uydurma məsələyə görə ağlayarmı?

Birinci sual: əgər mən yalvarmalı idimsə, niyə özüm “Faktor TV”yə gedib fəaliyyətimi dondurduğumu elan etdim? Mən elan etdim, sonra onlar məni çağırıb uzaqlaşdırdılar. Bir məqamı da deyim: məni mandatdan imtina etdirmək üçün müxtəlif yollarla Amerikaya və Astraxana qədər gedib oğlum və qardaşım vasitəsilə mənə təsir etməyə çalışıblar”, - deyə Aslanyan bildirib.

O qeyd edib ki, ona pensiya ilə bağlı deyilənlər də əsassızdır: “Deyirlər ki, pensiyanı alacaqsan. Mənim o pensiyaya ehtiyacım yoxdur, çünki təmin olunmuş insanam. 56 il bu ölkədə işləmişəm və maddi vəziyyətim elədir ki, onların verdiyi pensiya mənim üçün heç bir əhəmiyyət kəsb etmir”.

Nikol Paşinyan haqqında sərt ifadələr işlətməsinin nə dərəcədə doğru olması ilə bağlı suala cavabında erməni deputat bildirib: “Həyatınızda elə olubmu ki, kimləsə yaxşı münasibətdə olub, sonra yollarınızı ayırmısınız? Mən Nikol Paşinyanı hakimiyyətə gətirməmişəm, onlar məni “Yelk” ittifaqı dövründə dəvət etmişdilər, çünki kadr çatışmazlığı var idi”.

Aslanyan qeyd edib ki, 2021-ci il seçkilərində onun müharibə iştirakçısı olması siyasi məqsədlərlə istifadə olunub: “Onlar bu amildən istifadə etdilər”.

2018-ci il hadisələrinə toxunan erməni deputat bildirib ki, əsas məqsəd Serj Sarkisyanın uzaqlaşdırılması idi: “Şüar “addım at, Serji rədd et” idi, “Nikolun seçilməsi” məsələsi ön plana çıxarılmırdı. Əgər belə deyilsəydi, çoxları onu seçməzdi. Əvvəldən aldatma var idi”.

O, həmin hərəkatı dəstəklədiyinə görə peşman olmadığını da qeyd edib: “Mən demişəm ki, “Vətəndaş Müqaviləsi” mənə Aslanyanı geri qaytardı”.

Hakimiyyətin onu hədəfə almasının səbəbinə gəlincə isə erməni deputat bildirib: “Çünki dünən demişəm ki, iki ay qalıb və sizi yola salacaqlar. Düşünürəm ki, xalq ayağa qalxmalıdır”.

Aslanyan həmçinin əlavə edib ki, Paşinyan “əgər mən olmasam, Köçəryan gələcək” tezisindən məharətlə istifadə edir və cəmiyyətdə Köçəryana qarşı güclü rədd münasibəti mövcuddur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Aslanyan  


Bizi "telegram"da izləyin