Ermənistan Konstitusiya Məhkəməsində yeni təyinat: Vladimir Vardanyan üzv seçilir

2026/03/1774417327.jpg
Oxunub: 368     09:37     25 Mart 2026    
Ermənistan parlamenti ötən gün artıq keçmiş “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Vladimir Vardanyanın Konstitusiya Məhkəməsinin üzvü vəzifəsinə namizədliyini müzakirə edib və ehtimal ki, hakim çoxluq bu gün Hrayr Tovmasyanın səlahiyyətlərinə xitam verildikdən sonra boş qalan yerin doldurulmasına səs verəcək.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, vaxtilə Hrayr Tovmasyana qarşı onun Respublikaçılar Partiyası tərəfindən Konstitusiya Məhkəməsinə təyin olunmasına görə mübarizə aparan hakimiyyət indi açıq şəkildə öz nümayəndəsini həmin məhkəməyə göndərir.

“Bəzi məlumatlara görə, hakimiyyət Vardanyanı həm də Konstitusiya Məhkəməsinin sədri vəzifəsi üçün nəzərdən keçirir, baxmayaraq ki, onun hazırkı sədr Arman Dilanyanla qohumluq əlaqələri var.

Qaqik Harutyunyana sədaqətlə xidmət etmiş, uzun illər Hrayr Tovmasyanla dost olmuş Vardanyanın bu baxımdan “problemi yoxdur”, o, bütün hakimiyyətlərə xidmət etməyə hazırdır”, - deyə nəşr bildirib.

KİV yazıb ki, keçmiş “Vətəndaş Müqaviləsi” üzvü Vardanyanın obyektiv hakim olub-olmayacağı sualına o, ötən gün gülməli cavab verib.

“Əvvəlcə Tovmasyan üçün təəssüf hissi keçirdiyini bildirib, sonra isə onların yeganə oxşarlığının hər ikisinin partiya üzvü olması olduğunu deyib.

O həmçinin qeyd edib ki, hər ikisi parlamentin dövlət-hüquq komissiyasının sədri vəzifəsindən Konstitusiya Məhkəməsinə gedib, lakin Tovmasyanın məsələsi problemli idi, çünki o, öz yazdığı Konstitusiyaya görə deyil, əvvəlki Konstitusiya əsasında seçilmişdi və bu, ona daha uzun müddət vəzifədə qalmağa imkan verirdi”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Konstitusiya-Məhkəməsi  


Bizi "telegram"da izləyin