Ordu.az xəbər verir ki, bu barədə “Aktcent.site” nəşri “İran müharibəsi Ermənistanı hərbi gərginlik mərkəzinə çevirir” başlıqlı məqaləsində yazıb.
Nəşrə görə, Ermənistan hazırda üç əsas axının, humanitar, iqtisadi və geosiyasi proseslərin kəsişməsində qərar tutub.
“Ermənistan-İran sərhədi praktik olaraq İrandan Qafqaza çıxan yeganə sabit quru yolu olaraq qalır. Hər gün yüzlərlə yük maşını Norduz keçid məntəqəsindən keçməyə davam edir. Eyni zamanda, Ermənistan İrandan ayrılan onlarla ölkənin vətəndaşları üçün humanitar dəhlizə çevrilib. Buna baxmayaraq, iqtisadi fəsadlar artıq hiss olunmaqdadır. İran ərazisindən tranzitin azalması bəzi logistika şirkətlərini Gürcüstana tərəf yönəlməyə məcbur edir. Bu, Ermənistanın regiondakı blokadalardan yan keçmək üçün alternativ yol kimi istifadə etdiyi İranla ənənəvi ticarət əlaqələrini zəiflədə bilər.
Siyasi baxımdan İrəvan daha çətin vəziyyətlə üzləşib. Bir tərəfdən Ermənistan rəhbərliyi Tehranla strateji tərəfdaşlığı qorumağa çalışır, Nikol Paşinyan hətta yeni Ali Rəhbər Müctəba Xameneyini təbrik edib. Digər tərəfdən isə Ermənistan Mərkəzi Asiyanı Zəngəzur vilayəti vasitəsilə Avropa ilə birləşdirən və faktiki olaraq İrandan yan keçən Zəngəzur dəhlizi layihəsinin müzakirələrində aktiv iştirak edir. Tehran bu layihəni öz geoiqtisadi nüfuzuna təhdid kimi qəbul edir. Nəticədə Ermənistan iki rəqib strategiya arasında qalır: bir tərəfdən İranla tərəfdaşlığı qorumaq, digər tərəfdən isə Qərbin nəqliyyat şəbəkələrinə inteqrasiya olunmaq”, - deyə KİV bildirib.
Müəllif yazıb ki, əgər İran ətrafındakı münaqişə uzanarsa, İrəvan qaçqın axını, ticarətin pozulması və gələcək Avrasiya dəhlizlərinə nəzarət uğrunda mübarizə aparan böyük güclərin artan təzyiqləri ilə bağlı yeni çağırışlarla qarşılaşa bilər.
Alpər Mövludoğlu
Ordu.az