Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Martın 19-da keçirilən brifinqdə Paşinyan bildirib ki, probasiya xidmətinin rəyinə görə, hazırda ev dustaqlığında olan Karapetyan canlı efirdə çıxış edə bilər. Bunun ev dustaqlığı şərtlərinə nə dərəcədə uyğun olduğu tam aydın olmasa da, Paşinyan Karapetyana öz mövqeyini canlı yayımda izah etməyi təklif edib: “Bir anlayaq görək, onlar nə ilə güclüdürlər, biz nə ilə zəifik?”.
Paşinyan virtual rəqibinə və onun qohumlarına xitabən belə bir çağırış edib:
“Əgər o oliqarxlar (ehtimal olunur ki, Samvel Karapetyan və qardaşı oğlu Narek Karapetyan nəzərdə tutulur-red.) 30 dəfə turnikdə dartına bilirlərsə, qoy bunu canlı efirdə etsinlər. Mən 30 dəfə dartına bilmirəm, amma 100 km velosiped sürə bilərəm. Qoy onlar dartınsınlar, mən velosiped sürüm. Başqa nədə güclüdürlər? İntellektdə? Qoy canlı efirə çıxıb intellektlərini və söz ehtiyatlarını göstərsinlər. Mən əminəm ki, hər iki oliqarx həm analitik düşüncə, həm də lüğət tərkibi baxımından zəifdirlər. Hesab edirəm ki, bunu sübut etmək çox asandır. Onlar yalnız qazandıqları pullarla güclüdürlər. Pullarını isə korrupsioner “atalarının” vasitəsilə qazanıblar. Bir iş adamı kimi onlar çox zəifdirlər”.
Eyni zamanda, Paşinyan illər əvvəl Yevgeni Priqojinin (“Vaqner” qrupunun keçmiş rəhbəri) Buş və Putinə şam yeməyi zamanı xidmət etdiyi məşhur kadrı xatırladaraq qeyd edib ki, bu şəxslər hətta birinci şəxslərə deyil, üçüncü və dördüncü dərəcəli fiqurlara belə yemək paylayan səviyyədə olublar.
Alpər Mövludoğlu
Ordu.az