Ordu.az xəbər verir ki, bunu Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan deyib.
O qeyd edib ki, komissar son altı ay ərzində ikinci dəfə ölkəyə işgüzar səfər edir və bu, Ermənistanla Aİ arasında genişlənən tərəfdaşlığın göstəricisidir.
Qriqoryan bildirib ki, bu səfər Ermənistan ilə Aİ arasında əməkdaşlığın bütün istiqamətlər üzrə dərinləşdirilməsi baxımından əhəmiyyətlidir.
“Eyni zamanda, səfər İrəvanda keçiriləcək Avropa Siyasi Birliyi toplantısı və Ermənistan-Aİ sammiti ərəfəsində baş tutur.
Bu gün biz ölkədə həyata keçirilən sahəvi islahatların gedişini ətraflı müzakirə etdik. Bu islahatlar hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq sazişindən irəli gələn qarşılıqlı öhdəliklərə əsaslanır.
İslahatların effektivliyini artırmaq və nəticələri vətəndaşlar üçün daha əlçatan etmək məqsədilə 2025-2027-ci illər üçün maliyyələşmə sazişi imzaladıq. Bu sənəd ixracın şaxələndirilməsi, viza rejiminin liberallaşdırılması və dövlət maliyyə idarəçiliyi kimi sahələri əhatə edir.
Regional əlaqəlilik məsələlərinə xüsusi diqqət yetirdik və bu çərçivədə “Sülhün kəsişməsi” təşəbbüsü, nəqliyyat marşrutları və Aİ-nin “Qlobal keçidlər” strategiyası üzrə əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəldik.
Məmnuniyyətlə qeyd edirəm ki, komissar Ermənistanın Transxəzər nəqliyyat marşrutuna inteqrasiyasına Aİ-nin dəstəyini bir daha təsdiqlədi. Həmçinin qarşıdakı parlament seçkiləri ərəfəsində ölkədə demokratik dayanıqlığın gücləndirilməsinə göstərilən diqqətə görə təşəkkürümüzü bildirdik”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az