Azərbaycan, Türkiyə və daha 10 ölkə İranla bağlı bəyanat verib

2026/03/17738-1773899512.jpg
Oxunub: 422     09:53     19 Mart 2026    
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən görüşdə Azərbaycan, Türkiyə, Səudiyyə Ərəbistanı, İordaniya, BƏƏ, Bəhreyn, Pakistan, Suriya, Qətər, Küveyt, Livan və Misirin xarici işlər nazirləri və nümayəndələri iştirak edib.

Ordu.az xəbər verir ki, bu barədə “Al Hadath” məlumat yayıb.

İştirakçılar İranı səhv hesablamalarını yenidən nəzərdən keçirməyə çağırıb və vurğulayıblar ki, qonşuluq və dövlət suverenliyi prinsiplərinin davamlı şəkildə pozulması həm İranın, həm də regionun təhlükəsizliyinə ciddi təsir göstərəcək və region ölkələri bu təhdidlərə qarşı laqeyd qalmayacaq.

Bildirilib ki, İran dərhal bütün hücumları dayandırmalı, qonşu ölkələrə qarşı hər hansı təxribat və təhdidlərdən çəkinməli, həmçinin ərəb ölkələrində fəaliyyət göstərən silahlı qruplara dəstək, maliyyə və silah təminatını dayandırmalıdır.

İştirakçılar İranın İordaniya, Azərbaycan və Türkiyəyə qarşı hücumlarını müzakirə edib və bu hücumları qəti şəkildə pislədiklərini bir daha bəyan ediblər.

Onlar qeyd ediblər ki, bu cür hücumlara heç bir bəraət qazandırmaq mümkün deyil və dövlətlərin özünümüdafiə hüququ vurğulanıb.

Bundan əlavə, İranın Hörmüz boğazında beynəlxalq gəmiçiliyi məhdudlaşdırmaq və ya Bab əl-Məndəb boğazında dəniz təhlükəsizliyini təhdid etmək cəhdlərindən çəkinməsinin vacibliyi qeyd olunub.

İştirakçılar həmçinin Livanın təhlükəsizliyinə, sabitliyinə və ərazi bütövlüyünə dəstəklərini ifadə edib, Livan hökumətinin silahların yalnız dövlət nəzarətində olması ilə bağlı qərarını dəstəkləyib və İsrailin Livana qarşı hərəkətlərini pisləyiblər.

Sonda qeyd olunub ki, iştirakçılar vəziyyəti izləmək, yeni şəraiti qiymətləndirmək və öz təhlükəsizliklərini qorumaq üçün birgə addımlar atmaq məqsədilə məsləhətləşmələri davam etdirəcəklər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Türkiyə   İran  


Bizi "telegram"da izləyin