“Past”: Diplomatik nümayəndələrin fəaliyyət müddətinin maksimum 5 il müəyyən edilməsi təklif olunur

2026/03/1773897782.jpg
Oxunub: 421     09:18     19 Mart 2026    
Ermənistan Ədliyyə Nazirliyi “Diplomatik xidmət haqqında” qanuna dəyişiklik və “Dövlət xidməti haqqında” qanuna əlavə və dəyişikliklər edilməsi ilə bağlı layihələri ictimai müzakirəyə təqdim edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Nəşrin məlumatına görə, “Diplomatik xidmət haqqında” qanunun yeni redaksiyada təqdim edilməsi təklif olunur. Məsələn, bəzi ölkələrdə səfirlik əvəzinə diplomatik ofisin yaradılmasına ehtiyac yarandığı və qanunvericilikdə bunun üçün zəruri hüquqi tənzimləmələrin olmaması səbəbindən bu prosesin həyata keçirilməsinin mümkün olmadığı nəzərə alınaraq təklif edilir ki, xarici dövlətlə əldə olunmuş razılaşma əsasında həmin ölkədə akkreditə olunmuş səfirin ümumi rəhbərliyi altında zərurət olduqda diplomatik ofis fəaliyyət göstərə bilsin.

“Bu ofis baş nazirin qərarı ilə, Ermənistan ilə müvafiq xarici dövlət arasında əvvəlcədən əldə edilmiş razılaşma əsasında yaradılacaq və ləğv ediləcək.

Səfirlərin və daimi nümayəndələrin (diplomatik nümayəndələrin) fəaliyyət müddətləri də yenidən nəzərdən keçirilir. Onların fəaliyyətinin səmərəliliyini təmin etmək məqsədilə maksimum xidmət müddətinin 5 il müəyyən edilməsi təklif olunur. Eyni zamanda qeyd edilir ki, fəaliyyət müddəti başa çatdıqdan dərhal sonra başqa dövlətdə və ya beynəlxalq təşkilatda vəzifəyə təyin olunarsa, iki ardıcıl xidmət müddətinin ümumi cəmi 8 ildən artıq ola bilməz.

Bununla yanaşı, diplomatların kadr ehtiyatında qeydiyyata alınma müddətləri də dəqiqləşdirilib. Rotasiya prosesinin daha effektiv təşkili üçün diplomatın Xarici İşlər Nazirliyində və ya tabeli qurumda minimum iki il işləməsi tələbinin 18 aya endirilməsi təklif olunur”, - deyə KİV bildirib.

Nəşr qeyd edib ki, baş konsulun rotasiyası ilə bağlı ayrıca müddəa da nəzərdə tutulub. Onun fəaliyyətinin xarakteri nəzərə alınaraq, daha uzun müddət xarici ölkədə işləməsi zəruri sayılır. Buna görə də təklif edilir ki, baş konsul vəzifəsinə təyin olunarkən əvvəlcə Xarici İşlər Nazirliyində və ya tabeli qurumda azı bir il işləsin, daha sonra isə xarici ölkədə diplomatik xidmətdə üç il fəaliyyət göstərsin. Zərurət olduqda bu müddət maksimum bir il uzadıla bilər.

“Qanunda diplomat ər-arvadın eyni diplomatik qurumda xidmət etdiyi halda aşağı vəzifə tutan tərəfə 50 faiz kompensasiya ödənilməsi ilə bağlı müddəa çıxarılıb. Bu dəyişiklik dövlət vəzifələrində çalışan şəxslərin əməkhaqqının onların öhdəlik və məsuliyyətinə uyğun müəyyən edilməsi prinsipləri ilə ziddiyyət təşkil etdiyi üçün edilib. Bundan əlavə, belə hallarda dövlət artıq bir mənzil üçün kompensasiya ödəməklə ikinci mənzil xərclərinə qənaət edir.

Layihədə diplomatik məktəbin diplomatik akademiyaya çevrilməsi də nəzərdə tutulur. Bunun səbəbi quruma verilən funksiyaların geniş olması ilə izah edilir. Həmçinin bir sıra digər dəyişikliklər də təklif olunur”, - deyə KİV bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Ədliyyə-Nazirliyi  


Bizi "telegram"da izləyin