Ordu.az xəbər verir ki, bunu “Güclü Ermənistan” partiyasının “Güclü sülh” adlı təhlükəsizlik proqramının təqdimatı zamanı təhlükəsizlik və xüsusi təyinatlı qüvvələrin hazırlanması üzrə yunan ekspert Eftimis Turtidis deyib.
O xatırladıb ki, hər gün ictimai diqqətdən kənarda qalan kişi və qadınlar ölkə sərhədlərini qoruyur və bu sahədə xüsusi təyinatlı qüvvələrin rolu əvəzsizdir.
“Ermənistan elə bir regionda yerləşir ki, burada heç vaxt təhlükəsizlik zəmanətləri olmayıb. Bu səbəbdən ölkə daim ayıq-sayıq olmalıdır. Lakin hər bir döyüş bölməsi təlimə ehtiyac duyur, məhz bu, insanları peşəkar edir və onsuz ən müasir texnologiyalar belə effektiv olmayacaq”, - deyə ekspert bildirib.
Eyni zamanda o vurğulayıb ki, güclü ordunun məqsədi müharibə deyil, sülhdür.
“Ancaq sülh sadəcə müharibənin olmaması deyil, bu, sabitlik və gələcəyə qorxmadan baxmaq imkanıdır. Bu isə insanlara inkişaf barədə düşünməyə şərait yaradır. Ermənistan üçün bunlar sadəcə söz deyil, ölkənin tarixi çətinliklər və mübarizə ilə doludur. Sülhə nail olmaq məsuliyyət, güclü institutlar, liderlik və sülhə can atmaq tələb edir. Öz müstəqilliyini və ərazi bütövlüyünü qorumağa qadir olan dövlət eskalasiyadan qaçmağa da hazır olur. Ən yaxşı variant qüvvələr balansıdır”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az