Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Seçkilərə hazırlaşan Vağarşak Harutyunyan hansı suallara cavab verməlidir?” başlıqlı məqaləsində yazıb.
Nəşrə görə, bir ay sonra, martın 12-də Petros Qazaryanla müsahibəsində Nikol Paşinyanın keçmiş müşaviri razılıq verdiyini açıqlayıb və hakimiyyətə yaxın dairələr üçün əlverişli suallara da cavab verib, məsələn, Mehrini kim və nə vaxt təhvil verməyə hazır idi.
“Bununla belə, seçkilərdə iştirak etmək üçün müraciət etmiş Vağarşak Harutyunyan bir sıra digər suallara da cavab verməli və müəyyən epizodlara aydınlıq gətirməli, hətta məsuliyyət də götürməlidir. Bu barədə bir qədər sonra.
Qeyd edək ki, bu seçki mövzularından əvvəl keçmiş müdafiə nazirinə müsahibə verməyi və suallarımızı cavablandırmağı təklif etmişdik. Vağarşak Harutyunyan isə hələlik müsahibə vermədiyini bildirib və bir qədər gözləməyi xahiş edib, müsahibə vermək qərarına gələndə ilk olaraq suallarımızı cavablandıracağını deyib.
Biz onun qərarına hörmət etmişik və hətta keçmiş nazirin “Reformistlər”in seçki siyahısına rəhbərlik edə biləcəyi elan olunanda belə, şərh üçün ona zəng etməmişik.
Lakin Harutyunyanın İctimai Televiziyaya getdiyini, yəni artıq müsahibə verməyə hazır olduğunu görəndə, ona zəng edərək suallarımızı cavablandırmağı təklif etdik. Cavabında keçmiş müdafiə naziri yenə müsahibə vermədiyini dedi. Ona xatırladanda ki, bir neçə gün əvvəl hakimiyyətin suallarını cavablandırıb, bəlkə indi yalnız onların suallarına cavab verməyə hazırdır, o, əvvəlki sözünü təkrarladı.
Vağarşak Harutyunyana bildirdik ki, suallarımızı cavablandırmaqdan imtina etdiyini ictimailəşdirəcəyik. “Olsun, müsahibə vermirəm, vəssalam”, - deyə o cavab verib.
Bəs Ermənistanın keçmiş müdafiə naziri hansı suallara cavab verməlidir?”, - deyə nəşr bildirib.
KİV qeyd edib ki, əvvəla, 2020-ci il avqustun 18-də Nikol Paşinyanın qərarı ilə Harutyunyan onun baş müşaviri təyin edilmişdi. Yəni 44 günlük müharibədən bir ay əvvəl və faktiki olaraq hərbi sahə ilə bağlı xarici əlaqələrlə məşğul olub.
“Bu istiqamətdə nə dərəcədə uğur qazanılıb, müharibənin yaxınlaşdığı hansı məqamdan aydın idi?
Məsələn, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Onik Qasparyan 2023-cü ilin iyununda yaydığı bəyanatda qeyd edib ki, yaranmış vəziyyətin çoxşaxəli qiymətləndirilməsinin nəticələrini nəzərə alaraq, 2020-ci il iyulun 4-də Nikol Paşinyana müharibənin qarşısını almağa və ya ən azı Silahlı Qüvvələrin tətbiqi üçün əlverişli şərait yaratmağa yönəlmiş siyasi və diplomatik addımlar atmağı, həmçinin Rusiya, İran və Gürcüstanla münasibətləri kəskin şəkildə yaxşılaşdırmağı təklif edib.
Daha da önəmlisi, konkret olaraq strateji müttəfiq Rusiya ilə münasibətlərin yaxşılaşdırılması üçün, generalın sözlərinə görə, hətta konkret fəaliyyət planı da təqdim olunub.
Bəs Paşinyanın müşaviri olan, müəyyən danışıqlar təcrübəsinə malik olan Vağarşak Harutyunyan Rusiya istiqamətində hər hansı addım atıbmı? Yaxud müharibə günlərində baş nazirin müşaviri kimi nə edib, idarəetmə sistemi niyə iflasa uğrayıb?
Qeyd edək ki, Vağarşak Harutyunyanın yaxın münasibətdə olduğu Andranik Köçəryan da onu 44 günlük müharibə üzrə istintaq komissiyasına dəvət etməyib”, - deyə KİV bildirib.
Müəllif yazıb ki, 2020-ci il noyabrın 20-də David Tonoyanın istefasından və ya vəzifədən azad edilməsindən sonra Harutyunyan Ermənistanın müdafiə naziri təyin olunub.
“Bu vəzifədə o, 10 noyabr üçtərəfli bəyanatın tərəflərindən biri olan Rusiya ilə nə dərəcədə işləyə bilib, bunu müəyyən qədər təxmin etmək olar.
Digər tərəfdən, unutmayaq ki, 2020-ci ilin dekabrında Gorus-Qafan yolunun bir hissəsi Azərbaycana verilib və həmin vaxt müdafiə naziri Vağarşak Harutyunyan idi.
Bu mövzuya dəfələrlə toxunmuşuq, lakin bir neçə məqamı xatırladaq.
Belə ki, 2020-ci il dekabrın 18-də “168.am”ın sorğusuna cavab olaraq, mediada və sosial şəbəkələrdə müdafiə naziri Vağarşak Harutyunyanın guya baş nazir Nikol Paşinyanın göstərişi ilə Rusiya tərəfi ilə gizli sənəd imzaladığı barədə yayılan məlumatlara Müdafiə Nazirliyi belə münasibət bildirmişdi: “Müdafiə naziri vəzifəsinə görə Ermənistan sərhədləri ilə bağlı hər hansı sənəd imzalaya bilməz. Buna görə də müdafiə naziri belə bir sənəd imzalamayıb və imzalaya da bilməzdi, hətta gizli olsa belə, Ermənistanın, xüsusilə Zəngəzurun sərhədlərinə aid sənəd ola bilməz”, - deyə məqalədə qeyd edilib.
KİV-ə görə, lakin 2024-cü ilin avqustunda Ermənistan Xarici İşlər Nazirliyi “Sputnik Armenian”ın sorğusuna cavab olaraq bildirib ki, 44 günlük müharibədən sonra Gorus-Qafan magistralında sərhəd nəzarəti ilə bağlı Rusiya ilə sənəd imzalanıb.
“Bundan əlavə, 2021-ci ildə Nikol Paşinyan bəyan etmişdi ki, Zəngəzurda qoşunların geri çəkilməsi əmri şəxsən onun tərəfindən verilib və müdafiə naziri Vağarşak Harutyunyan sadəcə bunu icra edib.
Amma maraqlıdır ki, elə həmin Nikol Paşinyan 2025-ci ilin noyabrında belə deyib: “Mən heç vaxt Ermənistanın hər hansı suveren ərazisindən qoşunların geri çəkilməsi barədə göstəriş verməmişəm”.
Ermənistan İstintaq Komitəsi də “168.am”a bildirib ki, Zəngəzurdan qoşunların geri çəkilməsi faktı üzrə cinayət işi açılmayıb və istintaq aparılmır.
Həmin dövrdə müdafiə naziri olan, 2020-ci il dekabrın 15-də Paşinyanın yanında Zəngəzurla bağlı müzakirələrdə iştirak etmiş Vağarşak Harutyunyanın bu məsələlərlə bağlı deyəcək, izah edəcək heç nəyi yoxdurmu? Yoxsa bunu qeyri-rəsmi birtərəfli sərhədlərin müəyyənləşdirilməsi, ərazi itkisi kimi hesab etmir? Bəlkə hesab edir ki, bu yolla Ermənistana qarşı hücumun qarşısı alınıb?”, - deyə müəllif yazıb.
KİV qeyd edib ki, lakin bu da hamısı deyil.
“Məhz Vağarşak Harutyunyanın müdafiə naziri olduğu dövrdə, 2021-ci ilin mayında Azərbaycan “Ermənistanın ərazisinə daxil olub” (guya-red.) və bu da sonrakı irəliləyişləri “asanlaşdırıb”. Bu günə qədər “həmin ərazilər qaytarılmayıb” (delimitasiya aparılmayıb-red.) və müxtəlif hallarda “onların Ermənistan məxsusluğu” sual altına alınır, Azərbaycan isə həmin ərazilərdə möhkəmlənir.
Üstəlik, 2021-ci ilin may hadisələri ilə bağlı keçmiş hərbi vəzifəli şəxslər cinayət işləri üzrə təqsirləndirilir. Vağarşak Harutyunyanın isə yenə deyəcəyi bir söz yoxdurmu? Xüsusilə də Nikol Paşinyan bir dəfə etiraf edib ki, onun göstərişi ilə Azərbaycan irəliləyişlərinə ordu müqavimət göstərməyib ki, 2021-ci ilin iyununda parlament seçkiləri keçirilsin.
Bundan bir ay sonra, 2021-ci ilin iyulunda Vağarşak Harutyunyan tutduğu vəzifədən istefa verib.
İndi isə Vağarşak Harutyunyan parlament seçkilərinə hazırlaşır. O, cavabsız qalan suallara toxunmadan məsuliyyət daşımağa hazırdır, yoxsa Nikol Paşinyanla toqquşma riski ilə üzləşəcək?”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az