HÜRKUŞ-un addım səsləri... Azərbaycandan TUSAŞ-a mühüm səfər

2026/03/1773663025.jpg
Oxunub: 1240     16:11     16 Mart 2026    
TUSAŞ (Türkiyə Aviasiya və Kosmos Sənayesi) Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev və onu müşayiət edən nümayəndə heyətini qəbul etdiyini rəsmi sosial media hesablarında açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin “Tolgaozbek.com” nəşri məlumat yayıb.

Səfər iki ölkə arasında müdafiə sənayesi əməkdaşlığının gücləndiyi dövrdə baş tutub və xüsusilə HÜRKUŞ təlim təyyarəsi başda olmaqla bir sıra layihələri gündəmə gətirib.

Azərbaycan HÜRKUŞ alırmı?

Hələlik rəsmi müqavilə imzalanmayıb, lakin HÜRKUŞ-II (yeni nəsil əsas təlim təyyarəsi) ixracı üzrə danışıqlar xeyli irəliləyib. Səfər zamanı nazir Vüqar Mustafayevin HÜRKUŞ-II təyyarəsini incələyərkən görüntülənməsi diqqət çəkib. Həmçinin T129 ATAK və AKSUNGUR pilotsuz uçuş aparatı xətti üzrə də görüntülər paylaşılıb.

TUSAŞ-ın baş direktoru dr. Mehmet Demiroğlu 2026-cı ilin əvvəlində verdiyi açıqlamada Azərbaycan ilə HÜRKUŞ-II satışı üzrə yekun mərhələyə yaxınlaşıldığını və 2026-cı ilin birinci rübündə müqavilənin imzalanmasının gözlənildiyini bildirib.

Hazırda pilot hazırlığında Azərbaycan Hərbi Hava Qüvvələrində Türkiyə Hərbi Hava Qüvvələrində olduğu kimi Pakistan istehsalı “Super Mushshak” təyyarələri istifadə olunur. Məqsəd təlimlərin HÜRKUŞ ilə davam etdirilməsidir. Növbəti mərhələdə isə HÜRJET istifadəsi planlaşdırılır.


TUSAŞ Azərbaycanda hansı layihələrdə iştirak edir?

TUSAŞ-ın Azərbaycan ilə mövcud əməkdaşlığı geniş və çoxşaxəlidir. Bunların başında “Su-25” LAÇIN avionik modernizasiya layihəsi dayanır. TUSAŞ-ın ASELSAN ilə birgə həyata keçirdiyi bu layihə çərçivəsində “Su-25” təyyarələri müasir atış sistemləri ilə təchiz olunaraq qabaqcıl sursatlardan istifadə edə bilən platformaya çevrilib.

Layihənin birinci mərhələsi tamamlanıb və ikinci mərhələyə keçilib.

TUSAŞ-ın Azərbaycanda 2024-cü ildə yaradılmış “Turkish Aerospace Azerbaijan” adlı törəmə şirkəti də mövcuddur ki, bu da birgə istehsal və texniki xidmət imkanlarını artırır.

Ümumilikdə, TUSAŞ-ın ANKA və AKSUNGUR kimi pilotsuz uçuş aparatları müxtəlif ölkələrə ixrac olunur, Azərbaycan ilə isə təlim və yüngül hücum təyyarələri sahəsində yeni razılaşmalar hazırlanır.

Bu səfər Türkiyə-Azərbaycan müdafiə əməkdaşlığının strateji əhəmiyyətini bir daha göstərir və növbəti addım kimi HÜRKUŞ ixracının həyata keçirilməsi gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: HÜRKUŞ   Azərbaycan   TUSAŞ  


Bizi "telegram"da izləyin