Ordu.az xəbər verir ki, bu barədə “Massispost.com” nəşri “Ermənistan İrana qarşı müharibədən minimal zərərlə çıxmağa ümid edir” başlıqlı məqaləsində yazıb.
Nəşr qeyd edib ki, Prezident Donald Tramp bir-birinə zidd mesajlar verir, bəzən qələbədən və müharibənin yaxın zamanda başa çatacağından danışır, bəzən isə hərbi əməliyyatların davam etdirilməsi və İranda rejim dəyişikliyinə nail olunmasından söz açır.
“İranla həmsərhəd olan Azərbaycan və Türkiyə bombardmanlardan kənarda qalmadığı halda, Ermənistan indiyədək bundan yan keçə bilib və ölkədə həyat nisbətən adi qaydada davam edir. Lakin hərbi əməliyyatların uzanması ölkəni yeni çağırışlarla, iqtisadi, humanitar və siyasi problemlərlə üz-üzə qoya bilər.
Ən ciddi narahatlıq ticarət marşrutlarının pozulmasıdır, çünki Ermənistanın xarici ticarətinin əhəmiyyətli hissəsi İran ərazisindən keçir. Ticarətdə hər hansı fasilə şübhəsiz ki, inflyasiya və digər nəticələr vasitəsilə Ermənistan iqtisadiyyatına təsir göstərəcək. İran yük maşınlarının Ermənistana giriş-çıxışı da ləngiyə bilər. Bundan əlavə, İranla mövcud qaz-elektrik enerjisi mübadiləsi sazişi də risk altına düşə bilər”, - deyə müəllif bildirib.
KİV qeyd edib ki, əgər ABŞ və İsrail Tehrandakı teokratik rejimi devirməyə nail olsalar (bir çoxlarının inandırıcı hesab etmədiyi bir ssenari) İran vətəndaş müharibəsinə sürüklənə bilər.
“Belə bir qeyri-sabitliyin nəticələri Ermənistana da çata, humanitar və təhlükəsizlik böhranları yarada bilər. Çoxsaylı qaçqınların gəlişi ilə hökumət yeni bir problemlə üzləşəcək, halbuki Qarabağdan (könüllü-red.) gəlmiş şəxslərin sosial və mənzil problemləri hələ də həll olunmamış qalır.
Siyasi müstəvidə Ermənistan balanslı diplomatik münasibətlər yürütməyə çalışır. İran Ermənistan üçün dost ölkədir və onunla münasibətlər həyati əhəmiyyət daşıyır. Digər tərəfdən, ötən ilin 8 avqustunda ABŞ Prezidentinin himayəsi altında Azərbaycanla sülh sazişinin ilkin imzalanması, “Tramp Marşrutu” (Zəngəzur dəhlizi-red.) layihəsinin inkişafı və investisiya mühitinin genişlənməsinin gözlənilməsi Ermənistan-ABŞ münasibətlərini yeni mərhələyə qaldırıb. Bu reallıqlar fonunda İrəvan həssas bir siyasət yürütməyə çalışır. Bir çox müşahidəçi qeyd edib ki, İranın ali rəhbəri Əli Xameneyinin ABŞ və İsrailin zərbələri nəticəsində öldürülməsindən sonra Baş nazir Nikol Paşinyan başsağlığını iki gün gec çatdırıb. Lakin yeni seçilmiş rəhbər Müctəba Xameneyiyə təbrik dərhal göndərilib”, - deyə məqalədə vurğulanıb.
Nəşrə görə, artıq Ermənistanda ABŞ-nin artan roluna dair şübhələri olan İran çox güman ki, bu hadisələrdən sonra daha böyük narahatlıq ifadə edəcək. Bu məsələ ilə bağlı rəsmi İrəvan Tehrana “Tramp Marşrutu”nun sırf iqtisadi layihə olduğunu və heç bir hərbi ölçü daşımadığını anlatmağa çalışır.
“Məqsədi bir çoxları üçün aydın olmayan bu müharibəyə Amerika ictimaiyyətinin böyük əksəriyyəti qarşı çıxır. Hərbi əməliyyatların tezliklə başa çatması Ermənistan üçün həyati əhəmiyyət daşıyır ki, İranla ticarət və digər əlaqələr fasiləsiz davam etsin və ölkə bu böhrandan minimal zərərlə çıxa bilsin”, - deyə müəllif yazıb.
Alpər Mövludoğlu
Ordu.az