“Al Jazeera”: Xarq adasına “əyləncə üçün” zərbə endirmək barədə Trampın açıqlaması ABŞ-nin Fars körfəzində nüfuzuna zərər vura bilərmi?

2026/03/1773492661.jpg
Oxunub: 393     15:14     15 Mart 2026    
“Al Jazeera” telekanalı London Kral Kollecinin hərbi elmlər üzrə dəvətli müəllimi və analitik Samir Puridən soruşub ki, ABŞ prezidenti Donald Trampın İranın Xarq adasına “əyləncə üçün” əlavə zərbələr endirilə biləcəyi barədə bəyanatı Fars körfəzi ölkələrində ABŞ-nin etibarlı tərəfdaş kimi nüfuzuna zərər vura bilərmi?

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Puri bildirib: “Böyük dövlət və ya supergüc təhlükəsizlik zəmanəti təqdim edərkən söhbət yalnız silah və ordunun imkanlarından getmir. Bununla yanaşı strateji sağlam düşüncə və həmin subyektin məsuliyyətli davranışı da vacibdir”.

Analitikin sözlərinə görə, Tramp administrasiyasının digər üzvləri də oxşar şəkildə davranıb və bu, Fars körfəzi ölkələrini ABŞ-nin sabit və uzunmüddətli tərəfdaş olub-olmadığı barədə şübhəyə sala bilər.

Puri əlavə edib: “Müharibə naziri Pit Heqset sanki dağıntının sadəcə dağıntı naminə həyata keçirilməsindən xüsusi zövq alır. Bu isə ABŞ-nin İranla müharibəyə yanaşmasının necə olduğunu göstərir”.

Analitik bildirib ki, İranla ərəb dövlətləri arasında uzunmüddətli rəqabət olsa da, “regionda sabitliyə nail olmaq üçün güclü istək də mövcuddur”. Onun sözlərinə görə, Fars körfəzi ölkələri ABŞ-nin regionda sabitliyi qoruyub saxlaya biləcəyini soruşacaqlar.

“Bu sual əsaslıdır, çünki belə addımlar artıq radikallaşmış İran teokratik rejimini daha da radikallaşdıra bilər. Bu rejim öz taleyi və şəhidlik barədə apokaliptik təsəvvürlərə malikdir. Onların fikrincə, ABŞ və İsrailin danışıqlar zamanı ölkələrinə zərbələr endirməsi bu təsəvvürlərin bir çoxunu təsdiqləyib”, - deyə Puri bildirib.

Bundan əvvəl Tramp “NBC News”a müsahibəsində ABŞ-nin İranın Xarq adasına “sadəcə əyləncə üçün” bir neçə əlavə zərbə endirə biləcəyini demişdi.

Martın 14-nə keçən gecə isə ABŞ prezidenti Donald Tramp ABŞ Mərkəzi Komandanlığının Yaxın Şərq tarixində ən güclü bombardmanlardan birini həyata keçirdiyini və “İran imperiyasının mirvarisi” adlandırılan Xarq adasındakı bütün hərbi hədəflərin tam məhv edildiyini bildirmişdi.

Daha sonra İran KİV-ləri bombardman faktını təsdiqləyiblər.

“Press TV”nin məlumatına görə, ABŞ-nin hava zərbələri nəticəsində 15-dən çox partlayış baş verib və qalın tüstü qalxıb.

“Fars” agentliyi isə xəbər verib ki, adada ABŞ-nin hədəfləri arasında hərbi obyekt, hərbi-dəniz bazası və helikopterlərin idarəetmə qülləsi olub.

Sonradan İran KİV-ləri adada vəziyyətin nəzarət altında olduğunu bildiriblər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xarq   İran  


Bizi "telegram"da izləyin