Baş leytenant Fərdi Fərzəliyev reşəkar hərbçidir. O, Naxçıvanda Heydər Əliyev adına Hərbi Liseyi, daha sonra isə indiki Heydər Əliyev adına Hərbi İnstitutu "Motoatıcı" ixtisası üzrə bitirib. Zamanında hərbi təhsil aldığı illərdə qazandığı bilik və bacarıqlardan faydalanır. Əsgərlərin silahla sıra hərəkətlərini düzgün yerinə yetirib yetirməməsinə göz qoyur. Fərdi dedi ki, manqa komandirləri də sıra hazırlığında mükəmməl bilik və bacarıqlara yiyələniblər. Onlar şəxsi heyətə sıra məşqlərini ustalıqla aşılayırlar. Əsgərlər öyrədilən hər bir biliyi dərindən mənimsəməyə çalışırlar. Bu səbəbdən də onlar rraktiki vərdişləri tez mənimsəyirlər.
Bacarıqlı manqa komandirlərinə gəlincə, zabit dedi ki, hər biri xidməti vəzifəsinin öhdəsindən layiqincə gəlir. Onları biri-birindən ayırmaq istəmirəm.

Yaxında məşq keçən manqa komandiri ilə həmsöhbət olduq. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Allahverdi Mehdiyev tabeliyində olan əsgərlərə silahla sıra hərəkətlərini tam incəliklə izah edirdi. Əsgərlər silahı qayışda vəziyyətindən "silahı yerə qoy!" komandasını bir neçə hərəkətlə yerinə yetirirdi. Əvvəlcə nümunə olaraq bir nəfər hərbi qulluqçunu sıranın önünə çıxardıb komandanın hər bir elementini incəliyə-incəliyə izah edərək necə yerinə yetirməsini göstərirdi. Daha sonra isə əsgərlər verilən komandanı düzgün icra etməyə çalışırdılar.
Silahla sıra hərəkətlərini daha tez mənimsəyib yerinə yetirən əsgərlərə gəlincə, dərs rəhbəri dedi ki, Tuncay Şükürov, Emil Həsənov, Namiq Məhərrəmov, Eşqin Abbaslı, Nicat Mustafayev, Elgün Ədilov, Fərid Şərifov, Səid Eyvazov və Kamran Məmmədov daha yaxşı fərqlənənlərdirlər. Əsgərlər müxtəlif vaxtlarda hərbi xidmətə çağırılsalar da, onlar hərbi biliklərini eyni qaydada mənimsədikləri üçün hansının az, hansının çox xidmət etdiyini ayırmaq olmurdu. Çünki əsgərlər sıra hazırlığı zamanı biri digərindən seçilmirdi.

Əsgər Tuncay Şükürovun hərbi xidmətini başa vurmasına az qalıb. O, xidmət etdiyi dövr ərzində komandirlərinin öyrətdiklərinə dərindən yiyələnib. Məqsədi də, məramı da nümunəvi xidmət etmək olub. Nümunəvi xidmətin də yolunu hərbi bilikləri istər nəzəri, istərsə də rraktiki olsun, yetərincə mənimsəmək və komandirlərin əmrlərini vaxtında, düzgün icra etməkdə görür.
Əsgər Namiq Məhərrəmov Goranboy rayonundan hərbi xidmətə çağırılıb. Əsgər düşünür ki, silahla sıra hərəkətlərinin də öyrənilməsi hər bir hərbi qulluqçu üçün gərəklidir. Silahsız sıra hərəkətləri ilə yanaşı, hərbi qulluqçular silahla da sıra hərəkətlərini yerinə yetirməyi bacarmalıdırlar.
Vətənimizin müxtəlif bölgələrindən olan əsgərlərin məqsədi, məramı komandirlərin öyrətdiklərini dərindən mənimsəmək və yeri gəldikcə hərbi biliklərdən məharətlə yararlanmaqdır. Növbəti məşğələ yerindən onlara uğurlar diləyi ilə ayrıldıq.
Bəxtiyar Əliyev, "Azərbaycan Ordusu"
Ordu.az