Ordu.az xəbər verir ki, bunu erməni hərbi ekspert David Camalyan deyib.
“Naxçıvanda nə baş verdi? Naxçıvan hava limanına çox simvolik zərbə endirildi və yalnız cüzi maddi ziyan dəydi. Bunun ardınca Azərbaycanın sərt reaksiyası gəldi.
İndi sual yaranır: qonşu İran üçün özünə qarşı əlavə bir dövlətin qətiyyət göstərməsi sərfəlidirmi? Təbii ki, yox.
Hazırda aydın şəkildə deyə bilərik ki, tərəzinin ağır tərəfi şübhəsiz İranın xeyrinədir. Çünki İranın İsrailə və ABŞ-nin hərbi bazalarına endirdiyi zərbələr artıq aqressiyanın gedişini İranın xeyrinə dəyişib”, - deyə Camalyan bildirib.
Onun sözlərinə görə, bu vəziyyətdə İrana hücum edən tərəflərə “top yemi” kimi alternativ qüvvələr lazım olacaq.
“Birinci variant İraqdakı və İranın özündəki kürdlərdir, lakin bu ssenari o qədər də real görünmür, çünki İran Şimali İraqda İran əleyhinə hücuma hazırlaşan kürd qruplarına qarşı qabaqlayıcı zərbələr endirir.
Bundan başqa, kürdlər arasında İrana simpatiya göstərən qüvvələr də var və artıq İranı dəstəkləyən bir təşkilat da çıxış edib. Belə bir vəziyyətdə təbii ki, biz də öz addımlarımız haqqında düşünməliyik”, - deyə Camalyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az