Rusiyalı analitik: “Yaxın Şərqdəki gərginliyin asanlıqla Cənubi Qafqaza da keçə biləcəyi ilə bağlı narahatlıq var”

2026/03/1773383708.jpg
Oxunub: 519     19:11     15 Mart 2026    
“İran-ABŞ-İsrail qarşıdurması fonunda Cənubi Qafqazın üç ölkəsinin mövqeyi əslində ehtiyatlıdır”.

Ordu.az xəbər verir ki, bunu rusiyalı analitik və şərqşünas Viktor Nadein-Rayevski deyib.

Onun sözlərinə görə, bu, yalnız geosiyasi hesablamalarla deyil, həm də regionun həssaslığı ilə bağlıdır.

O qeyd edib ki, Cənubi Qafqaz münaqişənin birbaşa qonşuluğunda yerləşir və hər hansı kəskin bəyanat və ya mövqe tez bir zamanda siyasi və ya təhlükəsizlik riskinə çevrilə bilər. Buna görə də, analitikin fikrincə, hər üç ölkə açıq şəkildə tərəf tutmaqdan yayınmağa və diplomatik manevr imkanını qorumağa çalışır.

“Ermənistan üçün İran Azərbaycan və Gürcüstandan fərqli olaraq son dərəcə vacib ölkədir. Bu, xüsusilə İranla strateji əhəmiyyətli münasibətlərlə bağlıdır. Xüsusilə Ermənistanın Türkiyə və Azərbaycanla sərhədlərinin bağlı olduğu şəraitdə İran Ermənistan üçün təkcə iqtisadi və enerji tərəfdaşı deyil, həm də regional çıxışdır. Eyni zamanda, Ermənistan Qərblə münasibətlərini xeyli dərinləşdirib, buna görə də İranla bağlı Qərbin mövqeyini nəzərə almaya bilməz. Bu səbəbdən rəsmi İrəvanın ritorikası və addımları olduqca neytraldır, baxmayaraq ki, İranın Ermənistan üçün əhəmiyyətini və rolunu qiymətləndirmək çətindir”, - deyə Rayevski bildirib.

Onun fikrincə, İran məsələsində Azərbaycanın mövqeyi daha mürəkkəbdir.

“Bir tərəfdən, Bakı İsraillə sıx strateji və hərbi əməkdaşlığa malikdir və bu ölkə Azərbaycan üçün mühüm texnoloji və müdafiə tərəfdaşıdır. Digər tərəfdən, İran Azərbaycanın birbaşa qonşusudur və hər hansı kəskin mövqe Tehranla onsuz da gərgin olan münasibətləri daha da kəskinləşdirə bilər. Buna görə Bakı həm İsraillə tərəfdaşlığı, həm də İranla münasibətlərin sabitliyini riskə atmamaq üçün ehtiyatlı davranmağa çalışır.

Bundan əlavə, Azərbaycan İran istiqamətində müəyyən addımlar atmağa çalışır ki, neytral olduğunu göstərsin. Azərbaycanın timsalında Qərb amili o qədər də nəzərə çarpmır, ancaq bu mərhələdə Azərbaycan həm ABŞ, həm də Avropa İttifaqı ilə əvvəlki dövrlə müqayisədə daha sıx tərəfdaşlığa malikdir”, - deyə Rayevski qeyd edib.

Gürcüstan haqqında danışan analitik bildirib ki, Tbilisinin ehtiyatlı mövqeyi əsasən onun xarici siyasətdə balans saxlamaq siyasəti ilə bağlıdır.

“Tbilisi Qərblə problemləri dərinləşdirməməyə çalışır, eyni zamanda regional hərbi qarşıdurmalara cəlb olunmaqdan yayınır. Gürcüstan üçün əsas prioritet regional sabitlik və iqtisadi kommunikasiyaların təhlükəsizliyidir, çünki hər hansı eskalasiya ölkə ərazisindən keçən enerji və nəqliyyat dəhlizlərini təhlükə altına qoya bilər. Bu baxımdan Gürcüstanın konkret narahatlıqları var”, - deyə analitik bildirib və əlavə edib ki, ehtiyatlı mövqe daha geniş mənada da vacibdir.

Onun sözlərinə görə, Cənubi Qafqaz böyük dövlətlərin maraqlarının toqquşduğu regiondur və hər hansı səhv hesablama təhlükəsizlik balansını tez dəyişə bilər.

“Ermənistanın, Gürcüstanın və Azərbaycanın ehtiyatlı siyasəti göstərir ki, Yaxın Şərqdəki gərginliyin asanlıqla Cənubi Qafqaza da keçə biləcəyi ilə bağlı narahatlıq var. Necə ki, bu gərginlik İranın qonşu ölkələrinə də keçdi və həmin ölkələrdə ABŞ hərbi bazaları yerləşir”, - deyə Rayevski bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaxın-Şərq   Qafqaz  


Bizi "telegram"da izləyin