“Hraparak”: Reallığa çevriləcək olan isə Kərkinin geri qaytarılması və Zəngəzur dəhlizinin əldə olunması barədə vədlər olacaq

2026/03/1772429727.jpg
Oxunub: 469     21:18     24 Mart 2026    
“Səs qazanmaq, hakimiyyəti qoruyub saxlamaq naminə Nikol Paşinyan ən inanılmaz, ən ağlasığmaz addımlara belə hazırdır. O, hətta yenidən seçilib baş nazir vəzifəsində qalmaq üçün ailəsini belə “qurban verməyə”, şəxsi həyatını ictimai müzakirə obyektinə çevirməyə, hər şeyi qurban verməyə razıdır”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrə görə, pensiyaların və müavinətlərin artırılması, uşaq bağçalarının tərbiyəçilərinin əməkhaqlarının yüksəldilməsi, su təchizatı qrafikinin qorunması, bəyannamə əsasında ödənişlərin məbləğinin artırılması və digər qərarlar, eləcə də yaxın vaxtlarda mütləq veriləcək saysız-hesabsız vədlər məhz buna xidmət edir.

KİV bildirib ki, kilsəyə qarşı aparılan kampaniyada elan olunan “atəşkəs”, “Varçabend”in formalaşdırılması, partiyadaxili praymerizlərin keçirilməsi, kadr dəyişiklikləri və s. də eyni məqsədə yönəlib və siyasi texnologiyalar arsenalına daxildir.

“O pafoslu bəyanatlar da həmin arsenalın tərkib hissəsidir ki, guya onlar olmasa, sülh olmayacaq, onlar seçilməsə, “Tramp yolu” (Zəngəzur dəhlizi-red.) tikilməyəcək.

Dünən bu seçkiqabağı tamaşa daha bir epizodla tamamlandı: Paşinyanın həyat yoldaşı Anna Hakopyan ərindən boşandığını, hökumət bağ evini tərk etdiyini və kirayədə yaşayacağını bəyan etdi. O, ürəkdağlayan bir mətn hazırlamışdı ki, guya bu illər ərzində hansı məhrumiyyətlərlə və məhdudiyyətlərlə yaşayıb, hətta geyim almağa pulu olmayıb, dizaynerlərin paltarlarını “prokat” götürüb geyinib, hansısa dövlət tədbirində iştirak edib, sonra isə geri qaytarıb. Özlərini yazıq, kasıb obrazında təqdim edən bu cütlük, yəqin ki, seçicinin onlara acıyacağına, dövlət büdcəsinin baş nazirin həyat yoldaşına xərclənmədiyini dəyərləndirəcəyinə və bir neçə artıq səs verəcəyinə ümid edir. Yaxud bununla korrupsiya barədə söz-söhbətləri, “Mənim Addımım” fondunun pullu şam yeməklərinin yaratdığı mənfi təəssüratı təkzib etmək istəyirlər”, - deyə nəşr vurğulayıb.

KİV-in yazdığına görə, ötən günlərdə Paşinyanın partiyasının kulislərində müzakirə olunurdu ki, bu tamaşanın ideyası məhz Paşinyanın özünə məxsusdur.

“O anlayır ki, həyat yoldaşının yüksək antireytinqi var, erməni reallığında artıq “Saşik 2”yə çevrilib və buna görə də Anna Hakopyana rəsmi şəkildə onun həyatından getməyi təklif edib. Bəlkə də bu ayrılıq, hərçənd cüzi də olsa, onların ümumi işinə, onun yenidən seçilməsinə kömək edər.

Paşinyan, yəqin ki, seçicinin 2021-ci ildə özünün və komandasının verdiyi vədləri unutduğunu düşünür və ümid edir ki, bu dəfə də seçicini aldadaraq üçüncü müddətə yenidən hakimiyyətdə qala biləcək”, - deyə məqalədə qeyd edilib.

Nəşr sual verib ki, bəs o, beş il əvvəl, 2021-ci il iyunun 20-də keçirilən seçkilər ərəfəsində nə vəd edirdi?

“Hakim partiya öz seçki proqramında Qarabağla bağlı ən səxavətli vədləri verirdi: “öz müqəddəratını təyinetmə hüququ”nun həyata keçirilməsi, “Qarabağda yaşayan insanların təhlükəsizliyinin təmin olunması”, Şuşa və Hadrutun “alınması” (işğal edilməsi-red.), “Qarabağda yaşayan ermənilərin hüquqlarının təmin edilməsi” şərti ilə münaqişənin tənzimlənməsi. Ondan əvvəl isə, bütün ölkə onun istefasını tələb edərkən, o, ürəkdağlayan çıxışlar edir, vəziyyəti dəyişmək üçün 6 aylıq vaxt istəyir və yol xəritəsi təqdim edirdi. O, Qarabağ üzrə danışıqlar prosesini ATƏT-in Minsk Qrupu həmsədrləri formatında bərpa edəcəyini, əsir düşmüş şəxslərin (diversantlar-red.) tezliklə geri qaytarılacağını, itkin düşənlərin məsələsinin həll olunacağını vəd edirdi”, - deyə nəşr bildirib.

KİV qeyd edib ki, Paşinyan komandasının sosial sahədə verdiyi vədlər də kağız üzərində qalıb. “İşsizliyi 10%-dən aşağı salmaq. Yoxsulluq səviyyəsini iki dəfə azaltmaq. Orta pensiyanı 43 min 500 dramdan 61 min drama çatdırmaq. Minimum pensiyanı 26 min 500 dramdan 37 min drama qaldırmaq. Minimum əməkhaqqını 68 min dramdan azı 85 min drama çatdırmaq”, - deyə Paşinyan 2021-ci il seçki proqramında bunları vəd edirdi.

“Gəlin, indiki mənzərəyə rəsmi rəqəmlərlə baxaq. Statistika Komitəsinin açıqladığı məlumata görə, 2025-ci ilin 3-cü rübündə işsizlik səviyyəsi 11,8% təşkil edib. Orta pensiya vəd edilən 61 min əvəzinə 49 min 32 dramdır. Minimum pensiyanın məbləği yalnız 5 ildən sonra, o da çıxılmaz vəziyyətdə qaldıqları üçün artırılıb: aprelin 1-dən, seçkilərə 2 ay qalmış insanlar 10 min dram artıq alacaqlar. Minimum əməkhaqqı ilə bağlı vəd də yerinə yetirilməyib. Hazırda minimum əməkhaqqı 75 min dramdır.

Beləliklə, əgər hansısa möcüzə nəticəsində hakim partiya yenidən hakimiyyətdə qalsa, 2026-cı il seçkiləri ərəfəsində səsləndirilən gurultulu vədlər də eyni aqibəti yaşayacaq. Reallığa çevriləcək olan isə Qərbi Azərbaycan anlayışı, 300 min azərbaycanlının Ermənistanda məskunlaşması, Kərkinin geri qaytarılması və Zəngəzur dəhlizinin əldə olunması barədə vədlər olacaq”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan  


Bizi "telegram"da izləyin