“Past”: Ermənistanda hava-su kimi dinləmə aparan yeni proqram lazımdır

2026/02/1772255212.jpg
Oxunub: 426     09:04     28 Fevral 2026    
Parlament seçkiləri ərəfəsində Ermənistanda hakimiyyətdə olan qüvvələr müxalifləri, jurnalistləri və hətta öz yaxınlarını gizli dinləmək üçün yeni proqram almaq istəyirlər.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Hava-su kimi dinləmə aparan yeni proqram lazımdır” başlıqlı məqaləsində yazıb.

Nəşr qeyd edib ki, Paşinyan hakimiyyətinin dinləmə məqsədli casus proqramın alınmasına böyük məbləğlər xərclədiyi hələ çoxdan məlum idi.

“Məlumatlar rəsmi şəkildə təsdiqlənməsə də, sahə üzrə ekspertlər Ermənistanda İsraildə yerləşən “NSO Group” şirkətinin “Pegasus” proqramından istifadə edildiyini bildirirdilər.

Eyni zamanda, Ermənistanda “Intellexa” şirkətinin “Predator” casus proqramının da istifadə edilməsi barədə söz-söhbətlər yayılmışdı. Üstəlik, hakimiyyət daha çox öz yaxınlarını dinləyərək onlara qarşı kompromat toplamağa üstünlük verib.

Məlumdur ki, Ermənistanda ən azı 12 ictimai xadim İsraildə yerləşən “NSO Group” şirkətinin “Pegasus” casus proqramı vasitəsilə hədəfə alınıb. Bu barədə, xüsusilə, “Amnesty International” təşkilatının hesabatı nəticəsində məlumat yayılıb”, - deyə nəşr qeyd edib.

KİV-in məlumatına görə, bu günlərdə məlum olub ki, İsrail şirkəti proqramın satışını dayandırıb. “Pegasus” hələ 2021-ci ildə casusluq fəaliyyəti səbəbilə ABŞ hökumətinin federal “qara siyahı”sına daxil edilib, halbuki bundan sonra da uzun müddət müxtəlif ölkələrin hakimiyyətləri tərəfindən istifadə olunub.

“Hazırda “Past”ın mənbələrinin bildirdiyinə görə, Paşinyan hakimiyyəti təlaşla yeni proqram axtarır, çünki texniki baxımdan müəyyən rabitə vasitələri ilə dinləmə aparmaq imkanları məhduddur. Mənbənin sözlərinə görə, iki şirkətlə, Kiprdə yerləşən və Avstriyada yerləşən şirkətlərlə danışıqlar aparılır, onların proqram təminatının alınması və dinləmələrin davam etdirilməsi nəzərdə tutulur.

Xüsusilə bu gün, hakimiyyətin mövqeləri getdikcə zəiflədiyi və müxalif düşərgədə diqqətçəkən yenidənqurma proseslərinin getdiyi bir vaxtda Nikol Paşinyana hava-su kimi yeni dinləmə proqramı lazımdır”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Pegasus  


Bizi "telegram"da izləyin