Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.
Nəşr qeyd edib ki, sürücülərin bildirdiyinə görə, Gürcüstan tərəfi faktiki olaraq Ermənistan istiqamətində yüklərin girişini bloklayıb.
“Sürücülərin sözlərinə görə, onlardan daxili qaydada hər maşına görə 600-700 ABŞ dolları tələb olunur. “Heç bir səbəb göstərmədən sadəcə pul istəyirlər. Ermənistandan da heç kim heç nə demir, nə olacağını bilmirik”, - deyə sürücülər bildirir.
Maşınlar fevralın 12-dən etibarən sərhəddə dayanıb. Söhbət strateji əhəmiyyətli yüklərdən gedir (yanacaq, enerji daşıyıcıları, ağac materialları). Bunlar birbaşa daxili bazarda qiymətlərə və tədarükün sabitliyinə təsir edir.
Mənbələrimizin verdiyi məlumata görə, məsələ dövlətlərarası təmaslar səviyyəsində qaldırılıb, lakin konkret nəticə əldə olunmayıb. Bu yaxınlarda Ermənistana səfər etmiş Gürcüstanın iqtisadiyyat naziri, məlumatlara əsasən, məsələ ilə bağlı qeyri-müəyyən, formal cavablar verib və faktiki olaraq aydın mövqedən yayınıb. Ermənistan tərəfindən də hər hansı ictimai açıqlama və ya rəsmi məlumat yoxdur”, - deyə nəşr bildirib .
KİV vurğulayıb ki, erməni şirkətləri hər gün dayanma, xidmət, vaxt itkisi və müqavilə öhdəliklərinin pozulması nəticəsində yaranan cərimələr şəklində maliyyə zərərləri ilə üzləşirlər.
“Şirkətlər faktiki olaraq qeyri-müəyyənlik içində qalıb, bazar isə mümkün sarsıntılar riski ilə qarşı-qarşıyadır.
Məlumatlarımıza görə, məsələ ilə bağlı daxildə də seçici müdaxilələr olub. Mənbələrimiz iddia edir ki, hakim partiyanın deputatlarından birinə məxsus yükün məsələsi ilə bağlı Gürcüstan rəhbərliyinə Ermənistanın ən yüksək vəzifəli şəxslərindən biri şəxsən vasitəçilik edib. Belə çıxır ki, problem sistemli deyil, fərdi prinsiplə, “özünkülər” üçün həll olunur, digər sürücülər isə sərhəddə qalmaqda davam edirlər”, - deyə nəşr qeyd edib.
KİV yazıb ki, bütün bunların fonunda Ermənistanın İqtisadiyyat Nazirliyi hər hansı görünən fəaliyyət təqdim etməyib.
“Əvəzində nazirin ictimai aktivliyi sosial şəbəkələrdə statistik məlumatların paylaşılması ilə məhdudlaşır. Halbuki burada məsələ rəqəmlərdən ibarət deyil. Söhbət insanlardan, bizneslərdən və tədarük zəncirlərindən gedir. Əgər sərhəddə süni maneə formalaşırsa, bu artıq təkcə ayrı-ayrı şirkətlərin deyil, ölkənin iqtisadi təhlükəsizliyinin problemidir.
Bu vəziyyətdə aydın cavab tələb olunur: qeyd olunan 700 dolları kimlər və niyə tələb edir, Gürcüstan tərəfindən rəsmi qərar varmı və Ermənistan hökuməti konkret olaraq hansı addımları atır?
Bu arada, sərhəddə dayanan sürücülər gözləməyə davam edir, təkcə pul deyil, həm də dövlətin hərəkətsizliyi ucbatından kollaps vəziyyətinə düşməyin bədəlini ödəyirlər”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az