Ermənistan və Keniya arasında siyasi məsləhətləşmələr keçirilib

2026/02/1771870387.jpg
Oxunub: 456     22:12     23 Fevral 2026    
Fevralın 23-də Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan və Keniyanın Xarici İşlər və Diaspor Məsələləri Nazirliyinin Siyasi və Diplomatik İşlər üzrə baş direktoru Cosfat Maykara xarici siyasət qurumları arasında siyasi məsləhətləşmələrin keçirilməsinə dair Anlaşma Memorandumu imzalayıblar.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, sənədin imzalanmasından sonra iki ölkənin xarici siyasət qurumları arasında ilk siyasi məsləhətləşmələr keçirilib. Məsləhətləşmələrə Ermənistan Xarici İşlər Nazirliyinin Yaxın Şərq və Afrika idarəsinin rəisi Levon Petrosyan və baş direktor Cosfat Maykara rəhbərlik ediblər.

“Həmsöhbətlər təhsil, səhiyyə, yüksək texnologiyalar, kənd təsərrüfatı və bir sıra digər sahələrdə əlaqələrin fəallaşdırılması imkanlarını müzakirə ediblər. Hər iki tərəf siyasi dialoqun möhkəmləndirilməsinin və hüquqi-müqavilə bazasının genişləndirilməsinin vacibliyini vurğulayıb. Beynəlxalq platformalarda əməkdaşlıq və qarşılıqlı dəstək məsələlərinə də toxunulub.

Keniya tərəfinə 2026-cı ildə İrəvanda keçiriləcək BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyası Tərəflər Konfransının 17-ci sessiyası (COP17) ərəfəsində Ermənistan tərəfinin prioritetləri təqdim olunub.

Görüşdə həmçinin Cənubi Qafqazda və Şərqi Afrikada baş verən son hadisələr, eləcə də qarşılıqlı maraq doğuran beynəlxalq gündəliyin digər məsələləri müzakirə edilib”, - deyə məlumatda qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Keniya  


Bizi "telegram"da izləyin