Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “News.am” nəşri məlumat yayıb.
Məlumata görə, bundan bir neçə saat əvvəl Rubinyan sosial şəbəkədə yazmışdı ki, tanıdığı gənc cütlük nikah mərasimi üçün Sağmosavanka gedib və Ter Oşin deyib: “Əsas odur ki, xaç atası normal oğlan olsun, qeyrətli oğlan olsun, yəni “Vətəndaş Müqaviləsi” partiyasının üzvü olmasın”. Paylaşımında Rubinyan hədələyici tonda bildirib: “Ter Oşinə məsləhət görürəm ki, ağlını başına yığsın”.
Keşiş Ter Oşin Hayrapetyan “News.am”a açıqlamasında “Vətəndaş Müqaviləsi” partiyasının üzvlərinə münasibətini inkar etməsə də, nikah üçün müraciət edən gənclərə belə sözlər dediyini təkzib edib.
“Belə söhbət olmayıb, mənə heç kim müraciət etməyib, mən də heç kimə deməmişəm ki, əgər xaç atası hakim partiyanın üzvüdürsə... Bilmirəm bu söz-söhbətlər haradan çıxır. Sadəcə, həmişə demişəm ki, Erməni Apostol Kilsəsinə qarşı olan, tanrının həqiqi övladı olmayan şəxs xaç atası ola bilməz”, - deyə Ter Oşin bildirib.
Ruben Rubinyanın Sağmosavanka hansı məqsədlə getdiyi və aralarında hansı söhbətin baş tutduğu sualına Ter Oşin belə cavab verib:
“Onun səfərinin məqsədi hamıya aydındır. Ter Oşin bu gün də, sabah da, hər an eynidir. Ter Oşin Erməni Apostol Kilsəsinə və öz xalqına xidmət edir”.
Daha əvvəl Ter Oşin “Aysor.am”a açıqlamasında erməni vitse-spikerin paylaşımına münasibət bildirərək demişdi: “Vətəndaş Müqaviləsi”... mənim üçün belə bir partiya yoxdur, “Vətəndaş Müqaviləsi” üzvü olsun, olmasın, əsas odur ki, vətən xaini olmasın, vətənpərvər, kilsəni sevən insan olsun, demişəm, deyirəm”.
Media nümayəndəsi Ter Oşindən soruşub ki, indi ona qarşı təqib başlaya biləcəyindən narahat deyilmi? Sağmosavankın erməni ruhani rəhbəri cavab verərək deyib ki, heç bir narahatlığı yoxdur, artıq altı aydır ki, onun arxasınca düşüblər.
Ermənistan parlamentinin vitse-spikeri isə kilsədən çıxdıqdan bir neçə dəqiqə sonra “Facebook”da canlı yayımla ruhani ilə söhbəti barədə danışıb və qeyd edib ki, Ter Oşin gənc cütlüyə belə sözlər dediyini inkar etməyib.
“Məcbur oldum Ter Oşinə izah edim və xəbərdarlıq edim ki, kilsədə insanı siyasi baxışlarına və ya partiya mənsubiyyətinə görə ayrı-seçkiliyə məruz qoymaq həm kilsə qaydalarına ziddir, həm də Cinayət Məcəlləsində nəzərdə tutulmuş maddənin əlamətlərini daşıyır”, - deyə Rubinyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az