Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “ArmLur.am” nəşri yazıb.
Nəşrə görə, keçmiş erməni prokurorun yaxınları bildiriblər ki, o, doğma prokurorluq sistemindən azad edildiyi üçün psixoloji baxımdan dərin depressiya vəziyyətində olub.
“Xatırladaq ki, o, 2024-cü ildə prokuror vəzifəsindən azad edilib. Ermənistanın baş prokuroru Anna Vardapetyanın 2023-cü ilin dekabr və 2024-cü ilin yanvar aylarında imzaladığı əmrlərlə Prokurorluqda bir sıra kadr dəyişiklikləri həyata keçirilib. Nəticədə Zəngəzur qarnizonunun hərbi prokurorluğunun prokuroru Tiqran Sukiasyan tutduğu vəzifədən azad olunub.
“ArmLur.am” daha əvvəl İrəvanda müəmmalı və faciəli hadisənin baş verdiyini yazmışdı. Saytın etibarlı məlumatına görə, Qələbə körpüsünün altında, Hrazdan çayında keçmiş prokurorun meyiti aşkarlanıb. Yaxınlarının sözlərinə görə, Tiqran Sukiasyan İrəvan Dövlət Universitetinin Hüquq fakültəsini qırmızı diplomla bitirib, ədalətli, prinsipial və humanist bir şəxs olub, heç kimlə şəxsi problemi və ya zərərli vərdişi olmayıb, gözəl ailəsi və azyaşlı qızı var idi. Onun yaxınlarının bildirdiyinə görə, Sukiasyan peşəkar fəaliyyətinin böyük hissəsini prokurorluq sisteminə və dövlət xidmətinə həsr edib”, - deyə nəşr qeyd edib.
KİV vurğulayıb ki, qohumlarının iddiasına əsasən, o, 2019-2022-ci illərdə İrəvan şəhərinin Malatiya-Sebastiya inzibati rayon prokurorluğunda prokuror vəzifəsində çalışıb.
“2022-ci ilin dekabrında isə onu Zəngəzura göndərmək qərarı verilib. Həyat yoldaşı ilk övladına hamilə olduğu və ailəsi ilə İrəvanda daimi yaşamasına baxmayaraq, Sukiasyan Malatiya prokurorluğundan Zəngəzur qarnizonunun hərbi prokurorluğuna prokuror vəzifəsinə köçürülüb. Ola bilsin ki, yeni ailə qurmuş və övlad gözləyən prokurorun yaşayış yerindən uzaqda işləyə bilməyəcəyini və öz istəyi ilə istefa verəcəyini düşünüblər. Lakin Sukiasyan Qafan şəhərinə yollanıb.
2023-cü ilin dekabrında Anna Vardapetyanın qərarı ilə Zəngəzur qarnizonunun hərbi prokurorluğunun prokuroru Tiqran Sukiasyan tutduğu vəzifədən azad edilib. O, prokurorluq sisteminə hər hansı formada zərər vermək istəmədiyi üçün bu qərardan məhkəməyə şikayət etməyib, bir gün geri qayıdaraq hüquq qaydasının möhkəmləndirilməsi və dövlətə vicdanla xidmət etmək kimi şərəfli işə töhfə verəcəyinə ümid edib.
Yaxınlarının sözlərinə görə, Sukiasyan başına gələn ədalətsizliklə barışa bilməyib və daim sistemə qayıdacağına ümid edib. Lakin fevralın 22-də onun cəsədi Hrazdan dərəsində tapılıb”, - deyə nəşr bildirib.
KİV yazıb ki, keçmiş erməni prokurorun həyatına son qoymasının sistemdən uzaqlaşdırılması ilə bağlı olub-olmaması və ya başqa problemlərinin olub-olmaması istintaq tərəfindən araşdırılacaq. Araşdırma artıq başlanıb.
Alpər Mövludoğlu
Ordu.az