Ordu.az xəbər verir ki, bunu Verin Tsağkavan kəndinin inzibati rəhbəri Ağasi Qazaryan fevralın 21-də Göyçə şəhərində 19 yaşlı erməni hərbi qulluqçunun qətlə yetirilməsi hadisəsinə münasibət bildirərkən deyib.
“2025-ci ildə Ermənistan ordusuna çağırılmışdı, altı ay xidmət etdikdən sonra “Vətənin Müdafiəçisi” proqramı ilə müqavilə bağlamışdı və xidmətini davam etdirmək üçün icmamıza yaxın yerləşən hərbi hissəyə qayıtmışdı. Cümə axşamı hərbi hissədən enmişdi, istirahət növbəsi idi, cümə günü evdə qalmışdı, şənbə günü isə Göyçə şəhərinə gedib və bizə məlum olmayan səbəbdən bıçaqlanıb.
Yanında bir nəfər olub, sürücü kimi onu aparıb, qalanı barədə məlumatım yoxdur. O, heç nəyə qarışmayıb, eşitdiyimə görə maşının içində olub və bir neçə saniyə ərzində Aramın həyat və ölüm məsələsinin yarana biləcəyini təsəvvür etməyib.
Belə hadisə Verin Tsağkavan kəndində ilk dəfə idi baş verirdi, gənc oğlan bıçaqlanıb, bütün kənd yas saxlayır. Belə bir yas yalnız 2020-ci ilin 44 günlük müharibəsi zamanı olmuşdu, o vaxt itkilərimiz var idi. İstər bizim kənddən olsun, istər sizin kənddən, istərsə də ölkənin başqa bölgəsindən sülh şəraitində gəncin itirilməsi çox ağırdır. Həyata yeni qədəm qoymuşdu, hələ 20 yaşı tamam olmamışdı, həyatı yeni-yeni dərk edirdi və təəssüf ki, artıq bizimlə deyil”, - deyə o bildirib.
Erməni kənd sakinlərindən biri də bildirib: “Normal, zəhmətkeş kəndli ailəsinin övladı idi, köməksevər, dostcanlı, nümunəvi oğlan idi. Onun haqqında söz tapmıram, hamımız bu ağrını yaşayırıq. O uşaq heç bir pis addım ata bilməzdi, valideynləri də çox ağıllı, qayğıkeş, xeyirxah insanlardır.
Səbəblər barədə heç nə deyə bilmərəm. Eşitdiyimə görə, görüşə çağırıblar, uşaqdır, gedib və nəticə budur. Bu ağrı təkcə ailəsinin deyil, bütün kəndindir. Gənc idi, həyatdan nə görmüşdü ki? Beş il ölkəyə xidmət etməli, sərhədi qorumalı idi ki, o namərdlər rahat yaşasın. Oğlumla uşaqlıqdan dost olublar. Oğlum hər dəqiqə zəng edir, deyir nə edək, geri qaytara bilmirik. Birlikdə Hoktemberyanda hazırlıq keçmişdilər. Oğlum Sisiana getdi, Aram isə bura qayıtdı”.
Digər bir erməni kənd sakini isə deyib: “Aram çox ağıllı uşaq idi. Necə və nə baş verdiyini bilmirəm, amma bizim kənddə böyüyüb, nə dava-dalaş edən idi, nə də pis mühitlə əlaqəsi var idi. Zəhmətkeş ailənin övladıdır, özü də hərbçi idi. Çox acınacaqlıdır, hazırda bütün kənd yas saxlayır”.
Daha əvvəl bildirilmişdi ki, Aram dostu ilə birlikdə Göyçə şəhərinə gedib, hadisə zamanı dostu avtomobildə olub. O, bir gəncin Arama yaxınlaşaraq onu qucaqladığını, sonra isə dərhal bıçaqlamağa başladığını görüb. Bunu görən dostu maşından düşərək Arama tərəf qaçıb, bundan sonra bıçaqlayan şəxs hadisə yerindən qaçıb.
Həmkəndlilərinin sözlərinə görə, Arama yeddi bıçaq zərbəsi endirilib. Bir neçə nahiyəsindən yaralanan Aramı xəstəxanaya dostu çatdırıb.
Ermənistan KİV-ləri qeyd edir ki, qətl faktı ilə bağlı cinayət işi başlanıb.
Ermənistan KİV-ləri xatırladır ki, fevralın 21-də saat 13:00 radələrində bıçaqlanmış vəziyyətdə Göyçə Tibb Mərkəzinə Tavus vilayətinin sakini, 19 yaşlı Aram Xaçatryan çatdırılmışdı. O, huşu özünə gəlmədən ölmüşdü. Polis əməkdaşları müəyyən ediblər ki, gəncə zəng edərək onu Göyçə şəhərinə çağırıblar və heç nə müzakirə etmədən dərhal bıçaqlayıblar. Qətldə şübhəli bilinən şəxslərin adları açıqlanmır, yalnız adlarının baş hərfləri (N. M. və A. M.) göstərilir.
“Armlur.am” saytının məlumatına görə, bıçaqlayanlar yetkinlik yaşına çatmayan şəxslərdir. KİV-in iddiasına əsasən, qətl bir qız üstündə baş verib.
Alpər Mövludoğlu
Ordu.az