Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, o, Ermənistanın Tavus vilayətinin Verin Tsağkavan icmasından idi, müqaviləli hərbçi və “Vətənin müdafiəçisi” proqramının iştirakçısı olub. Aram yaşadığı əraziyə yaxın yerləşən hərbi hissədə xidmət edirdi.
Qeyd edilir ki, o, qətldən iki gün əvvəl növbədən qayıtmışdı.
Qeyri-rəsmi məlumatlara görə, qətldə 17 yaşlı yeniyetmə şübhəli bilinir. O, Aramın ünsiyyətdə olduğu bir qızın ögey qardaşıdır. Məlumata əsasən, məhz həmin şəxs müddətli erməni hərbi qulluqçu Aramı Göyçə şəhərinə nəyisə müzakirə etmək bəhanəsi ilə çağırıb. 17 yaşlı yeniyetmə və daha bir nəfər həbs olunub. Barələrində bir ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Daha əvvəl bildirilmişdi ki, Aram dostu ilə birlikdə Göyçə şəhərinə gedib, hadisə zamanı dostu avtomobildə olub. O, bir gəncin Arama yaxınlaşaraq onu qucaqladığını, sonra isə dərhal bıçaqlamağa başladığını görüb. Bunu görən dostu maşından düşərək Arama tərəf qaçıb, bundan sonra bıçaqlayan şəxs hadisə yerindən qaçıb.
Həmkəndlilərinin sözlərinə görə, Arama yeddi bıçaq zərbəsi endirilib. Bir neçə nahiyəsindən yaralanan Aramı xəstəxanaya dostu çatdırıb.
Ermənistan KİV-ləri qeyd edir ki, qətl faktı ilə bağlı cinayət işi başlanıb.
Ermənistan KİV-ləri xatırladır ki, fevralın 21-də saat 13:00 radələrində bıçaqlanmış vəziyyətdə Göyçə Tibb Mərkəzinə Tavus vilayətinin sakini, 19 yaşlı Aram Xaçatryan çatdırılmışdı. O, huşu özünə gəlmədən ölmüşdü. Polis əməkdaşları müəyyən ediblər ki, gəncə zəng edərək onu Göyçə şəhərinə çağırıblar və heç nə müzakirə etmədən dərhal bıçaqlayıblar. Qətldə şübhəli bilinən şəxslərin adları açıqlanmır, yalnız adlarının baş hərfləri (N. M. və A. M.) göstərilir.
“Armlur.am” saytının məlumatına görə, bıçaqlayanlar yetkinlik yaşına çatmayan şəxslərdir. KİV-in iddiasına əsasən, qətl bir qız üstündə baş verib.
Alpər Mövludoğlu
Ordu.az