Ordu.az xəbər verir ki, bu barədə bu gün Cenevrədə BMT İnsan Hüquqları Şurasının 61-ci sessiyasının yüksək səviyyəli iclasında çıxışı zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.
“Biz beynəlxalq hüququn kobud pozuntularına qarşı qlobal təminatların gücləndirilməsinə əhəmiyyətli töhfə verməyə çalışırıq.
Onilliklərlə davam edən zorakı münaqişələr və humanitar fövqəladə hallardan sonra Ermənistan Azərbaycanla birlikdə regionumuzda uzunmüddətli sülhün bərqərar olunması istiqamətində qəti addımlar atdı.
Ötən il Vaşinqtonda keçirilən sülh sammiti iki ölkə arasında sülhün əldə olunması ilə yanaşı, ticarət, kommunikasiya və insanlararası təmaslar üçün də yol açdı. Hökumətlərarası razılaşmalardan kənarda, bu yolu seçməklə biz cəmiyyətlərimiz, o cümlədən zərər çəkmiş əhali arasında real dialoq və etimadın toxumlarını səpirik”, - deyə o qeyd edib.
Mirzoyan bildirib ki, münaqişənin ağrılı humanitar nəticələri hələ də həllini tapmasa da və uzaq-yaxın keçmişin yaraları davam etsə də, tərəflər barışıq yolunu seçib.
“Buna baxmayaraq, Ermənistan gələcəyə yönəlmiş bu prosesi qətiyyətlə davam etdirməyə sadiqdir və anlayır ki, sülhün institusional möhkəmləndirilməsi münaqişənin nəticələrinin aradan qaldırılması üçün daha əlverişli mühit yaradacaq.
Hörmətli sədr, sonda vurğulamaq istəyirəm ki, çoxtərəfli institutlara göstərilən böyük təzyiqlərə baxmayaraq, biz prinsipial nikbinliyin səsini qoruyub saxlamalı və yüksəltməliyik. Biz insan hüquqları sisteminin və bütövlükdə BMT-nin bu prosesdən qlobal mandatını yerinə yetirmək üçün daha gücləndirilmiş imkanlarla çıxacağına dair möhkəm əminliyimizi ifadə edirik”, - deyə o vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az