Göyçədə baş verən erməni hərbi qulluqçunun qətlindən təfərrüatlar məlum olub

2026/02/1771701472.jpg
Oxunub: 346     13:54     23 Fevral 2026    
Fevralın 21-də Göyçə şəhərində qətlə yetirilən 19 yaşlı Aram Xaçatryan Tavus vilayətinin Verin Tsağkavan icmasından idi, müqaviləli hərbi qulluqçu və “Vətənin müdafiəçisi” proqramının iştirakçısı olub.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Qeyd edilir ki, o, yaşadığı yerə yaxın yerləşən hərbi hissədə qulluq edirdi. Aram qətldən iki gün əvvəl növbədən qayıtmışdı.

Məlumatına görə, Aram dostu ilə birlikdə Göyçə şəhərinə gedib, hadisə zamanı dostu avtomobildə olub. O görüb ki, bir gənc Arama yaxınlaşıb, onu qucaqlayıb və dərhal bıçaqlamağa başlayıb. Bunu görən dostu avtomobildən düşərək Arama yaxınlaşıb, bundan sonra bıçaqlayan şəxs qaçıb.

Kənd sakinlərinin sözlərinə görə, Arama yeddi zərbə endirilib. Bir neçə nahiyəsindən yaralanan Aramı xəstəxanaya dostu çatdırıb.

Ermənistan KİV-ləri qeyd edir ki, qətl faktı ilə bağlı cinayət işi başlanıb. Adları açıqlanmayan iki şəxs barəsində ictimai cinayət təqibi başladılıb. Onlar barəsində 1 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Ermənistan KİV-ləri xatırladır ki, fevralın 21-də saat 13:00 radələrində bıçaqlanmış vəziyyətdə Göyçə Tibb Mərkəzinə Tavus vilayətinin sakini olan 19 yaşlı Aram Xaçatryan gətirilmişdi və o, özünə gəlmədən ölmüşdü. Polis müəyyən edib ki, gəncə zəng edərək onu Göyçə şəhərinə çağırıblar və heç nə müzakirə etmədən dərhal bıçaqlayıblar. Qətldə şübhəli bilinən şəxslərin adları açıqlanmır, yalnız adların baş hərfləri qeyd olunur: N. M. və A. M.

“Armlur.am” nəşrinin məlumatına görə, bıçaqlayanlar yetkinlik yaşına çatmayan şəxslərdir. Media orqanının məlumatına əsasən, qətl bir qız səbəbilə baş verib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Göyçə   Qətl  


Bizi "telegram"da izləyin