Ordu.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosu (RFE/RL) yazıb.
Nəşr qeyd edib ki, hər iki lider ABŞ himayəsi altında 8 avqust 2025-ci ildə Prezident Donald Trampın təşkil etdiyi Ağ Ev sammitində sülh sazişini paraflayıblar.
“Lakin təxminən altı ay sonra əsas sual açıq qalır: siyasi irəliləyiş geri dönməz sülhə çevrilibmi?
Fevralın 20-də Hadson İnstitutunda çıxış edən ABŞ dövlət katibinin köməkçisinin müavini Sonata Kelter avqust sammitini “Cənubi Qafqaz üçün həlledici məqam” kimi dəyərləndirib.
Onun sözlərinə görə, hər iki hökumət münasibətlərin normallaşdırılması, ticarət və tranzit yollarının açılması, eləcə də davamlı sülhün təmininə yönəlmiş institusional əsasların yaradılması istiqamətində konkret addımlar atıb. “Əgər liderlər sülhü seçsələr, biz onu rifaha çevirən alətlərlə onları dəstəkləyəcəyik”, - deyə o bildirib və investisiyalar, təhlükəsizlik sahəsində əməkdaşlıq, suverenliyin və iqtisadi müstəqilliyin möhkəmləndirilməsi proqramlarını xatırladıb.
Bu yanaşmanın mərkəzində, ABŞ tərəfinin ifadəsi ilə desək, regionda insanların, malların, enerjinin və ideyaların hərəkətini asanlaşdırmaq və münaqişənin yenidən alovlanması motivlərini azaltmaq üçün hazırlanmış TRIPP (Zəngəzur dəhlizi-red.) təşəbbüsü dayanır”, - deyə nəşr bildirib.
KİV-ə görə, Vaşinqton iqtisadi inteqrasiyanı ön plana çıxarsa da, analitiklər qeyd edirlər ki, xüsusilə Ermənistanda daxili siyasi proseslər sülh prosesinin taleyini müəyyən edəcək.
“Atlantik Şurası”nın Avrasiya Mərkəzinin nümayəndəsi Endryu D-Anieri “Azadlıq” radiosuna müsahibəsində Kelterin “TRIPP Enterprise Fund” barədə qeydini mühüm hesab edib və bunu “daha tez əlçatan maliyyə vəsaitləri” kimi dəyərləndirib. Onun fikrincə, bu, dəhlizlə bağlı tikinti işlərinin başlanmasına təkan verə bilər.
Bununla belə, o, ən yaxın dəyişiklik kimi Ermənistanda gözlənilən parlament seçkilərini göstərib. “Hazırda ən böyük sual işarəsi Ermənistan seçkiləridir”, - deyə o vurğulayıb və Paşinyanın partiyasının hakimiyyəti qorumaq üçün yeni mandat qazanmalı olduğunu qeyd edib.
D-Anieri bildirib ki, bir çox müşahidəçilər Rusiyanın səsverməyə təsir göstərmək üçün addımlar ata biləcəyini gözləyirlər. Onun sözlərinə görə, Moskva Paşinyanın “sülhün praqmatik yolu”nu seçmək cəhdlərinə tənqidi yanaşır.
“İyun seçkilərindən sonra sülh perspektivləri barədə daha çox məlumatımız olacaq”, - deyə analitik bildirib.
ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç isə Ermənistan və Azərbaycan rəhbərliyi arasında münasibətlərin siyasi səviyyədə, görünür, sabitləşdiyini deyib.
Bununla belə, onun sözlərinə görə, bu, hələ yekun sülh müqaviləsinin imzalanmasına gətirib çıxarmayıb.
Eyni zamanda, Kozlariç xəbərdarlıq edib ki, daha geniş geosiyasi gərginlik gələcək irəliləyişi çətinləşdirə bilər. ABŞ və İran arasında gərgin münasibətlər fonunda, onun fikrincə, Tehran xüsusilə TRIPP təşəbbüsü ətrafında Cənubi Qafqazda ABŞ təsirinin genişlənməsinə qarşı çıxmağa cəhd göstərə bilər. O, həmçinin Moskvanın həm Ermənistanda, həm də Azərbaycanda ABŞ fəaliyyətinə qarşı güclənən ritorikasına, o cümlədən ABŞ-Ermənistan nüvə əməkdaşlığı ilə bağlı Rusiya narahatlıqlarına diqqət çəkib.
“Mən İranın və ya Rusiyanın Cənubi Qafqazda ABŞ-nin qələbəsini asanlıqla qəbul edəcəyini gözləmirəm”, - deyə Kozlariç bildirib.
Nəşr bildirib ki, hazırda Tramp administrasiyası infrastruktur, ticarət və təhlükəsizlik sahəsində əməkdaşlıq vasitəsilə sülhü möhkəmləndirməyə çalışır və ümumi iqtisadi maraqların münaqişənin yenidən başlanmasının qarşısını ala biləcəyini vurğulayır.
“Yaxın perspektivdə əsas addımlar hərtərəfli sülh sazişinin yekun hazırlanması və ratifikasiyası, seçkilərdən sonra Ermənistanda siyasi sabitliyin təmin edilməsi, eləcə də TRIPP ilə bağlı tranzit və kommunikasiya layihələri üzrə real işlərin başlanması olaraq qalır”, - deyə KİV qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az