Ermənistan “gömrük anbarı”: Gevorq Papoyan iqtisadi köpüyü partlatdı, ixracın yarısı Ermənistana məxsus deyil

2026/02/1771832259.jpg
Oxunub: 373     11:35     23 Fevral 2026    
Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan hakimiyyətin iqtisadi siyasətini tərifləməyə çalışarkən faktiki olaraq etiraf edib ki, Ermənistandan həyata keçirilən ixracın demək olar ki, yarısı erməni mənşəli deyil. Başqa sözlə, bu, təkrar ixracdır.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Ermənistan “gömrük anbarı”: Gevorq Papoyan iqtisadi köpüyü partlatdı, ixracın yarısı bizə məxsus deyil” başlıqlı məqaləsində yazıb.

Nəşr qeyd edib ki, digər ölkələrdən idxal edilərək Ermənistan vasitəsilə yenidən ixrac olunan və Ermənistan iqtisadiyyatı ilə birbaşa əlaqəsi olmayan mallar son illərdə ixrac və iqtisadi “inqilabi” artım görüntüsü yaradıb.

“Reeksportlar Rusiyaya qarşı genişmiqyaslı iqtisadi məhdudiyyətlər tətbiq edildikdən sonra artmağa başladı. Hakimiyyət bunu hər zaman açıq etiraf etməsə də, fakt budur ki, Rusiyaya qarşı tətbiq olunan sanksiyalardan sonra reeksportlar Ermənistan iqtisadiyyatının və ixracının ayrılmaz hissəsinə çevrilib. Ermənistan vasitəsilə digər ölkələrdən böyük həcmdə mallar həm Rusiya bazarına göndərilir, həm də Rusiya malları başqa ölkələrə yenidən ixrac olunur.

Nəticədə Ermənistanın xarici ticarət göstəriciləri bir neçə il yüksək templə artıb. Ötən il azalma qeydə alınsa da, bu, reeksportun tam dayanması demək deyil. Əvvəlki kimi, Ermənistan vasitəsilə böyük həcmdə erməni mənşəli olmayan mallar yenidən ixrac edilir. Bunu iqtisadiyyat nazirinin paylaşımı da təsdiqləyir.

Nazirin hesablamalarının nəyə əsaslandığını demək çətindir, lakin onları doğru hesab etsək, 2025-ci ildə Ermənistandan 4 milyard 462 milyon dollar dəyərində erməni mənşəli mal ixrac olunub. Halbuki rəsmi məlumatlara görə, ötən il ümumi ixrac 8 milyard 395 milyon dollar təşkil edib”, - deyə nəşr qeyd edib.

KİV vurğulayıb ki, əgər 4 milyard 462 milyon dollar erməni mənşəli mallardırsa, deməli 3 milyard 933 milyon dollar, yəni təxminən yarısı qeyri-erməni mənşəli, başqa ölkələrdən gətirilərək yenidən ixrac edilən mallardır.

“Bu mallar Ermənistanda istehsal olunmayıb, lakin ixrac statistikasında Ermənistanın göstəricisi kimi əks olunub.

Məhz bunun nəticəsində ötən il ixrac təxminən 8,4 milyard dollar olub. Reeksport olmasaydı, bu rəqəm demək olar ki, iki dəfə az olardı.

Rusiya-Ukrayna müharibəsindən və Rusiyaya qarşı beynəlxalq sanksiyalardan əvvəl də müəyyən həcmdə reeksport mövcud idi, lakin onların həcmi cəmi bir neçə yüz milyon dollar səviyyəsində idi. Məsələn, 2021-ci ildə Ermənistandan 3 milyard dollardan bir qədər çox mal ixrac olunmuşdu və bunun 424 milyon dolları qeyri-erməni mənşəli idi. Ötən il isə bu göstərici 9,2 dəfə artıb. 2024-cü ildə isə reeksportun payı ixracın təxminən 69 faizini təşkil edib.

13,1 milyard dollardan çox ümumi ixracın təxminən 9,1 milyard dolları erməni mənşəli olmayıb. Qeyri-erməni mənşəli malların ixracı erməni mənşəli malları 222 faiz üstələyib.

Son illərdə hakimiyyətin fəxrlə təqdim etdiyi rekord xarici ticarət artımları məhz bu şəkildə formalaşıb. Halbuki bu artımların Ermənistan iqtisadiyyatı ilə birbaşa əlaqəsi olmayıb, amma statistikada belə təqdim edilib.

Ötən il həm xarici ticarət, həm də ixrac kəskin azalıb. İxrac 36 faizdən çox geriləyib. Buna baxmayaraq, yenə də böyük həcmdə reeksport həyata keçirilib”, - deyə nəşr vurğulayıb.

KİV yazıb ki, reeksportda əsas payı qiymətli və yarı qiymətli daşlar, qiymətli metallar və onlardan hazırlanan məmulatlar tutub.

“Söhbət ilk növbədə məşhur qızıl reeksportundan gedir. Ötən il əvvəlki həcmlər qeydə alınmasa da, yenə də milyardlarla dollar dəyərində, ümumilikdə 2,8 milyard dollardan çox ixrac və reeksport həyata keçirilib. Halbuki əvvəlki il bu rəqəm 8 milyardı keçirdi. 5 milyard dollardan artıq azalma da ümumi ixracın 36 faizdən çox geriləməsinə səbəb olub.

Qızıl reeksportu başlamazdan əvvəl qiymətli daş və metalların ixracı cəmi 300-400 milyon dollar səviyyəsində idi. Məsələn, 2021-ci ildə 333 milyon dollar olub ki, bu da ötən ildən təxminən 9 dəfə, 2024-cü ildən isə 24 dəfə azdır.

Qısa müddətdə Ermənistanın xarici ticarətində qızıl reeksportu hesabına necə böyük dəyişiklik baş verdiyini təsəvvür etmək çətin deyil”, - deyə müəllif bildirib.

Nəşr vurğulayıb ki, xarici ticarətdə maşın, avadanlıq və mexanizmlərin reeksportu da əhəmiyyətli rol oynayıb.

“Ötən il bu kateqoriyadan ixrac 1 milyard 324 milyon dollara çatıb. Rusiya-Ukrayna müharibəsindən əvvəl bu cür malların ixracı çox cüzi idi. 2021-ci illə müqayisədə ötən il bu malların ixracı 22 dəfə artıb. Burada da əsasən Ermənistanda istehsal olunmayan mallardan söhbət gedir və artım əsasən reeksport hesabına baş verib.

Beləliklə, son illərdə Ermənistanın xarici ticarətində, həm ixracda, həm də idxalda kəskin artım əsasən reeksportla bağlı olub. Lakin bu artımlar bir çox hallarda Ermənistan iqtisadiyyatı və yerli istehsalla bağlı olmayıb, baxmayaraq ki, tez-tez belə təqdim edilir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Papoyan   İxrac  


Bizi "telegram"da izləyin