Hədiyyələr, yoxsa simvolik xatırlatmalar? Rusiya səfəri zamanı Alen Simonyan nə alıb?

2026/02/1771831874.jpg
Oxunub: 369     14:30     23 Fevral 2026    
Ermənistan parlamentinin sədri Alen Simonyanın rəhbərlik etdiyi nümayəndə heyəti 2026-cı il fevralın 4-7-də Rusiya Federasiyasında rəsmi səfərdə olub. Rəsmin hansı siyasi nailiyyətlərlə geri qayıtdığı aydın görünmür, lakin hədiyyələr baxımından səfər kifayət qədər “bərəkətli” olub.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Hədiyyələr, yoxsa simvolik xatırlatmalar? Rusiya səfəri zamanı Alen Simonyan nə alıb?” başlıqlı məqaləisndə yazıb.

Nəşr qeyd edib ki, üstəlik, Rusiya rəsmilərindən alınan hədiyyələri müəyyən mənada simvolik də hesab etmək olar.

“Belə ki, Korrupsiyanın qarşısının alınması komissiyasına təqdim olunan bəyannaməyə əsasən, Alen Simonyan “Rosatom” korporasiyasının direktoru Aleksey Lixaçovdan “Rosatom” xatirə matrioşkası və reaktor fiqurcuğu hədiyyə alıb.

Hədiyyənin dəyəri təxminən 160.000 dram olaraq qiymətləndirilib.

Federasiya Şurasının sədri Valentina Matviyenko isə Alen Simonyana “Qış meşəsi” adlı tablo hədiyyə edib. Tablonun dəyəri 249.430 dram, Federasiya Şurasının loqotipi olan bəzəkli qutuda saatın dəyəri isə 149.658 dram təşkil edir”, - deyə nəşr bildirib.

KİV qeyd edib ki, diplomatik hədiyyələrin şərhi çox vaxt hədiyyənin mövzusundan daha çox mövcud siyasi vəziyyətdən asılı olur.

“Onu da əlavə edək ki, “İctimai xidmət haqqında” qanuna edilmiş dəyişikliklərlə hədiyyələrin qəbul edilməsi ilə bağlı yeni qaydalar müəyyən edilib. Bu tənzimləmələrə görə, dövlətə və ya icmaya dövlət və rəsmi səfərlər, tədbirlər, həmçinin işgüzar səfərlər və ezamiyyətlər çərçivəsində verilən hədiyyələr, əgər onların dəyəri 60.000 dramı keçərsə, təhvil verilir.

Xatırladaq ki, “İctimai xidmət haqqında” Ermənistan qanununun 29-cu maddəsinin 4-cü bəndinin 4-cü yarımbəndinə əsasən, ictimai vəzifə tutan şəxslərə və ictimai qulluqçulara yalnız qanunla nəzərdə tutulmuş mükafat, dövlət təltifi və ya təşviq vasitəsi olan əmlakı, o cümlədən Baş nazir tərəfindən mükafat kimi verilən silahı qəbul etməyə icazə verilir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya   Simonyan  


Bizi "telegram"da izləyin