Erməni ekspert: “Ermənistana xidmət etməyən yolun açılması Ermənistanda investisiyalar təmin etməlidir?”

2026/02/1771830112.jpg
Oxunub: 403     17:01     23 Fevral 2026    
“Bu günlərdə media, xüsusilə də hakimiyyət və hakimiyyətə yaxın dairələr iki iqtisadi proqnoza diqqət çəkirlər. Birincisi, beynəlxalq reytinq agentliyi olan “S&P Global Ratings”in təhlilidir”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri yazıb.

Nəşr qeyd edib ki, agentlik Ermənistan üçün 2026-cı ildə ÜDM-in 5,3 faiz, 2027-ci ildə isə 4,8 faiz artacağını proqnozlaşdırır. 2026-cı il fevralın 20-də “S&P Global Ratings” Ermənistanın reytinqi üzrə proqnozunu “sabit”dən “müsbət”ə dəyişib.

Agentliyin açıqlamasında deyilir: “Proqnozun “müsbət”ə dəyişdirilməsi regional geosiyasi və təhlükəsizlik dinamikasında yaxşılaşma potensialının mövcud olduğu barədə mövqeyimizi əks etdirir. Bu, xüsusilə Ermənistan və Azərbaycan arasında diplomatik və ticarət münasibətlərinin tənzimlənməsi istiqamətində əlavə irəliləyiş ehtimalı ilə bağlıdır”.

KİV vurğulayıb ki, növbəti proqnoz beynəlxalq iqtisadi tədqiqat mərkəzi olan “Oxford Economics”ə məxsusdur. Analitiklər yenə eyni məqama diqqət çəkirlər: nəqliyyat və kommunikasiya xətlərinin açılması Ermənistan iqtisadiyyatına əlavə stimul verə və investorların etimadını möhkəmləndirə bilər.

Erməni iqtisadçı, politoloq Hrant Mikayelyan nəşrə açıqlamasında mövcud vəziyyəti şərh edib.

Mikayelyan bu illər ərzində investisiyalarla bağlı verilmiş çoxsaylı vədləri xatırladıb. Onun sözlərinə görə, Çindən 10-15 milyard, Avropa İttifaqından isə 2,6 milyard həcmində gözlənilən vəsaitlərdən danışılıb, lakin bu pullar indiyədək yoxdur.

“Bu, spekulyasiyadır. Onlar Ermənistan üçün ən pis variant, rebrendinq olunmuş dəhlizi guya Ermənistan üçün ən yaxşı ssenari kimi təqdim etməyə çalışırlar. Cəmiyyətdə bir çoxları fərqi ayırd edə bilmədiyi üçün, müəyyən mənada hakimiyyət buna nail ola bilir. Ermənistana xidmət etməyən yolun açılması Ermənistanda investisiyalar təmin etməlidir? Nə üçün?.. İnvestisiyalar gələcəkmi? Bu yalan vədlər ümumiyyətlə Ukraynaya, Moldovaya, Gürcüstana verilib… Bu ölkələr hara gəlib çatdı?”, - deyə erməni mütəxəssis bildirib.

Mikayelyan qeyd edib ki, yəni bu, tamamilə yalandır, heç bir investisiya olmayacaq: “Xalqı bu dərəcədə aldatmaq artıq təkcə aldadan tərəfdən deyil, həm də aldadılan tərəfdən asılıdır”.

Bu yanaşmanın yalnız hakimiyyətə məxsus olmadığı, faktiki olaraq beynəlxalq ekspert mərkəzlərinin də bu mövzu ilə məşğul olduğu barədə qeydə Mikayelyan cavab verərək bildirib ki, onları öz geosiyasi proqramlarının həyata keçirilməsi kontekstində qiymətləndirmək lazımdır.

“Bu ekspert mərkəzləri, adətən, siyasi məqsədlərə xidmət edir”, - deyə erməni mütəxəssis xatırladıb.

“Yəni bu yolla mövqelərə təsir göstərmək, yaxud dəstəyin daha bir təzahürünü nümayiş etdirmək istəyirlər?” sualına isə Mikayelyan belə cavab verib: “Seçkilərlə bağlıdır. Bunlar Cey Di Vensin Ermənistana səfəri kimi seçkiöncəsi “intervensiyalar”dır”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Mikayelyan  


Bizi "telegram"da izləyin