Gürcü analitik: “ABŞ açıq şəkildə Cənubi Qafqazda Rusiyanın təsirini mübahisələndirməsə də, dominantlığa can atır”

2026/02/1771829653.jpg
Oxunub: 418     15:14     23 Fevral 2026    
Ermənistan ərazisində fəaliyyət göstərən dəmir yolu infrastrukturunun Rusiya tərəfindən idarə olunması məsələsində İrəvan-Moskva arasında fikir ayrılıqları formalaşır.

Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistan dəmir yolu şəbəkəsini Rusiya nəzarətindən çıxarmaq və üçüncü tərəfə vermək və ya satmaq niyyəti barədə bəyan edib.

“TRIPPP (Zəngəzur dəhlzii-red.) çərçivəsində elə qüvvələr var ki, deyirlər: gəlin elə edək ki, Mehriyə qədər gəlsin, amma Naxçıvana girəndə Naxçıvana daxil olmasın və Ermənistandan yan keçsin. Təbii ki, bizim beynəlxalq tərəfdaşlarımız deyirlər: “Ermənistandan necə yan keçsin, axı Ermənistan bizim tərəfdaşımızdır”. Həmin yerdə Ermənistandan yan keçmək istəyənlər deyirlər ki, Ermənistanın dəmir yolu Rusiyanın idarəçiliyindədir. Biz hər şeyi edirik ki, inandıraq: bəli, Rusiyanın idarəçiliyindədir, amma Ermənistanın mülkiyyətidir və Rusiya heç bir formada istəmir və praktikada da regional layihələrə maneə yaratmayacaq. Bu barədə mən Rusiya Federasiyasının prezidenti ilə də danışmışam, bilirəm ki, o, bu layihələrin hamısının tərəfdarıdır”, - deyə Paşinyan qeyd edib. O vurğulayıb: “Dəmir yolunun Rusiya tərəfindən idarə olunması nəticəsində biz strateji mövqelərimizin itirilməsi və rəqabət üstünlüyümüzün azalması ilə üzləşirik”.

Paşinyan, həmçinin əlavə edib: “Mənim təsəvvür etdiyim həll yolu bundan ibarətdir: həm Rusiya, həm də Ermənistanla dost münasibətləri olan elə bir ölkə olsun ki, sadəcə Rusiyadan konsessiya idarəetmə hüququnu alsın”.

Paşinyanın açıqlamalarının məntiqinə görə, TRIPPP Naxçıvandan Ermənistan ərazisinə doğru davam etmir, çünki Ermənistan ərazisində dəmir yolu şəbəkəsinə Rusiya tərəfi nəzarət edir və bu mövcudluq Ermənistanın öz bütün potensialını üzə çıxarmasına mane olur. Lakin bu, yalnız Paşinyana məxsus versiyadır. Bir sıra analitiklərin fikrincə isə, Ermənistan hakimiyyəti ermənipərəst qərarları danışıqlar yolu ilə əldə edə bilməməsini yenidən Rusiya tərəfinin üzərinə yükləyir. Bununla belə, Rusiya tərəfi bu təklifi qəti şəkildə qəbul etmək istəmir.

Bu yaxınlarda mövzu ilə bağlı mövqeyini Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova, eləcə də Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu açıqlayıb. Onlar bildiriblər ki, təxminən 20 il ərzində Ermənistanın dəmir yolu sisteminə qoyulan Rusiya investisiyalarının həcmi 30 milyard rubldan çoxdur.

Şoyqunun sözlərinə görə, təxminən 20 ildir “Cənubi Qafqaz Dəmir Yolu” QSC konsessiya müqaviləsinin müddəalarını, o cümlədən investisiyalara dair öhdəlikləri məsuliyyətlə yerinə yetirir. Həmin dövrdə, hərəkət tərkibi də daxil olmaqla, Ermənistanın dəmir yolu sisteminə yatırılan Rusiya investisiyaları 30 milyard rubldan artıq qiymətləndirilir.

“İndi isə Nikol Paşinyan deyir ki, Ermənistan dəmir yollarının Rusiya şirkətinin konsessiya idarəçiliyində olması potensial tərəfdaşları qorxudur, regional layihələrə mane olur və Ermənistan dəmir yolu şəbəkəsinin nəzarətinin həm Rusiya, həm də Ermənistan üçün dost olan bir ölkəyə verilməsi barədə düşünür”, - deyə Şoyqu qeyd edib.

O xatırladıb ki, müqavilə konsessioner kimi “Cənubi Qafqaz Dəmir Yolu” QSC tərəfindən konsessiya aktivlərinə sahiblik, onlardan istifadə, idarəetmə, istismar, texniki xidmət, təmir və zəruri təkmilləşdirmələrin həyata keçirilməsini nəzərdə tutur.

“Qeyd edim ki, müqavilə imzalanarkən Rusiya tərəfi Ermənistanın dəmir yolu sisteminə aid 1,2 mindən çox daşınmaz konsessiya aktivi və 12,5 mindən artıq daşınar əmlak obyekti üzrə məsuliyyət götürüb”, - deyə Rusiya Təhlükəsizlik Şurasının katibi məlumat verib.

Şoyqunun sözlərinə görə, son 20 il ərzində konsessiya müqaviləsi sayəsində Ermənistan büdcəsinə vergilər şəklində 15 milyard rubldan çox vəsait ödənilib, istismar olunan şəbəkənin ümumi uzunluğu təxminən 700 km olduğu halda, 520 km-dən çox yol təmir edilib. “Şpalların 50%-i dəyişdirilib, 50-dən çox obyektin, o cümlədən 38 körpü və 2 tunelin təmiri və yenidən qurulması aparılıb. Son iki ilin statistikasını götürsək, mənzərə belədir: illik orta hesabla “Cənubi Qafqaz Dəmir Yolu” QSC 500 mindən çox sərnişin (onlardan təxminən 360 mini daxili daşımalarla) və 1,6 milyon tondan artıq yük daşıyır”, - deyə o əlavə edib.

Ordu.az-ın məlumatına görə, gürcü analitik İrakli Menaqarişvili istisna etmir ki, Rusiya mövcudluğu məsələsi həm danışıqlar masasında qaldırılır, həm də bu blokadanın aradan qaldırılması gündəliyi fonunda məsələni dəqiqləşdirmək və Rusiyanı Ermənistan ərazisindəki bu rıçaqdan məhrum etmək cəhdi göstərilir.

Onun fikrincə, dəmir yolu şəbəkəsinin idarə edilməsi və istismarı mühüm rıçaqdır.

“Şübhəsiz ki, qərarların qəbul edilməsi anı yetişəndə Rusiya bu rıçaqdan istifadə etməyə çalışacaq və onun vasitəsilə yeni marşrutların formalaşdırılması prosesində iştirak etməyə səy göstərəcək. Bu ümumi proses isə regional geosiyasi yenidən düzülüşlərə, Qərbin mövqelərinin möhkəmlənməsinə yönəlib. ABŞ açıq şəkildə Cənubi Qafqazda Rusiyanın təsirini mübahisələndirməsə də, dominantlığa can atır, bunu biz görürük. Ona görə də, yəqin ki, bu məsələnin qaldırılması təsadüfi deyil”, - deyə analitik bildirib.

Bundan başqa, onun fikrincə, istisna deyil ki, bu mövzunu Rusiya tərəfi özü də qızışdırıb, daim öz müstəsna hüquqları barədə bəyanatlar verib.

“Axı Rusiya tərəfi üçün Cənubi Qafqazda öz iştirakı olmadan baş verən əsaslı inkişafları qəbul etmək çətindir. Dünyada mürəkkəb yenidən düzülüşlər gedir. Üstəlik, bunlar dəyişiklikləri təsəvvür etmək çətin olan münasibətlərdə də baş verir. Söhbət ABŞ və Avropa münasibətlərindən də gedir. ABŞ prezidentinin xarici siyasəti nəticəsində ABŞ-nin müttəfiqlər dairəsi də dəyişir. Dəyişikliklər hər yerdə, o cümlədən daha əvvəl başlanan Cənubi Qafqazda var”, - deyə Menaqarişvili vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin