Göyçədə 20 yaşlı erməni hərbçinin qətli ilə bağlı iki nəfər barəsində cinayət işi başlanılıb

2026/02/1771829237.jpg
Oxunub: 362     10:45     23 Fevral 2026    
Göyçə vilayətində fevralın 21-də baş vermiş qətl hadisəsi ilə bağlı elə həmin gün Ermənistan Cinayət Məcəlləsinin 155-ci maddəsinin 1-ci hissəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanılıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Məlumata görə, həmin gün Ermənistan Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə N.M. və A.M. barəsində ictimai cinayət təqibi başladılıb. Onların barəsində 1 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Daha əvvəl Ermənistan KİV-ləri bildirmişdi ki, fevralın 21-də saat 13:00 radələrində bir nəfərin bıçaqlanmış halda Göyçə Tibb Mərkəzinə yerləşdirilməsi barədə məlumat daxil olub. Xəstəxanada həkimlər cinayət axtarış polisi əməkdaşlarına bildiriblər ki, yaralının vəziyyəti son dərəcə ağırdır və o, baş verənlər barədə izahat verəcək vəziyyətdə deyil.

Polis əməkdaşları yaralının Tavus vilayətinin sakini, 20 yaşlı Aram Xaçatryan olduğunu müəyyən ediblər. O, xəstəxanaya Göyçə şəhərinin mərkəzi meydanından gətirilib. Hadisənin təfərrüatları araşdırılarkən xəstəxanadan yaralının huşu özünə gəlmədən öldüyü barədə məlumat daxil olub.

Göyçə vilayətinin cinayət axtarış polisi və Göyçə istintaq şöbəsinin müstəntiqləri hadisənin şəraitini aydınlaşdırıb və şübhəli bilinən iki nəfəri saxlayıblar. Məlum olub ki, onlar ölən şəxsə zəng edərək onu Göyçəyə çağırıblar. Görüş yerinə gələn şəxsə heç bir müzakirə aparılmadan dərhal bıçaq zərbələri endirilib.

Qətlə yetirilən Aram Xaçatryan müqaviləli erməni hərbi qulluqçu olub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Göyçə   Bıçaqlanma  


Bizi "telegram"da izləyin