Erməni diplomat: “İrana qarşı hərbi əməliyyatlar olacağı təqdirdə Paşinyanın İran məsələsindəki “maskaları” cırılacaq”

2026/02/1771828752.jpg
Oxunub: 534     14:38     23 Fevral 2026    
“ABŞ prezidenti Tramp müharibə vəziyyətinə sürüklənmək istəmir, lakin o, addımlarında çox gözlənilməzdir. ABŞ-də bir çox siyasi xadim artıq bu gün ABŞ-nin İrana hərbi zərbə endirə biləcəyini bildirir. İrana zərbə endiriləcəyi halda isə Paşinyan hakimiyyətinin İran məsələsindəki “maskası” cırılacaq”.

Ordu.az xəbər verir ki, bunu İran ətrafında yaranmış vəziyyəti şərh edərkən Ermənistanın fövqəladə və səlahiyyətli səfiri, diplomat və siyasi analitik Vardan Hakobyan deyib.

Onun sözlərinə görə, çox şey Trampın üslubundan, metodlarından, məsələni necə həll etməyə çalışacağından asılıdır.

“Mənim fikrimcə, Tramp ABŞ-nin hər hansı müharibə vəziyyətinə sürüklənməsini istəmir, xüsusən də hamı anlayır ki, əgər müqavimət uzanarsa, bu, birbaşa Trampın özü üçün böyük siyasi zərbədir. Əvvəlki addımlarından da Trampın üslubunu görürük: uzaqmənzilli zərbə endirir, sonra geri çəkilir və problemləri həll etdiyini bəyan edir. Bu dəfə vəziyyət İsrailin təzyiqi ilə gərginləşir. Hazırda Trampı proqnozlaşdırmaq həqiqətən çox çətindir, amma ABŞ-də bir çoxlarının dediyi kimi, artıq bu gün ABŞ-nin zərbə endirməsi mümkündür. Hadisələrin necə inkişaf edəcəyinə dair, əlbəttə, ehtimallar irəli sürmək olar, lakin məsələnin kəskinləşməyə doğru getdiyinə şübhə yoxdur və bu müddətdə, əgər birdən hərbi əməliyyatlar başlasa, bəzi digər dövlətlərin rolunu çox aydın görmək mümkün olacaq”, - deyə erməni diplomat qeyd edib.

Hakobyan bildirib ki, toqquşma halında çox böyük ehtimalla Ermənistana müəyyən rol yüklənəcək.

Onun sözlərinə görə, İrana qarşı hərbi əməliyyatlar olacağı təqdirdə Nikol Paşinyanın İran məsələsindəki “maskaları” cırılacaq.

“ABŞ İranda bataqlığa düşəndə və ciddi hərbi əməliyyatlar başlayanda maskalar cırılır”, - deyə Hakobyan vurğulayıb.

Hakobyan bildirib ki, ABŞ vitse-prezidenti Cey Di Vens 2018-ci ildə qarşıya qoyulmuş tapşırıqların icra vəziyyətini yoxlamaq, yəni “inspeksiya” aparmaq üçün gəlmişdi.

“Vens gəlib yoxlayırdı: “edilib, yoxsa yox”. Sənin ölkənin, sənin xalqının gücü və imkanları həmin müharibəyə xidmət edəcək, buna görə də deyirəm ki, Ermənistan infrastruktur rolu oynayacaq. Yenə təkrar edirəm: Vens nəyisə müzakirə etməyə gəlməyib, bunların hamısı çoxdan müzakirə olunub və edilib”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Ermənistan  


Bizi "telegram"da izləyin