Ordu.az xəbər verir ki, bu barədə türkiyəli politoloq Hazel Çağan Elbirin yerli KİV-lərdə dərc olunan məqaləsində qeyd olunur.
Onun sözlərinə görə, məhz Tramp administrasiyasının ikinci müddətinin ilkin mərhələsində baş tutan bu təmaslar təkcə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi baxımından deyil, həm də regionda daha geniş geosiyasi və geoiqtisadi proseslər kontekstində mühüm əhəmiyyət daşıyır.
“Rusiyanın nəzərəçarpacaq reaksiyasının və ya narahatlıq ifadəsinin olmaması mühüm müşahidədir. Bu, ABŞ-nin regiondakı addımlarının birbaşa Rusiyanın mövcud təsirinə qarşı yönəlmədiyini göstərə bilər.
Əksinə, Vaşinqtonun Cənubi Qafqaza yanaşması, görünür, Avrasiya üzrə daha geniş strategiyanın tərkib hissəsidir. Bu strategiya Çinin “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində yaratdığı logistik və iqtisadi əlaqələri balanslaşdırmaq üçün alternativ dəhlizlərin gücləndirilməsini, enerji təhlükəsizliyinin təmin olunmasını, kritik əhəmiyyətli faydalı qazıntıların tədarük zəncirlərinin qurulmasını və regionda ABŞ-nin dayanıqlı mövcudluğunun təmin edilməsini nəzərdə tutur”, - deyə məqalədə bildirilib.
Elbir vurğulayıb ki, TRIPP (Zəngəzur dəhlizi-red.) Cənubi Qafqazı Mərkəzi Asiya və Avropa ilə birləşdirəcək alternativ tranzit dəhlizinin yaradılmasına yönəlib.
“Layihə enerji daşıyıcıları, kritik minerallar və ticarət tədarük zəncirlərindən Rusiya və İranın kənarlaşdırılmasını, həmçinin Çinin dominant olduğu marşrutlardan asılılığın azaldılmasını nəzərdə tutur. Məqsəd ABŞ-nin qlobal tədarük zəncirlərinə birbaşa çıxışını təmin etməkdir.
Bu təşəbbüs Vaşinqtonun Avrasiyada geoiqtisadi rəqabətdə mövqelərini möhkəmləndirməyə yönəlmiş uzunmüddətli strategiyasının bir hissəsidir. O, iqtisadi inteqrasiya və qarşılıqlı əlaqə vasitəsilə regional sabitliyin gücləndirilməsini hədəfləyir. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, “kənarlaşdırma” mexanizmi dolayı yolla İran və Çinin regiondakı təsirinə də təsir göstərə bilər.
TRIPP Zəngəzur dəhlizinin tam şəkildə işə salınması və Türkiyə ilə Mərkəzi Asiyanın türk respublikaları arasında birbaşa, fasiləsiz əlaqənin təmin olunması üçün mühüm imkan pəncərəsi açır”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az