Avropa Komissiyası: Ermənistan üzərindən keçən dəmir yolu əlaqəsi malların çatdırılmasını 25% sürətləndirə bilər

2025/10/1759499569.jpg
Oxunub: 432     09:24     23 Fevral 2026    
Azərbaycan və Türkiyə arasında Ermənistanın Zəngəzur vilayəti üzərindən keçən cənub dəmir yolu əlaqəsi Bakı-Tbilisi-Qars marşrutu ilə müqayisədə yol müddətini 25% azalda bilər.

Ordu.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının araşdırmasında bildirilir.

Araşdırmada qeyd olunur ki, Avropa İttifaqı Qara dənizi və ona bitişik ölkələri Avropanı Türkiyə, Cənubi Qafqaz, Mərkəzi Asiya və digər regionlarla birləşdirən əsas qapılar hesab edir.

“Aİ üçün Türkiyə, Şərq Tərəfdaşlığı regionu (o cümlədən Cənubi Qafqaz) və Mərkəzi Asiya ilə nəqliyyat əlaqələrinin yaxşılaşdırılması xammal və malların daha sürətli və etibarlı idxalını təmin edə, həmçinin bütün Avrasiya üzrə yeni ixrac bazarları aça bilər ki, bu da qarşılıqlı faydalı ticarətin inkişafına gətirib çıxarar.

Bu kontekstdə Şimal dəhlizinin etibarlılığının azalması və Cənub marşrutunun inkişafının ləngiməsi fonunda Transxəzər nəqliyyat dəhlizi Avropa ilə Asiya arasında dayanıqlı, şaxələndirilmiş və geosiyasi baxımdan davamlı multimodal nəqliyyat əlaqəsinin ən perspektivli istiqaməti kimi qiymətləndirilir.

Bundan əlavə, regionda yükdaşımaların əhəmiyyətli dərəcədə artması və avqustun 8-də Ermənistan və Azərbaycan arasında əldə olunmuş razılaşma Transxəzər nəqliyyat dəhlizinin dayanıqlı və şaxələndirilmiş regional əlaqə kimi mövqelərini daha da gücləndirə bilər”, - deyə araşdırmada qeyd edilib.

Avropa Komissiyası bildirib ki, son illərdə Transxəzər nəqliyyat dəhlizi boyunca infrastruktur yatırımlarında kəskin artım müşahidə olunsa da, həm maddi infrastruktur, həm də nəqliyyat əlçatanlığı baxımından hələ də ciddi problemlər və “tıxaclar” qalmaqdadır.

“Bu problemlər sərhəd-keçid məntəqələrinin səmərəliliyinin artırılması kimi nisbətən tez həll olunan məsələlərdən tutmuş yeni limanların inşası kimi uzunmüddətli investisiyalara qədər uzanır.

Adətən Transxəzər nəqliyyat dəhlizi müzakirə edilərkən Çin-Avropa marşrutunun əsas iştirakçıları kimi Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə göstərilir. Lakin Ermənistan, Özbəkistan, Qırğızıstan, Moldova və Ukrayna kimi ölkələr də mühüm rol oynayır.

Transxəzər nəqliyyat dəhlizi Cənubi Qafqazda baş verən son geosiyasi hadisələr fonunda Ermənistan, Azərbaycan və Türkiyə arasında əlaqələrin bərpası nəticəsində də fayda verə bilər. Bu, mövcud yüklənmiş hissələrdən potensial olaraq imtina etməklə ticarət marşrutlarının şaxələndirilməsinə kömək edə bilər və Ermənistanla Aİ arasında əlaqələri əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər”, - deyə araşdırmada vurğulanıb.

Qeyd edilib ki, Ermənistan və Azərbaycan arasında sülh danışıqlarında irəliləyişlə paralel olaraq Ermənistan, Azərbaycan və Türkiyə arasında nəqliyyat əlaqələrinin bərpası üçün imkanlar yaranır.

“Bu əlaqələr regionda Trans-Avropa nəqliyyat şəbəkəsinin (TEN-T) gələcək genişlənməsi baxımından da nəzərdən keçirilə bilər. Gürcüstan hissəsinə alternativ kimi təqdim olunan və Zəngəzurdan keçən marşrut Transxəzər beynəlxalq nəqliyyat dəhlizi (TCTC) çərçivəsində regional nəqliyyat əlçatanlığını əhəmiyyətli dərəcədə artıra bilər.

Bu əlaqələrin bərpası iqtisadi əməkdaşlığı möhkəmləndirəcək, sərhədlərarası ticarəti təşviq edəcək və marşrutların yeni variantlarının əlavə olunması hesabına dəhlizin dayanıqlığını və şaxələndirilməsini artıracaq.

Azərbaycan və Türkiyə arasında Ermənistanın Zəngəzur vilayəti üzərindən keçən cənub dəmir yolu əlaqəsi Bakı-Tbilisi-Qars marşrutu ilə müqayisədə yol müddətini 25% azalda bilər”, - deyə Avropa Komissiyası bildirib.

Araşdırmada qeyd edilib ki, regionun maraqlı tərəfləri Ermənistan, Azərbaycan və Türkiyə arasında nəqliyyat əlaqələrinin bərpası və inkişafı təşəbbüslərini fəal şəkildə irəli sürürlər.

“Bu səylər müxtəlif idarəetmə modellərini və strateji məqsədləri əks etdirsə də, ümumilikdə nəqliyyat əlçatanlığının bərpası istiqamətində hərəkəti göstərir. Xüsusilə, Ermənistanın “Sülh kəsişməsi” (Zəngəzur dəhlizi-red.) layihəsi suverenliyə və qarşılıqlı əlçatanlığa əsaslanaraq həm şimal, həm də cənub əlaqələrini əhatə edir. TRIPP isə ABŞ tərəfindən uzunmüddətli icarə çərçivəsində Zəngəzurdan keçən cənub marşrutlarına diqqət yetirir və bu marşrutları Azərbaycan (o cümlədən Naxçıvan) və Türkiyədəki mövcud dəmir yolu layihələri ilə daha geniş şəkildə əlaqələndirir.

Mütəxəssislərin fikrincə, sərhədlərarası əməliyyatların səmərəsizliyi, xüsusən də təcili çatdırılma tələb edən və yüksək dəyərə malik mallar üçün bu üstünlükləri əhəmiyyətli dərəcədə azalda bilər. Ermənistanın Transxəzər beynəlxalq nəqliyyat dəhlizinin ayrılmaz hissəsi kimi potensialının reallaşdırılması təkcə infrastruktur investisiyalarını deyil, həm də dəmir yolu və sərhədlərarası logistika xidmətlərinin səmərəliliyini və rəqabət qabiliyyətini təmin edən koordinasiyalı siyasi addımları tələb edəcək.

Bu paralel planlara və davam edən işlərə baxmayaraq, Aİ suverenliyə hörmət edən və qaydalara əsaslanan, öz qarşılıqlı əlaqə prinsiplərinə uyğun olan bir model formalaşdırmaq imkanına malikdir. Bu model regionun bütün tərəfdaşları, o cümlədən Ermənistan, Azərbaycan və Türkiyə üçün səmərəli və qarşılıqlı faydalı əlaqəni təmin edə bilər”, - deyə araşdırmada bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa-Komissiyası   Ermənistan   Azərbaycan  


Bizi "telegram"da izləyin