“Past”: Marta Kos İrəvanda nə axtaracaq?

2026/02/1771669731.jpg
Oxunub: 386     14:26     21 Fevral 2026    
Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos martın 19-dan 20-dək Ermənistan və Azərbaycana səfər edərək müzakirələr aparacaq.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Marta Kos İrəvanda nə axtaracaq?” başlıqlı məqaləsində yazıb.

Nəşrə görə, Ermənistanın Avropa İttifaqındakı nümayəndəliyindən bildirilib ki, görüşlərdə Ermənistan-Avropa İttifaqı sammitinə hazırlıq işləri, həmçinin Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişinin icra gündəliyi müzakirə olunacaq.

“Lakin Kosun səfəri əslində yoxlama xarakteri daşıyır və təkcə iqtisadi deyil, həm də siyasi məzmun kəsb edir.

Kos İrəvanda həm Rusiyaya məxsus biznes strukturlarının və müəssisələrin Ermənistandan çıxarılıb onların yerinin Qərb təşkilatları ilə doldurulması imkanlarını, həm də parlament seçkiləri ərəfəsində Nikol Paşinyan hakimiyyətinin hazırlıq səviyyəsini müzakirə edəcək”, - deyə KİV qeyd edib.

Nəşr xatırladıb ki, elə həmin Marta Kos dekabr ayında Brüsseldə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə görüşdə hibrid hücumlara qarşı mübarizə məqsədilə 15 milyon avro vəd etmişdi.

“İndi isə həmin vəsaitin necə xərcləndiyini aydınlaşdırmağa çalışacaq. Üstəlik, Avropa İttifaqı yalnız 15 milyon avro ilə kifayətlənmək niyyətində deyil və anti-Rusiya siyasətinə yeni təkan vermək üçün daha böyük məbləğ ayırmağı planlaşdırır.

Lakin Avropa İttifaqında yaxşı anlayırlar ki, mövcud hakimiyyətin vəsaitlərin səmərəsiz xərclənməsinə meyli nəzərə alınarsa, pulları birbaşa şəkildə köçürmək məqsədəuyğun deyil. Əslində, həmin vəsaitlərin Ermənistanda xərclənməsinə nəzarət etmək üçün Avropa İttifaqı artıq xüsusi ekspertlər göndərib və yaxın vaxtlarda daha çox sayda mütəxəssis göndərməyi planlaşdırır. Məqsəd yerində vəziyyəti qiymətləndirmək və imkanları müəyyənləşdirməkdir. Bu səbəbdən Marta Kos vəziyyəti daha yaxından dərk etmək üçün Ermənistana şəxsən səfər edir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kos   İrəvan  


Bizi "telegram"da izləyin