Çinin H-20 “stealth” bombardmançısı ABŞ-nin Sakit okeandakı müdafiəsini necə poza bilər?

2026/02/Ekran-1771664927.jpg
Oxunub: 583     12:07     13 May 2026    
Təyyarələrin görünməzlik (stealth) texnologiyası artıq onilliklərdir mövcuddur və Çin müdafiə sahəsində yenilikçi yanaşma nümayiş etdirib. Buna görə də Pekinin H-20-nin “stealth” imkanları barədə iddiaları ciddi qəbul edilməlidir.

Çinin dövlət mediası ölkənin sirli, uzaqmənzilli və nüvə silahı daşıya bilən H-20 “stealth” bombardmançısının ictimaiyyətə təqdimat mərhələsinə yaxınlaşdığını bildirib. Təqdimat üçün konkret vaxt açıqlanmasa da, bunun tezliklə baş verəcəyi vurğulanır. Bu bombardmançı ABŞ Hərbi Hva Qüvvələrinin B-21 “Raider” modeli ilə rəqabət aparacaq platforma kimi təqdim edilir və dizayn barədə məlum olan azsaylı məlumatlar ilkin baxışda bu iddianın müəyyən əsaslara malik olduğunu göstərir.

ABŞ Çinin H-20 elanını ciddi qəbul etməlidir

“Warrior Maven”ə görə, açıqlamadakı qeyri-müəyyənlik ya real irəliləyişə, ya da sadəcə strateji informasiya siyasətinə işarə edir.

H-20 “Xi’an” uzaqmənzilli, nüvə silahı daşıya bilən “stealth” bombardmançısı artıq bir müddətdir hazırlanır. Ötən yay 12 günlük müharibə zamanı ABŞ-nin İranın şübhəli nüvə obyektlərinə endirdiyi dinamik hava zərbələrindən (burada köhnə, lakin uzaqmənzilli və nüvə qabiliyyətli B-2 Spirit “stealth” bombardmançıları istifadə olunmuşdu) sonra Çin də özünün bu sahədə üstün olduğunu dünyaya göstərməyə çalışır.

Aydın şəkildə demək lazımdır ki, Çin ordusu qabaqcıl və inkişafını davam etdirən bir hərbi gücdür. Çin ümumi daxili məhsula görə dünyanın ikinci ən böyük iqtisadiyyatına malikdir. Alıcılıq qabiliyyəti pariteti ilə ölçüldükdə isə 2014-cü ildən etibarən ən böyük iqtisadiyyat sayılır. Ölkədə güclü maliyyələşdirilən, yüksək innovativ və eyni zamanda təqlid qabiliyyətli qabaqcıl yüksək texnologiyalar sektoru formalaşıb.

Qabaqcıl hərbi texnologiyalar və onların kütləvi istehsalı geniş iqtisadi uğurların nəticəsidir. Çin kvant hesablamaları və metamateriallar sahəsində yeniliklər həyata keçirə bildiyi halda, onilliklərdir məlum olan “stealth” bombardmançı texnologiyasını yerli imkanlarla tamamlaya bilməyəcəyini düşünmək reallıqdan uzaq yanaşmadır.

H-20 “Xi’an” ilə B-21 “Raider” arasında ümumi müqayisə

Hər iki platforma hələ rəsmi xidmətə qəbul edilməyib: B-21-in 2026-2027-ci illərdə, H-20-nin isə “tezliklə” təqdim ediləcəyi gözlənilir. ABŞ tərəfi ən azı 3 prototip inşa edib, daha 3-ü tikilmə mərhələsindədir və ümumilikdə təxminən 100 ədəd planlaşdırılır, Çin isə azı 1 prototipə malikdir və 2035-ci ilə qədər təxminən 50 ədəd istehsal etməyi planlaşdırır.

Ölçülərə gəldikdə, B-21-in uzunluğu təxminən 16,5 metr, qanad açılımı 40 metr olduğu halda, H-20 daha böyükdük, təxminən 20 metr uzunluq və 45 metr qanad açılımına malikdir. Maksimal qalxma çəkisi B-21-də təxminən 81 600 kq, H-20-də isə təxminən 200 000 kq qiymətləndirilir.

Mühərrik baxımından B-21 iki ədəd “Pratt & Whitney” PW9000 tipli turbofan mühərriki ilə təchiz edilir, H-20-də isə Çinin WS-10 ailəsi ilə əlaqəli olduğu ehtimal edilən yerli istehsal qabaqcıl turbofan mühərriklər istifadə olunur. Maksimal sürət B-21-də təxminən 1 000 km/saat, H-20-də isə təxminən 1 175 km/saat göstərilir. Uçuş məsafəsi B-21 üçün təxminən 9 600 km, H-20 üçün 8 500-10 000 km aralığında qiymətləndirilir. Xidmət tavanı B-21-də təxminən 15 240 metr, H-20-də isə 12 000-15 000 metrdir.

Silah yükü baxımından hər ikisi daxili bölmələrdə adi və nüvə silahları daşıya bilir, lakin B-21-in yük qabiliyyəti təxminən 9 100 kq olduğu halda, H-20 üçün 36 000-45 000 kq kimi xeyli yüksək rəqəmlər qeyd olunur. Ekipaj B-21-də 2 nəfər, H-20-də isə 2-4 nəfər ola bilər.

Çin ABŞ-nin Hind-Sakit okean qüvvələri üçün artan təhdiddir

Bu açıqlamaların vaxtı diqqətçəkicidir. Çin rəhbərliyi H-20-ni ötən yay İran zərbələrindən sonra və yanvarın 3-də Karakasda keçirilən, Venesuela lideri Nikolas Maduro və həyat yoldaşının ələ keçirilməsi ilə nəticələnən ABŞ əməliyyatından sonra daha fəal şəkildə gündəmə gətirir. Həmin hadisələr ABŞ hərbi imkanlarının hələ də son dərəcə öldürücü olduğunu göstərdi və Çin də daxil olmaqla dünya bunu gördü.

H-20 uçan qanad formalı dizayna malikdir və “stealth” konturları ABŞ “stealth” bombardmançılarına çox bənzəyir. Bu məsafə imkanları ilə belə bir bombardmançı nəzəri olaraq birinci və ikinci ada zəncirlərindən kənara nüfuz edə, Quam, Havay və hətta havada yanacaq doldurmaqla ABŞ materikindəki hədəfləri vura bilər.

ABŞ-dəki analitiklərin çoxu bu təyyarələrin ən tez 2030-cu illərdə hazır olacağını güman edirdi. Lakin Çinin “tezliklə” mesajları onların daha erkən hazır ola biləcəyini göstərir.

Çinin qabaqcıl texnoloji bazası, böyük kütləvi istehsal qabiliyyəti və qlobal nizamın zəifləməsi fonunda Pekinin bu imkanı mümkün qədər tez əldə etmək istəməsi məntiqlidir. Buna görə də bu təyyarələrin qısa müddətdə əməliyyat xidmətinə daxil olması gözləniləndir.

Əgər H-20-lərin hətta az bir hissəsi 2030-cu illərdən əvvəl xidmətə qəbul olunsa, bu, ABŞ-nin Hind-Sakit okean bölgəsindəki çəkindirmə qabiliyyətinə ciddi zərbə vura bilər və əvvəllər təhlükəsiz hesab olunan ABŞ hərbi obyektlərinə qarşı Çinə dərin zərbə imkanları verər.

Vəziyyəti daha da ağırlaşdıran amil odur ki, H-20-nin yalnız nüvə bombaları, gəmi əleyhinə raketlər və havadan buraxılan qanadlı raketlər deyil, həm də hipersəs raketləri daşıması planlaşdırılır. ABŞ də öz “stealth” bombardmançıları üçün hipersəs qanadlı raketləri sınaqdan keçirir.

Hipersəs silahları H-20-nin əsas yüküdür

Lakin hipersəs silahları sahəsində ABŞ həm Rusiya, həm də Çindən, hətta İrandan geri qalır. ABŞ məhdud sınaqlar apardığı halda, Çin işlək prototipləri təkmilləşdirir, Rusiya və İran isə artıq real arsenal formalaşdırıb.

Uzaqmənzilli “stealth” bombardmançıları, məsələn, H-20 “Xi’an” hipersəs qanadlı raketlərlə birləşdirərək Çin ikinci və üçüncü ada zəncirlərində, hətta ondan kənarda yerləşən ABŞ hərbi obyektlərinə qarşı demək olar ki, müdafiəsiz zərbələr endirə bilər.

H-20-nin dəqiq texniki xüsusiyyətləri təsdiqlənməyib. Lakin B-2 “Spirit” və xüsusilə B-21 “Raider” kimi ABŞ uzaqmənzilli “stealth” bombardmançılarına oxşarlığı onun potensial imkanları barədə müəyyən nəticələr çıxarmağa imkan verir.

Hər iki platforma yüksək imkanlara malikdir və hələ də inkişaf mərhələsindədir. Lakin Çin üçün uzaqmənzilli “stealth” bombardmançının əldə edilməsi strateji oyun qaydalarını dəyişdirən amildir. Bu, onları amerikalılarla eyni səviyyəyə gətirir.

H-20-nin hipersəs silahları daşımaq qabiliyyəti isə Xalq Azadlıq Ordusu Hərbi Hava Qüvvələrinə ikinci ada zəncirində və ondan kənarda yerləşən ABŞ qüvvələrinə ciddi zərbə endirmək imkanı verə bilər. Nüvə silahları istisna olmaqla, Çin indiyədək belə imkanlara malik deyildi.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   ABŞ  


Bizi "telegram"da izləyin