Ən çox ixrac edilən 10 döyüş təyyarəsi hansıdır? – ARAŞDIRMA+FOTOLAR

2026/02/Ekran-1771612016.jpg
Oxunub: 567     12:31     15 May 2026    
Tarixən döyüş təyyarələrinin ixrac bazarında bir ölkə üstünlük təşkil edib: Sovet İttifaqı. Onun sadə və möhkəm təyyarələri Soyuq müharibə dövründə inkişaf etməkdə olan dünya ölkələrində geniş yayılmışdı.

Döyüş təyyarələri uzun müddətdir ki, dünyada ən siyasi əhəmiyyətli ixrac məhsullarından biri olub. Bu cür müqavilələr yalnız maliyyə məsələsi deyil, ittifaqlara, təlim sistemlərinə, logistika şəbəkələrinə və uzunmüddətli asılılığa təsir göstərir. Bu baxımdan bəzi təyyarələr ixrac bazarında daha uğurlu olublar, lakin bu, mütləq onların daha üstün olmasına görə deyil, məhz doğru zamanda müxtəlif kənar amillərlə uyğunlaşmalarına görə baş verib.

Xüsusilə on təyyarə tarixi ixrac bazarının formalaşmasında mühüm rol oynayıb. Siyahıya daxil edilməsə də, Çin istehsalı J-7 (“MiQ-21” əsasında), Sovet istehsalı “MiQ-23”, Böyük Britaniya istehsalı “Hawk” təlim/yüngül hücum təyyarəsi və ixrac baxımından yüksələn F-35 “Lightning II” də qeyd olunmağa layiqdir. Lakin aşağıdakı siyahı sırf ixrac həcminə görə tərtib olunub, bu təyyarələr onilliklər ərzində hava qüvvələrini və geosiyasəti formalaşdırıb.

10. “Mirage F1” (Fransa)

İxrac: təxminən 700
İstifadəyə verildiyi il: 1973
İstehsal sayı: təxminən 730
Uzunluq: 15,2 m
Qanad açılımı: 8,4 m
Maksimal uçuş çəkisi: təxminən 16 100 kq
Mühərrik: bir ədəd SNECMA “Atar” 9K-50 turboreaktiv
Maksimal sürət: 2 338 km/saat/“Mach 2,2”
Uçuş məsafəsi: təxminən 3 300 km
Uçuş tavanı: təxminən 19 800 m
Silahlanma: top; 7 asqı nöqtəsində “hava-hava” və “hava-yer” sursatları
Ekipaj: 1 nəfər



“Mirage F1” yüngül önləyici təyyarələrlə ağır çoxməqsədli döyüş təyyarələri arasında boşluğu dolduran sakit ixrac uğuru idi. 1970-ci illərin əvvəllərində istifadəyə verilən F1 yaxşı uçuş göstəriciləri və qənaətbəxş məsafə təqdim edirdi. Onun ənənəvi oxvari qanad dizaynı delta qanad quruluşuna nisbətən daha sadə hesab olunurdu və bəzi hava qüvvələri üçün daha cəlbedici idi. Afrika, Yaxın Şərq və Latın Amerikası ölkələrinə geniş ixrac edilmiş F1 çox vaxt çətin şəraitdə istifadə olunurdu. İkonik olmasa da, etibarlı idi və bu gün də Mərakeş, Liviya və İran daxil olmaqla bir neçə ölkədə xidmət göstərir.

9. “Su-27” (SSRİ/Rusiya)

İxrac: 1 200-dən çox (modifikasiyalar daxil olmaqla)
İstifadəyə verildiyi il: 1985
İstehsal sayı: təxminən 680 (əsas “Su-27”)
Uzunluq: 21,9 m
Qanad açılımı: 14,7 m
Maksimal uçuş çəkisi: təxminən 33 500 kq
Mühərrik: iki ədəd “Saturn” AL-31F turbofan
Maksimal sürət: 2 500 km/saat/“Mach 2,35”
Uçuş məsafəsi: təxminən 3 530 km
Uçuş tavanı: təxminən 18 000 m
Silahlanma: 30 mm top; 8 000 kq-a qədər silah
Ekipaj: 1 nəfər


“Su-27” ailəsi Sovet və daha sonra Rusiya yanaşmasının nümunəsidir. Belə ki, bu yanaşma daha az müştəriyə, lakin daha yüksək səviyyəli imkanlara malik təyyarə təklif etməkdir. Uzunmənzilli hava üstünlüyü döyüşçüsü kimi hazırlanmış “Su-27” yüksək manevr qabiliyyəti, davamlılıq və böyük yükdaşıma qabiliyyəti ilə seçilirdi.

Soyuq müharibədən sonra da ixracı genişləndi, Çin, Hindistan və digər Cənubi Asiya ölkələrinə satıldı, lisenziyalı istehsal və modifikasiyalar yaradıldı. Ucuz olmasa da, Qərbin siyasi məhdudiyyətləri olmadan yüksək səviyyəli performans təklif etməsi onu cəlbedici edirdi.

8. “Mirage III” (Fransa)

İxrac: 1 300-dən çox
İstifadəyə verildiyi il: 1961
İstehsal sayı: təxminən 1 400
Uzunluq: 15,1 m
Qanad açılımı: 8,2 m
Maksimal uçuş çəkisi: təxminən 14 000 kq
Mühərrik: bir ədəd SNECMA “Atar” 9C turboreaktiv
Maksimal sürət: 2 350 km/saat/“Mach 2,2”
Uçuş məsafəsi: təxminən 2 400 km
Uçuş tavanı: təxminən 16 800 m
Silahlanma: top; “hava-hava” və zərbə sursatları
Ekipaj: 1 nəfər



“Mirage III” Fransanın ilk böyük ixrac uğuru idi və göstərdi ki, orta ölçülü dövlət də ABŞ və SSRİ kimi sənaye liderləri ilə rəqabət apara bilər. Delta qanad dizaynı yüksək sürət və sadəlik təqdim edirdi. Yaxın Şərq və Cənubi Asiyada geniş döyüş təcrübəsi qazandı və hava döyüşlərində effektivliyi ilə tanındı.

7. F-5 “Freedom Fighter/Tiger II” (ABŞ)

İxrac: 1 400-dən çox
İstifadəyə verildiyi il: 1972
İstehsal sayı: təxminən 1 400 (F-5E/F variantları)
Uzunluq: 14,4 m
Qanad açılımı: 8,1 m
Maksimal uçuş çəkisi: təxminən 11 200 kq
Mühərrik: iki ədəd GE J85-GE-21 turboreaktiv
Maksimal sürət: 1 739 km/saat/“Mach 1,63”
Uçuş məsafəsi: təxminən 2 250 km
Uçuş tavanı: təxminən 15 800 m
Silahlanma: iki 20 mm top, 7 asqı nöqtəsində silah
Ekipaj: 1 nəfər



F-5 xüsusi olaraq ixrac üçün hazırlanmışdı və böyük uğur qazandı. Ucuz, etibarlı və texniki xidməti asan idi. İnkişaf etməkdə olan ölkələrə yüksək logistika tələbi olmadan səsdən sürətli döyüş aviasiyasına çıxış verdi.

F-5E “Tiger II” daha güclü radar, mühərrik və silahlanma ilə təkmilləşdirildi. Onlarla ölkə bu təyyarədən istifadə edib və bir çoxu hələ də istifadə edir.

6. “MiQ-15” (SSRİ)

İxrac: 1 500-2 000
İstifadəyə verildiyi il: 1949
İstehsal sayı: təxminən 18 000
Uzunluq: 10,1 m
Qanad açılımı: 10,1 m
Maksimal uçuş çəkisi: təxminən 6 200 kq
Mühərrik: bir ədəd “Klimov” VK-1 turboreaktiv
Maksimal sürət: 1 080 km/saat/“Mach 0,92”
Uçuş məsafəsi: təxminən 1 200 km
Uçuş tavanı: təxminən 15 500 m
Silahlanma: 23 mm və 37 mm toplar
Ekipaj: 1 nəfər



“MiQ-15” dünyanın böyük hissəsi üçün reaktiv dövrün başlanğıcı oldu. Koreya müharibəsində özünü göstərdikdən sonra Şərq blokunun əsas döyüş təyyarəsinə çevrildi. Sadə və möhkəm idi, sürətlə yayılmışdı.

5. F-4 “Phantom II” (ABŞ)

İxrac: 2 000
İstifadəyə verildiyi il: 1961
İstehsal sayı: təxminən 5 200
Uzunluq: 19,2 m
Qanad açılımı: 11,7 m
Maksimal uçuş çəkisi: təxminən 28 000 kq
Mühərrik: iki ədəd GE J79 turboreaktiv
Maksimal sürət: 2 370 km/saat/“Mach 2,23”
Uçuş məsafəsi: təxminən 2 600 km
Uçuş tavanı: təxminən 18 300 m
Silahlanma: 8 000 kq-a qədər raket və bomba
Ekipaj: 2 nəfər



F-4 “Phantom II” sürətli, güclü və çoxməqsədli idi. NATO müttəfiqləri və tərəfdaşları arasında geniş yayılmışdı. İsrail, Almaniya, Yaponiya və Türkiyə onilliklər boyu bu təyyarəyə güvənirdi.

4. “MiQ-19” (SSRİ)

İxrac: 2 000-dən çox
İstifadəyə verildiyi il: 1955
İstehsal sayı: təxminən 2 200
Uzunluq: 12,1 m
Qanad açılımı: 9,0 m
Maksimal uçuş çəkisi: təxminən 8 900 kq
Mühərrik: iki ədəd “Tumanski” RD-9 turboreaktiv
Maksimal sürət: 1 452 km/saat/“Mach 1,3”
Uçuş məsafəsi: təxminən 1 600 km
Uçuş tavanı: təxminən 18 000 m
Silahlanma: top; məhdud bomba və raket
Ekipaj: 1 nəfər



“MiQ-19” SSRİ-nin ilk səsdən sürətli döyüş təyyarəsi idi və inkişaf etməkdə olan ölkələrin çoxu üçün ilk belə təyyarəyə çevrildi.

3. “MiQ-17” (SSRİ)

İxrac: 3 000-dən çox
İstifadəyə verildiyi il: 1952
İstehsal sayı: təxminən 10 000
Uzunluq: 11,4 m
Qanad açılımı: 9,6 m
Maksimal uçuş çəkisi: təxminən 6 300 kq
Mühərrik: bir ədəd “Klimov” VK-1F turboreaktiv
Maksimal sürət: 1 150 km/saat/“Mach 0,93”
Uçuş məsafəsi: təxminən 1 225 km
Uçuş tavanı: təxminən 16 600 m
Silahlanma: 23 mm və 37 mm toplar
Ekipaj: 1 nəfər



“MiQ-17” Soyuq müharibənin ən döyüş təcrübəli ixrac təyyarələrindən idi. Vyetnam və Yaxın Şərqdə daha qabaqcıl rəqiblərə qarşı effektivlik göstərmişdi.

2. F-16 “Fighting Falcon” (ABŞ)

İxrac: 4 500-dən çox və artmaqdadır
İstifadəyə verildiyi il: 1978
İstehsal sayı: 4 600-dən çox
Uzunluq: 15,1 m
Qanad açılımı: 10,0 m
Maksimal uçuş çəkisi: təxminən 19 200 kq
Mühərrik: bir ədəd “Pratt & Whitney” F100 və ya GE F110 turbofan
Maksimal sürət: 2 178 km/saat/“Mach 2,0”
Uçuş məsafəsi: təxminən 4 200 km
Uçuş tavanı: 15 240 m-dən çox
Silahlanma: top, 7 700 kq-a qədər silah
Ekipaj: 1 nəfər



F-16 Qərb dünyasında tarixdə ən uğurlu ixrac döyüş təyyarəsidir. Çoxməqsədli istifadəsi və modernləşmə imkanları onu bu gün də aktual saxlayır.

1. “MiQ-21” (SSRİ)

İxrac: 10 000-dən çox
İstifadəyə verildiyi il: 1959
İstehsal sayı: təxminən 11 000
Uzunluq: 14,5 m
Qanad açılımı: 7,2 m
Maksimal uçuş çəkisi: təxminən 9 800 kq
Mühərrik: bir ədəd “Tumanski” R-25 turboreaktiv
Maksimal sürət: 2 175 km/saat/“Mach 2,0”
Uçuş məsafəsi: təxminən 1 210 km
Uçuş tavanı: təxminən 17 500 m
Silahlanma: top, müxtəlif raket və bombalar
Ekipaj: 1 nəfər



Təmiz ixrac həcminə görə “MiQ-21” rəqibsizdir. Ucuz, sadə və möhkəm idi. 60-dan çox ölkə tərəfindən istifadə olunub və Soyuq müharibə dövründə demək olar ki, bütün böyük münaqişələrdə iştirak edib. Qısa uçuş məsafəsi və məhdud avionik kimi çatışmazlıqları olsa da, əlçatanlığı və sadəliyi onu çox cəlbedici edirdi. “MiQ-21” tarixdə ən geniş yayılmış supersəs döyüş təyyarəsi olaraq qalır və bu statusu yəqin ki, heç vaxt itirməyəcək.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Döyüş-təyyarəsi   Dünya   İxrac  


Bizi "telegram"da izləyin