Ordu.az xəbər verir ki, bunu bu gün jurnalistlərlə söhbətində Avropa İttifaqının Ermənistandakı missiyasının rəhbəri Markus Ritter missiyanın davam etdirilməsinin Ermənistan hökuməti ilə müzakirə olunub-olunmadığı və fəaliyyətin dəyişdirilmiş formatda həyata keçirilib-keçirilməyəcəyi barədə suala cavab verərkən deyib.
Ritter qeyd edib ki, Aİ missiyasının gələcəyi, o cümlədən müşahidəçilərin sülh sazişi ratifikasiya edildikdən sonra Ermənistanda qalıb-qalmayacağı məsələsi Ermənistan hökuməti ilə müzakirə edilməyib.
Missiyanın sülh sazişindən sonra TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsinə qoşulub-qoşulmayacağı barədə suala cavab olaraq Ritter deyib: “Mümkün variantlar haqqında danışa bilmərəm, bu məsələ mənimlə müzakirə olunmayıb. Yaydan sonra Avropa İttifaqı Ermənistan hökuməti ilə gələcək planları müzakirə edəcək, lakin bu məsələ hələ gündəmdə deyil”.
O qeyd edib ki, Ermənistana gəldiyi vaxt sərhəd boyunca ciddi gərginlik hökm sürürdü, atışmalar baş verirdi və hətta hərbçilər arasında itkilər var idi.
“Olduqca çətin dövr idi. Sərhədyanı ərazilərdə yaşayan əhali yaxın zamanda yeni və açıq münaqişənin baş verəcəyindən qorxurdu. Lakin bu baş vermədi. Buna görə deyə bilərəm ki, missiya nəticə verdi. İndi vəziyyət sakitdir və bu, hər iki tərəfə danışmaq və qalan problemləri həll etməyə çalışmaq üçün vaxt və imkan yaradır.
Missiya əvvəlcə 40 nəfərdən ibarət idi, indi isə 210 nəfərdir. Bizi kifayət qədər yaxşı qarşıladılar və yerli hakimiyyət orqanları ilə səmərəli əməkdaşlıq qurduq. Hesab edirəm ki, missiya uğurlu oldu və bu, təkcə mənim üçün deyil, Ermənistan üçün də uğur hekayəsidir”, - deyə Ritter sözlərini yekunlaşdırıb.
Alpər Mövludoğlu
Ordu.az