Erməni politoloq: “Nikol Qarabağı necə təhvil verdisə, Ermənistan ilə də eyni şeyi edəcək”

2026/02/1770965778.jpg
Oxunub: 314     12:32     13 Fevral 2026    
“Paşinyanın 2027-ci ilin payızından etibarən Ermənistanın sərhəd məntəqələrində “təmassız keçid” yollarının fəaliyyət göstərəcəyi və bunun üçün ABŞ-nin dəstəyinə ehtiyac duyulduğu barədə bəyanatı İlham Əliyevin növbəti tələbinin icrasıdır”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Qaqik Hambaryan deyib.

“İlha Əliyev bəyan etmişdi ki, Zəngəzur dəhlizindən keçərkən Azərbaycan vətəndaşları və Azərbaycan yükləri erməni sərhədçisi ilə təmasda olmamalıdır. Mən son texnologiyaların tətbiq edilməsinin çox tərəfdarıyam, bu normaldır, biz geridə qalmamalıyıq. Amma məsələ burasındadır ki, bizimlə də eyni formatda rəftar edilməlidir. Əgər sən guya insanları və yükləri yoxlamaq üçün insanın yerinə süni zəka qoyursansa, amma qarşı tərəf Ermənistan vətəndaşlarına və onların sənədlərinə toxunacaq, əl vuracaq canlı adamlar oturdursa, bununla kimə nəyi sübut etmək istəyirik? Bu, İlham Əliyevin tələbinin yerinə yetirilməsidir”, - deyə o bildirib.

Erməni politoloq qeyd edib ki, ABŞ vitse-prezidenti Vens İrəvanda Paşinyanın piarı ilə məşğul olduğu bir vaxtda, ABŞ korporasiyalarının rəhbərləri Bakıda İlham Əliyevlə danışıqlar aparırdılar.

“Bu, iqtisadi əməkdaşlıq baxımından ABŞ-nin Azərbaycan və Ermənistan arasında kimə üstünlük verdiyinin aydın göstəricisidir. Əgər həmin Vens və ya ABŞ Ermənistana investisiya qoymaqda o qədər maraqlı idilərsə, bəs niyə o dünyaşöhrətli təşkilatların nümayəndələri Ermənistana gəlmədilər? Ermənistan amerikalılar tərəfindən Bakıya öz minnətdarlıqlarını bildirmək üçün bir “mal” kimi istifadə olunacaq”, - deyə Hambaryan bildirib.

O vurğulayıb ki, Nikol Paşinyan Azərbaycan tərəfindən Ermənistan qarşısında qoyulan bütün tələbləri yerinə yetirir və bu, hazırkı sülhün qiymətidir.

“Xalqımız başa düşməlidir ki, atəş açılmırsa, bunun bədəlini biz ödəyəcəyik. Bu bədəl isə Nikolun açıq şəkildə izah etdiyi kimi, o olacaq ki, Zəngəzur dəhlizinə biz nəzarət etməyəcəyik. O, ordu xərclərini ixtisar edir, konstitusiyanın dəyişdirilməsi istiqamətində konkret addımlar atırlar. Hələ bircə şeyi etməyiblər, amma Nikol yenidən seçilsə, onu da edəcəklər: 300-400 min azərbaycanlı gəlib Ermənistanda məskunlaşacaq.

Əgər biz özümüzə lazım deyiliksə, heç kimə də lazım deyilik, bizi xırdalayacaqlar. Qərb bizimlə çox səmimidir. Onlar Ermənistanı Rusiyadan qurtarmaq üçün hər şeyi edirlər, amma demirlər ki, rusları buradan çıxarırıq, əvəzində alternativ təklif edirik, məsələn, rus hərbi bazasının əvəzinə öz hərbi bazalarımızı gətirib Gümrüdə yerləşdirəcəyik. Ruslar pisdir, mən bunu qəbul edirəm, bu, bir faktdır. Vensin səfərindən sonra Rusiya xarici işlər nazirinin müavininin sızıldayaraq Nikoldan onları “Tramp yolu”nun bir hissəsi kimi qəbul etməsini yalvarması mənim üçün iyrənc idi. Nikol Qarabağı necə təhvil verdisə, Ermənistan ilə də eyni şeyi edəcək”, - deyə Hambaryan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hambaryan   Ermənistan  


Bizi "telegram"da izləyin