Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın “İz.ru” nəşri yazıb.
Nəşrə görə, səfər zamanı vitse-prezidenti dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Ceykob Helberq müşayiət edib.
“Maraqlıdır ki, ABŞ-nin danışıqlar qrupu bu səfər üçün zəmini kifayət qədər erkən hazırlayıb: Vaşinqton komandası İrəvana vaxtından əvvəl gələrək paytaxtdakı “Armenia Marriott” otelinin bütün bir mərtəbəsini tutub. Səfər zamanı əsas diqqət strateji nüvə əməkdaşlığına yönəldilib. Vens və Paşinyan arasındakı danışıqlardan sonra Vaşinqton və İrəvan nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar.
Eyni zamanda, ABŞ vitse-prezidentinin hazırkı səfəri aydın bir tarixi kontekst daşıyır. İkitərəfli münasibətlər tarixində ilk dəfədir ki, bu səviyyəli bir rəsmi şəxs Ermənistana səfər edir. Belə bir diplomatik fəallıq region üçün görünməmiş bir hadisə kimi qiymətləndirilir və Ağ Evin Cənubi Qafqazdakı yeni prioritetlərini aydın şəkildə ortaya qoyur”, - deyə nəşr bildirib.
MQİMO-nun Beynəlxalq münasibətlər və Rusiya xarici siyasəti kafedrasının professoru Boris Martinov “İz.ru”ya açıqlamasına bildirib: “Qısaca desək, əsas maraq Cənubi Qafqaz ölkələrini Rusiyanın nüfuz dairəsindən uzaqlaşdırmaq, regionu Rusiyadan qoparmaq və bəlkə də onun üçün daha bir qaynar nöqtə yaratmaqdır”.
Ekspert qeyd edib ki, ümumilikdə Cənubi Qafqaz ölkələri mühüm geostrateji əhəmiyyət kəsb edir və amerikalıların fəaliyyət məntiqi məhz burada gizlənir.
“Müzakirələrə Ermənistanın KTMT-dən və ehtimal ki, Avrasiya İqtisadi Birliyindən (AİB) tamamilə çıxarılması, onun Avropa İttifaqı ilə daha sıx əlaqələrə və sazişlərə sövq edilməsi də daxil ola bilər. Bununla yanaşı, ABŞ Vensin səfərinin mərkəzi nöqtəsi olan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) (Zəngəzur dəhlizi-red.) layihəsi vasitəsilə regionda öz nüfuzunu genişləndirmək niyyətindədir. Layihənin rəsmi məqsədi “Ermənistan və Azərbaycanın rifahını və təhlükəsizliyini möhkəmləndirmək, həmçinin Amerika ticarətini inkişaf etdirməkdir”. ABŞ tərəfinin baxış bucağına görə, bu marşrut Cənubi Qafqazdakı ticarət və enerji zəncirlərini Rusiya və İrandan yan keçməklə kökündən yenidən qurmaq, Asiya ilə Avropanı birləşdirmək üçün nəzərdə tutulub. Tranzit funksiyasından başqa, TRIPP layihəsi Birləşmiş Ştatların mühüm xammal axınına nəzarətini təmin etmək məqsədi daşıyır. Bu layihə Mərkəzi Asiyadan uran, mis, qızıl və nadir torpaq elementlərinin ixracına kömək etməlidir”, - deyə KİV vurğulayıb.
Dünya Hərbi İqtisadiyyatı və Strategiyası İnstitutunun direktor müavini Nikolay Novik “İz.ru”ya bildirib ki, TRIPP-in işə salınması faktiki olaraq Cənubi Qafqazı “geosiyasi dalandan” Orta Dəhlizin mərkəzi qovşağına çevirir. Ekspert vurğulayıb: “Gözlənildiyi kimi, TRIPP-in inteqrasiyası Mərkəzi Asiyadan Avropaya malların çatdırılma müddətini 18 gündən 12 günə qədər qısaldacaq. Bu layihə Azərbaycan-Ermənistan-Naxçıvan-Türkiyə marşrutu üzrə fasiləsiz dəmir yolu və avtomobil əlaqələri yaradır və Gürcüstandan keçən daha uzun marşrutları yan keçir”.
Rusiya Hökuməti yanında Maliyyə Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsinin dekanı Pavel Seleznyovun fikrincə, bu yeni nəqliyyat marşrutu həm Rusiyadan keçən Şimal dəhlizinə, həm də İrandan keçən potensial marşrutlara alternativ olacaq və Türkiyənin NATO-nun cənub cinahının əsas paylayıcı mərkəzi kimi mövqeyini daha da gücləndirəcək. Seleznyov qeyd edib: “TRIPP layihəsinin ABŞ-nin idarəçiliyi altında həyata keçirilməsi Rusiya üçün həm iqtisadi, həm də müdafiə sahələrinə təsir edən bir sıra çətinliklər yaradır”.
KİV yazıb ki, Vaşinqtonun bu strategiyası Moskva tərəfindən diqqətdən kənarda qalmayıb. Rusiya Xarici İşlər nazirinin müavini Mixail Qaluzin bildirib ki, Rusiya artıq TRIPP layihəsində iştirakla bağlı öz mövqeyini “rezervasiya” edib. Onun sözlərinə görə, Rusiya tərəfi İrəvandakı tərəfdaşları ilə məsləhətləşmələr aparmağa hazırdır.
“Vurğulamaq lazımdır ki, regional kommunikasiyaların açılması istiqamətində işlərin böyük hissəsi Rusiya, Azərbaycan və Ermənistan arasında Baş nazir müavinləri səviyyəsində üçtərəfli əməkdaşlıq formatı çərçivəsində görülüb. Bundan əlavə, Rusiyanın regionun infrastrukturundakı mövqeyi fundamental olaraq qalır. Qaluzin vurğulayıb: “Region Rusiya dəmir yolu xətlərindən istifadə edir. Sərhədçilərimiz İran-Ermənistan sərhədində yerləşir. Həmçinin Ermənistanın AİB-ə üzvlüyünü də nəzərə almaq lazımdır. Bu şəraitdə aydındır ki, tərəfdaşlarımız Rusiya olmadan hərəkət edə bilməzlər”, - deyə müəllif bildirib.
Eyni zamanda, Novik vurğulayıb ki, AİB və KTMT-nin üzvü olan Ermənistanın öz ərazisinin bir hissəsini idarə etmək hüququnu xarici şirkətə verməsi vahid iqtisadi məkanda “ekstraterritorial idarəetmə” üçün presedent yaradır. “Vaşinqton çərçivəsi” hələ 2025-ci ilin yayında Donald Trampın iştirakı ilə keçirilən sammitdə yaradılsa da, layihənin icrası hələ də siyasi maneələrlə üzləşir. Əsas maneə kimi Azərbaycanın İrəvandan konstitusiya müddəalarını dəyişdirməsi tələbi qalmaqdadır. Bununla belə, Vensin hazırkı səfəri göstərir ki, Vaşinqton bu məsələni başa çatdırmaq və Cənubi Qafqazın logistika xəritəsini qəti şəkildə yenidən formalaşdırmaq niyyətindədir.
Alpər Mövludoğlu
Ordu.az